Regionun baş bəlasına çevrilmiş SEPAH-ın terrorçu təşkilat elan edilməsi günün ən önəmli xəbərlərindən biridir. Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH/IRGC) milli təhlükəsizlik üçün təhdid mənbəyi kimi tanıyacağını açıqlayıb. Parlamentin qəbul edəcəyi yeni qanuna əsasən, SEPAH-a dəstək vermək, onun fəaliyyətinə kömək etmək və ya bu təşkilatdan maddi fayda əldə etmək cinayət hesab olunacaq. Bu əməllərə görə təqsirli bilinən şəxsləri ömürlük həbs cəzası gözləyə bilər. Qərar xarici dövlətlərin dəstəklədiyi təhlükələrə qarşı mübarizə məqsədilə qəbul edilən yeni qanun çərçivəsində həyata keçiriləcək. Bu qanun Daxili İşlər Naziriliyinə (DİN) xarici dövlətlərlə əlaqəli təşkilatları “xarici güc təhdidi” kimi tanımaq səlahiyyəti verir.
Bu, həqiqətən də regionun geosiyasi mənzərəsini ciddi şəkildə dəyişə biləcək əhəmiyyətli bir addımdır. Böyük Britaniyanın bu mövqeyi Qərbin İranın proksi qüvvələrinə və regional fəaliyyətlərinə qarşı sərtləşən siyasətinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər. Böyük Britaniyanın SEPAH-ı milli təhlükəsizlik üçün birbaşa təhdid kimi tanıması, rəsmi Londonun Tehranla münasibətlərində “qırmızı xətti” keçdiyini göstərir. Bu addım sadəcə diplomatik ritorika deyil, hüquqi müstəvidə reallaşan, Britaniyanın daxili təhlükəsizlik strategiyasının sərtləşdirilməsinin bir hissəsidir.
Britaniya hökumətinin belə bir qalmaqallı qərarı qəbul etməsində bir neçə mühüm amil rol oynayır. İlk növbədə isə Yaxın Şərqdə artan gərginlik fonunda, İranın proksi qüvvələrinin Qərb dövlətlərinin daxilinə sızması və kəşfiyyat/təxribat fəaliyyətləri aparması Britaniya üçün birbaşa çağırış sayılır. İngilis ictimai rəyində İranın “yumşaq güc” alətlərinə qarşı daha ciddi bir nəzarət və hüquqi cəza tədbirlərinin görülməsi tələbi getdikcə daha da aktuallaşır. Bu addım İranın Britaniya ilə diplomatik münasibətlərini daha da zəiflətməklə yanaşı, həm də rəsmi Tehranın Qərbdəki fəaliyyət imkanlarını məhdudlaşdırır, təsir dairəsini daraldır.
İngilis hökumətinin bu addımı, çox güman ki, digər Avropa ölkələri üçün də bir presedent yaradacaq. Avropa İttifaqı (Aİ) daxilində SEPAH-ın terrorçu təşkilat elan edilməsi ilə bağlı uzun müddətdir müzakirə olunan məsələnin praktik formaya keçməsinə İngiltərənin bu qətiyyətli mövqeyi təkan verə bilər. Görünən budur ki, Xamenei rejiminin “xeyir-dua”sı ilə ifrat dərəcədə güclənən SEPAH təkcə region ölkələri üçün deyil, artıq Qərb dünyası üçün də real təhdid mənbəyinə çevrilməkdədir. SEPAH-ın Britaniyada “xarici güc təhdidi” kimi tanınması bu təhlükəni önləməyə xidmət edir.
Bu gedişlə SEPAH yaxın gələcəkdə bir çox ölkələr tərəfindən terror təşkilatı elan edilə bilər. Fars-molla rejiminin hərbi-siyasi strukturunun əsas özəyini təşkil edən SEPAH Cənubi Qafqaz üçün də potensial təhdid mənbələrindən biri sayılır. Azərbaycan da SEPAH-la bağlı gəlişmələri daim diqqət mərkəzində saxlayır. Əli Xameneinin ölümündən sonra SEPAH İrana nəzarəti tam olaraq öz əlinə keçirməyə çalışır. Bu isə İranın normal, adekvat bir ölkəyə çevrilməsini uzun müddətə əngəlləyə bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.