Bir neçə gün istirahət etmək gərgin iş yorğunluğunun qarşılığında gözəl bir hədiyyədir. Lakin tətil günləri başa çatmaqdadır və bundan sonra iş mühitində tez-tez qarşılaşdığımız çətinliklərdən biri olan işə yenidən adaptasiya problemi ilə üzləşirik.
Bəs tətildən sonrakı ilk iş günü daha rahat keçirmək üçün nələrə diqqət etməliyik?
“Özümüzün və ya ətrafımızda olan insanların ən çox gileyləndiyi məsələlərdən biri olan adaptasiya problemi bir çox hallarda işdə qısa və ya uzunmüddət ərzində öz mənfi təsirlərini göstərə bilir. İstirahət sonrası bəzi insanlarda psixoloji və fiziki narahatlıqlar hiss oluna bilir. İlk iş günü adətən həmin şəxslər üçün yorğunluq, işə adaptasiya ola bilməmə, motivasiya düşkünlüyü, əsəbilik, səbrsizlik, yuxu, qida pozuntusu və digər əlamətlər müşahidə olunur.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva söyləyib.
T.Paşayevanın sözlərinə görə, bayram tətilindən sonra yenidən işə adaptasiya problemi və ya digər adı ilə tətil sindromu təkcə ölkəmizdə deyil, bütün dünyada sıx qarşılaşılan hallardan biridir. Aparılan araşdırmalar və müşahidələr göstərir ki, bayram tətilindən yenidən çalışan şəxslərin 70-80 faizi tətil sindromu ilə üzləşirlər. Bu sindromu aradan qaldırmaq, iş mühitinə və komandaya yenidən adaptasiya olmaq üçün bir neçə məqamlara diqqət edilməlidir.
İlk öncə özümüzü psixoloji olaraq hazırlamağa cəhd etməliyik. Tətilin son günləri artıq iş abu-havasını xatırlamaq, ona uyğun planlar qurmalıyıq. Buna görə ən birinci yuxu və qida rejiminə fikir verilməlidir. Bayram günlərindən daha gec yuxudan oyanmaq, qida saatlarını dəyişmək nəticəsində yuxu və qida rejimimiz də dəyişikliklər baş verib. Bunun yenidən əvvəlki vəziyyətə qayıtması zamanı yarana biləcək narahatlıqları daha qısa zamanda dəf etmək üçün qeyd etdiyimiz məqamlara diqqət etməliyik.
İşə döndükdən sonra ilk günlərdə bütün işləri qısa zamanda həll etməyə çalışmayın. İlk həftə ərzində işdə planlı və daha az yüklə çalışmaq lazımdır. Əks halda tətil zamanı əldə edilən enerji və müsbət emosiyalar ən qısa zamanda yox ola bilər.
Üzərində çalışdığınız işləri aramla və mərhələləli şəkildə etməyə cəhd edin. Bir qayda olaraq ilk iş günləri əvvəlki günlərlə müqayisədə daha az iş olduğunu görürük. Məhz bu məqamlarda işləri fasilələrlə etmək, fasilələr zamanı az vaxt aparan hobbilərlə məşğul olmaq yarana biləcək çətinliklərin aradan qaldırılmasına yardımçı olacaqdır.
Həmsöhbətimiz əlavə edib ki, qeyd etdiyim amillərə diqqət edərək həm yarana biləcək narahatlıqlar az hiss ediləcək, üzərinizdə olan psixoloji gərginlik daha qısa zamanda aradan qalxacaq və iş mühitinə yenidən adaptasiya olmasına kömək olacaqdır.
Bunlardan savayı daha bir neçə məqamlar vardır ki, onları yerinə yetirməklə həm tətil sindromunu üzərinizdən ata bilər, həm də tətil abu-havasını yaşaya bilərsiz.
İşə adaptasiya olmaq üçün müsbət fikirlər düşünün. Əlbəttə bəzi çalışanlar bayram tətilinə qədər bitirə bilmədiyi işləri bayramdan sonra qaldığı üçün daha çox əziyyət çəkir, stress yaşayır. Bu çətinliklərin aradan qalxması üçün həmin işlərin yekunlaşması üçün son tarixlər müəyyən edin və hər bir işin icrasını zamanlı, növbəli şəkildə yerinə yetirin. Ən əsası çalışdığınız sahəni sevərək işləməyə çalışın. O zaman siz daha aktiv və məhsuldar olacaqsınız.
İş sonrası və həftəsonları tətili xatırladacaq fəaliyyətlərlə məşğul olmaq insanları daha müsbət nəticələr verir. Müşahidələr göstərir ki, işdən sonra və həftəsonları maraqlı, əyləncəli tədbirlərə qatılmaq, dostlarla zaman keçirmək, gəzintiyə çıxmaq və digər məşğuliyyətlər yarana biləcək gərginliyin azalması, aradan qalxması üçün düzgün vasitələrdir.