Süni zəka dövründə siyasi dialoqun strateji təyinatı – MÖVQE

Dünyanı bürümüş müasir qlobal tendensiyaların təsiri altında ictimai-iqtisadi münasibətlərin əksər sahələri qaçılmaz olaraq yenilənirsə, kim o qərarı qəbul edib ki, siyasi münasibətlər sistemində köhnə üsullarla hələ də sıçrayışlı inkişafa və tutarlı nəticələrə nail olmaq mümkündür? Ehtimal edə bilərik ki, siyasi münasibətlər müstəvisində yaşanan bəzi problemlərin əsl səbəbi də məhz qeyd etdiyimiz məsələdən qaynaqlanır. Yenilənmək üçün özündə güc tapmayanlar qalmaqal və təxribatlara üstünlük verirlər. Eyniliklə incəsənət sahəsində olduğu kimi: səsi və istedadı olmayan gündəm və populyarlıq naminə davamlı olaraq öz adının ətrafında müxtəlif qalmaqallar yaradır.

Qlobal proseslərin təzyiqi altında zorla yeridilən tendensiyaların milli səviyyədə idarə olunması təmin edilmədikdə bu gün müxtəlif məqsədlər üçün sadəcə alət kimi istifadə olunan “süni zəka” sabah artıq özü insanların üzərində manipulyasiyalar aparacaq və əhalinin ictimai-siyasi təfəkkürünü istədiyi “dəyərlərlə” dolduracaq. Müşahidə olunan obyektiv tendensiyalar proseslərin sözügedən səpgidə inkişaf etdiyini xəbər verir. Düşünmək üçün kiçik replika: “internet asılılığı” ifadəsi artıq bütün sosial-psixoloji dərsliklərə daxil olunub. Görünən də odur ki, bu hələ başlanğıcdır.

İstənilən sahənin perspektivliyini və potensialını xarakterizə edən ən tutarlı meyarlardan biri inkişaf tempinin göstəriciləridir. Yəqin ki, qeyd olunan təsbitlə hamı razılaşacaqdır? O zaman sual: ictimai-siyasi münasibətlərin real sahələrindən hansı öz inkişaf templərinə görə süni zəka ilə rəqabətə çıxa bilər? Cavab hətta məktəbliyə bəllidir. Odur ki, İ.Maskın yuxarıda qeyd etdiyimiz qorxuları heç də hansısa fantastik filmindən oğurlanmış süjet deyil. Milyonların, hətta milyardların təfəkkürünü zombilləşdirmək gücünə sahib olan internet texnologiyaları hər birimizin qapısı qarşısındadır.

Sərt rəqabət şəraitində və süni zəka dövründə sadəcə məlumatlılığa arxalanan sistem məğlubiyyətə məhkumdur. Qeyd olunan obyektiv reallıq sahələrin yenilənməsini qaçılmaz edir. Eləcə də siyasətdə, gündəmdə qalmaq üçün sosial şəbəkələr vasitəsilə istifadə olunan yalançı reytinqlər və yalançı təqibçi “ordusunun” faydası çox qısamüddətli olur. İnternet məkanına “sızdırılmış” cəmi bir peşəkar məlumatın nəticəsində istənilən siyasətçinin süni obrazı toz kimi bircə üfürməklə dağılıb itə bilir. Bəli, yalançı reytinqlər və təqibçilər siyasətçiyə populyarlığı hədiyə edə bilər, ancaq inamı, xarizmanı və güvəni əsla yox.

Təsadüfi deyil ki, bəzi “bacarıqlı siyasətçilər” müasir dövrün peşəsi olan blogerlik fəaliyyətinin qaydalarını təqlid etməklə ucuz reytinq ovuna çıxıblar. Bəli, onlardan bəziləri bu üslubun şirin “meyvələrindən” dada bildilər. Ancaq onların bu meyvə yeməyindən cəmiyyət və dövlətə nə faydası var ki? Əksinə, siyasəti qazanc mənbəyinə çevirmək istəyənlər cəmiyyət üçün təhlükə mənbəyidir. Misal üçün müstəqilliyin ilk illərində qəssablıqla cərrahlıq arasındakı fərqi duymayanlar asan qazanc naminə nədənsə daha rahat olduğunu zənn etdikləri siyasətə pənah gətirmişdilər. Sözügedən tendensiyanın ikinci dalğası məhz internetin sürətli inkişaf dövrünə təsadüf edir. Razılaşın ki, kifayət qədər düşündürücü “təsadüflərdir”.

Ehtimal edə bilərik ki, təqribən son 4-5 il ərzində siyasi partiyalar sahəsində müşahidə etdiyimiz iqtidarın müxtəlif təşəbbüslərinin strateji təyinatı da məhz kənardan müdaxilə edilmədən Azərbaycanın siyasi sisteminin təkamül yolu ilə yenilənməsidir. Mövcud istiqamətdə atılan bütün addımlar ölkənin siyasi sisteminin bərkiməsinə xidmət edir. Cəmiyyətdə olan potensialların dövlət və millətin inkişafı naminə səfərbər olunmasını mümkün edən əsas amil siyasətdə sağlam münasibətlər mühitinin mövcudluğudur. Bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşviq olunan siyasi dialoqun strateji təyinatı məhz budur və ölkənin siyasi partiyaları sözügedən mühitinin qorunmasında aparıcı rola malikdir.

Uzun illər ərzində cəmiyyətin parçalanmasına və “seysmik” situasiyaların yaradılmasına xidmət edən, habelə xarici qüvvələrin müdaxiləsinə əlverişli şərait yaradan siyasi partiyalar bu gün təşviq olunan dialoq mühiti sayəsində siyasi və milli həmrəylik rəmzinə çevrilib. Tarixin müasir mərhələsində dövlətlərarası münasibətlərdə yaşanan sərt rəqabəti nəzərə alaraq, konkret ölkədə partiyaların “axsaması” bütün sisteminin inkişafını əngəlləyə bilər. Odur ki, təhlükəli tendensiyaların qarşısını almaqda dövlətin müdaxiləsi labüddür. Siyasi partiyalar özləri dəyişə bilmədiyi halda bu funksiyanı dövlət müəyyən mənada özü icra etməyə məcburdur. Siyasət kimlərinsə xəstə ambisiyalarını təmin etmək üçün yox, dövlət və cəmiyyətin inkişafı naminə cəmiyyətdə olan potensialların səfərbər edilməsi üçün istifadə olunmalıdır. Kiçik örnək: bəzi partiyaların iştirakı ilə sosial şəbəkələrdə yaşanmış Şah İsmayıl Xətai olayı bizlərə onu göstərdi ki, dövlət proseslərin gedişatına müdaxilə etmədiyi hallarda partiyalar rahatlıqla ideoloji təxribat alətinə çevrilə bilir. Yaşanmış bu olay milli ideologiyanın alt qatlarında gizlənmiş zəif nöqtələrin hələ də mövcud olmasından xəbər verir. Bu həmin o zəif nöqtələrdir ki, hər an qərəzli manipulyasiya predmetinə çevrilə bilir. Mənzərəni tam təsəvvür etmək üçün nəzərə almalıyıq ki, internetin alqoritmi statik və sabit vəziyyəti sevmir. İnternetin təsir əhatəsinin şaxələndirilməsi üçün dinamika tələb olunur. İstənilən qalmaqal və təxribat isə həmin o dinamikanı təmin edir.

Düşünməyə dəyər…

 

Politoloq Asif Adil

Comments are closed.

Tərcümə »