Köçəryana və Sərkisyana məhkəmə qurmaq bizim üçün prinsipial məsələdir

Əlləri xalqımızın qanına batmış erməni faşistlərinin həbsi məsələsi yenidən gündəmə gəlir. Söhbət ilk növbədə Ermənistanın ikinci və üçüncü prezidenti, Xocalı qatilləri Robert Köçəryan və Serj Sərkisyandan gedir. Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı ölkədə məhkəmə sisteminin ciddi islahatlara ehtiyacı olduğunu bildirərək, ikinci prezident Robert Köçəryanın həbs edilməli olduğunu bəyan edib. Onun sözlərinə görə, vətəndaşlar küçədə ondan Robert Koçaryanın niyə hələ də azadlıqda olduğunu soruşurlar. Paşinyan bu sualı cavablandıraraq deyib ki, “Robert Köçəryan həbsdə olmalıdır. Bunu niyə deyirəm? Çünki xalq bunu mənə deyib və bu mandatı mənə verib”. O həmçinin vurğulayıb ki, söhbət yalnız Robert Köçəryandan getmir. “Hamısı həbs olunacaq”, – Paşinyan əlavə edib.

Göründüyü kimi Ermənistanın Baş naziri olduqca önəmli məsələyə toxunub. Ancaq məsələ burasındadır ki, Köçəryan və onun qatil silahdaşları (o cümlədən, Xocalı soyqırımının əsas təşkilatçılarından biri olan Serj Sərkisyan) tək erməni xalqının yox, həm də Azərbaycan xalqının qəddar düşmənidir. Ona görə də bu şəxslər mütləq həbs edilib Azərbaycana təhvil verilməlidir. Lakin Paşinyan bunu bacaracaqmı? Və hazırkı şərtlərdə onların tutulub Azərbaycana təhvil verilməsi mümkündürmü? Robert Köçəryan və Serj Sərkisyanın həbsi və Azərbaycana təhvil verilməsi məsələsi uzun müddətdir ki, həm siyasi, həm də hüquqi müstəvidə müzakirə olunan mürəkkəb mövzudur. Lakin Paşinyanın bununla bağlı hazırkı mövqeyi hələlik yalnız daxili siyasi kontekstə hesablanıb.

Belə ki, Ermənistanın baş nazirinin sabiq prezidentlərə qarşı indiki sərt ritorikası əsasən daxili siyasi mübarizə üçün nəzərdə tutulub. Paşinyan onları “siyasi meyit” və ya “keçmişin qalıqları”, “üçbaşlı müharibə partiyasının liderləri” adlandıraraq, ilk növbədə öz hakimiyyətinin legitimliyini və keçmiş hakimiyyətlərdən kəskin fərqləndiyini göstərməyə çalışır. Lakin Paşinyanın onları həbs etməsi və ya Azərbaycana təhvil verməsi indiki həssas məqamda onun üçün ciddi risklər yarada, daxili sabitliyi poza bilər. Ermənistan cəmiyyətində və siyasi elitasında hələ də güclü təsiri olan bu şəxslərin Bakıya təhvil verilməsi Paşinyan üçün ciddi etirazlara və hakimiyyət böhranına səbəb ola bilər.

Eyni zamanda, məsələnin beynəlxalq hüquq tərəfini və mövcud diplomatik çətinlikləri də nəzərə almalıyıq. Məsələ burasındadır ki, Azərbaycanın bu şəxslərin təhvil verilməsi ilə bağlı tələbləri çoxdan mövcuddur və bu, rəsmi Bakının beynəlxalq platformalarda mütəmadi olaraq gündəmə gətirdiyi bir məsələdir. Lakin onların təhvil verilməsi üçün hal-hazırda bir sıra real maneələr var. Söhbət ilk növbədə ekstradisiya mexanizmlərinin yoxluğundan gedir. Hazırda Ermənistanla Azərbaycan arasında normallaşma və sülh müqaviləsi prosesinin hələ başa çatmaması, eləcə də beynəlxalq hüquq normaları çərçivəsində ekstradisiya üçün hüquqi bazanın (müqavilələrin) mövcud olmaması bu məsələni əngəlləyən əsas maneələr hesab olunur. Ona görə də hazırda belə bir mexanizmin yaradılması və işlək olması üçün hər iki tərəfin siyasi iradəsi vacibdir.

Bu baxımdan, sözügedən müharibə canilərinin Azərbaycana təhvil verilməsi ilə bağlı hələlik heç bir qəti fikir söyləmək mümkün deyil. Paşinyanın onları Azərbaycana təhvil verməsi hazırkı şərtlər daxilində ehtimal olunan bir ssenari kimi görünmür. Çünki Paşinyan hazırda onları daxili siyasətdə zəiflətmək və nüfuzdan salmaq üçün “siyasi rəqib” kimi istifadə edir. Onların Azərbaycana təhvil verilməsi yalnız hüquqi müstəvidə deyil, həm də çox ağır siyasi-geosiyasi nəticələri olan bir qərardır və hazırda belə bir addımın atılması üçün real siyasi zəmin mövcud deyil. Paşinyan ilk növbədə məhz siyasi zəmini hazırlamalıdır. Tərəflər arasında yekun sülh sazişi imzalandıqdan və ekstradisiya müxanizmləri yaradılandan sonra isə köçəryanların, sərkisyanların, ohanyanların, balasanyanların və digər erməni nasistlərinin Azərbaycana təhvil verilməsi üçün yol açılacaq. Biz inanırıq ki, tarixi ədalət gec-tez öz yerini tutacaq. Köçəryana və Sərkisyana məhkəmə qurmaq bizim üçün prinsipial məsələdir. Azərbaycan xalqqının düşmənləri mütləq layiqli cəzalarını almalıdırlar.

Comments are closed.

Tərcümə »