Yaponiyada fəaliyyət göstərən diaspor təşkilatımız 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

0

Tokioda fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yapon və ingilis dillərində bəyanat yayıb.

İctimairey.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə agentliyin Yaponiyadakı bürosuna Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər məlumat verib. Bildirib ki, Yaponiyanın dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, beyin mərkəzlərinə və KİV-lərə göndərilən bəyanatın yayılmasında əsas məqsəd Yaponiya ictimaiyyətini 32 il əvvəl sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi cinayət barədə obyektiv məlumatlandırmaqdır.

Bəyanatda qeyd edilir ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, buna demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik arzusunda olan Azərbaycan xalqının iradəsini qırmaq idi. Əliyalın əhaliyə qarşı törədilən bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan hiyləgər planın tərkib hissəsi idi. Həmin vaxt keçmiş Sovet İttifaqının rəhbəri olan Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda və Azərbaycanın rayonlarında “erməni kartı”nı işə salmış, xüsusi xidmət orqanları tərəfindən törədilən təxribatlardan istifadə etmişdi.

Keçmiş sovet rəhbərliyinin cinayətkar siyasətinin mahiyyətini faciə zamanı həlak olanlar barədə məlumatların təhlili də təsdiq edir. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda və rayonlarda həyata keçirdikləri qırğınlarda 140-dan çox insan öldürülüb, 700-dən çox insan yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulub, həkimlər qətlə yetirilmişdi.

Bildirilir ki, həmin vaxt Azərbaycan paytaxtında və rayonlarda baş vermiş faciəvi hadisələr həm də milli-azadlıq uğrunda mübarizənin qəhrəmanlıq səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olub. Bu hadisələr faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin unudulmaz səhifəsidir.

Vurğulanır ki, ümummilli lider Heydər Əliyev bu qanlı hadisələr vaxtı həyatını təhlükəyə ataraq Azərbaycan SSR-in Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək baş verən faciədə keçmiş Sovet İttifaqının və Azərbaycan rəhbərliyinin günahkar olduğunu bəyan etmişdi.

Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra da bu məsələni yenidən gündəmə gətirmiş, 20 Yanvar hadisələrinin siyasi və hüquqi qiymətini alması üçün ciddi addımlar atmışdı. Məhz Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü elan olunmuşdu.

Bəyanatda xüsusi vurğulanır ki, 20 Yanvar şəhidlərinin uğrunda canlarını verdiyi amallar, arzular Azərbaycan xalqının mərdliyi, apardığı mübarizə nəticəsində həyata keçib. Azərbaycan nəinki müstəqil dövlətə çevrilib, həmçinin qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızı azad edib. Bu, şəhidlərimizin xatirəsinə ən layiqli hədiyyədir.

Həmçinin bəyanatda qeyd edilir ki, Azərbaycan rəhbərliyi 20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.

Bildirilir ki, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı salnaməsinə çevrilib. Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli birliyimizin rəmzi kimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olaraq qalacaqdır.

Vüqar Ağayev

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »