Sabahdan Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır

0

Yanvarın 24-dən etibarən Bakı-Ağdam istiqamətində şəhərlərarası müntəzəm avtobus marşrutları fəaliyyətə başlayacaq.

İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki, avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək, işğaldan azad olunmuş ərazilərə gedib orada qədim yurd yerlərimizi, 30 ilə yaxın törədilən erməni barbarlığını, qəhrəman Azərbaycan əsgərinin qazandığı Şanlı Qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilərlər.

Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı (https://yolumuzqarabaga.az/) vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti 9,40, Bərdə-Ağdam marşrutunun qiyməti isə 5 manatdır. Yerlər məhduddur.

Sistemdə vətəndaşlar “ASAN login” sistemi vasitəsilə qeydiyyatdan keçdikdən sonra bilet alışı üçün istiqamət seçimi edir, səfər tarixini seçir və səfərdə neçə nəfərin iştirak edəcəyini müəyyənləşdirir. Bundan sonra vətəndaşlar mövcud reyslərdən hər hansı birini seçərək, növbəti səhifəyə yönləndirilir. Növbəti səhifədə, vətəndaş mail ünvanını, şəxsiyyət vəsiqəsinin seriyasını, fərdi identifikasiya nömrəsini və mobil nömrəsini daxil edir. Bu zaman, şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır, şəxsin şəhid ailəsi olub-olmaması, eyni zamanda, COVID-19 vaksin və ya immunitet məlumatları yoxlanılır. Növbəti səhifədə, vətəndaş nəqliyyat vasitəsinin məlumatları və hazırda aktiv və alınmış yerlərlə tanış olur. Aktiv yerlərdən birinin üzərinə klikləyərək, səfər edəcək şəxsləri seçir. Növbəti səhifədə seçilmiş məlumatlarla tanış olduqdan sonra, ödəniş mərhələsinə keçid edilir. Ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilir. Ödəniş uğurlu olduqdan sonra vətəndaş portala yönləndirilir və bilet məlumatları ilə tanış olur. Bilet məlumatları həm endirilə, həm də çap edilə bilər.

Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.

Qeyd edək ki, Azərbaycan Respublikasının inzibati rayonu olan Ağdam 1930-cu il avqustun 8-də yaradılıb. Relyefi əsasən düzənlik, qismən dağlıq olan bu rayon Azərbaycanın qədim, füsunkar təbiətli torpağı Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.

Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsi 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ərazisi 1094 kvadratkilometr olan Ağdamın 77,4 faizi, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Ağdamda həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı 6 mindən çox insan şəhid, minlərlə insan əlil olmuş, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın digər bölgələrində məskunlaşmışdır.

2020-ci il noyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 30 illik həsrətə son qoyub və Ağdam bir güllə atılmadan düşmən tapdağından təmizlənib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »