Siyasətdə yeni dövr TƏHLİL

Əgər kimsə düşünürsə ki, hələ də köhnə üsullarla siyasətdə əhəmiyyətli uğur qazanmaq mümkündür, bağışlayın, ancaq həmin insan çox yanılır. Özünəməxsus xüsusiyyətləri olan müasir dövrdə siyasətdə, köhnə üsulların üstünlük təşkil etməsi, sadəcə, dövriyyədə olan yalanın artmasına səbəb ola bilər. Onu da unutmayaq ki, müasir dövrün əsas xüsusiyyətlərindən biri məlumatın əlçatanlığıdır. Burada altından xətt çəkərək əminliklə əlavə edə bilərik ki, sözügedən xüsusiyyət bundan sonra ancaq inkişaf edəcək və bu cür perspektiv qaçılmazdır.

 

 

Sonsuz məlumat bolluğu təkcə rəqəmsal texnologiyaların inkişafına görə yaranmayıb, buna səbəb həm də informasiya məkanında yalanı həqiqətdən ayırd edən “ələyin” olmamasıdır. İnformasiya bolluğu fonunda keyfiyyətli analitikanın kəskin şəkildə azalması isə siyasətin emosiyalardan asılılığını artırır. Bu bir faktdır ki, sosial şəbəkələrin təsiri altında “kütləvi” siyasətdə məntiq, faktlar və dəlillər çılğın emosiyalara uduzur. Yaşadığımız rəqəmsal dövrdə “yalan” sözü sanki universal əxlaq sistemindən çıxarılaraq yanlışlıqla ziyansız hesab olunan “informasiya” sözü ilə əvəzlənib. Müşahidələr göstərir ki, siyasi münasibətlər müstəvisində konkret fərd və kütlə tərəfindən hər hansı bir addımın atılmasını təhrik edən əsas amil məhz yaşanan emosiyadır. Emosiya reallığı təhrif edir, konkret hadisə ilə bağlı yanlış təsəvvürlərin formalaşmasına səbəb olur və əlbəttə ki, emosiya öz-özlüyündə universal manipulyasiya alətidir. Bütün bunlar isə birlikdə radikal meyillərin yayılmasına səbəb olan “parazit” mühit yaradır.

 

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.

 

O bildirib ki, təsvir etdiyimiz mənzərə təhlükəli tendensiyalar yaradır və “siyasəti” təkrarən küçələrə sürükləyir. Daha bədbin perspektivi vəd edən amil isə odur ki, praktik siyasətdə analitikaya müraciət edənlərin sayı ildən-ilə azalır. Analitika idarəetmə prosesindən təcrid olunduqca sistemin yaşanan müxtəlif hadisələrdən, o cümlədən təsadüfi hallardan asılılığı artır, həmçinin xətaların yaranması üçün münbit şərait yaranır. Sözügedən təsbit heç də nəzəri mülahizənin nəticəsi deyil. Misal üçün dünya ölkələrinin siyasi təcrübəsinə müraciət etsək görə bilərik ki, cəmiyyətdə radikal meyillərin artması məhz analitika və fikir kasadlığı yaşanan tarixi dövrlərə daha çox təsadüf olunur. Ən azından ona görə ki, fikir kasadlığı pozitiv ictimai konsensusu əlçatmaz edir, inkarçılıq mədəniyyətinin artmasını isə sürətləndirir. Bəzən cəmiyyətdə yayılan inkarçılıq mədəniyyəti kütləvi paranoyaya çevrilir və situasiya idarəolunmaz səviyyəyə qədər inkişaf edir.

 

Siyasətdə yeni dövr – emosiyalar və informasiya savaşı

 

“Süni zəka proqramları hər gün daha da təkmilləşirsə düşünməyə nə ehtiyac var? Konkret məsələlərin həlli üzrə hazır alqoritmlər varsa özümüzə niyə əziyyət verməliyik? Müvafiq proqramların istifadəsi nəticəsində cəmi bir neçə saniyədə istənilən mövzu ilə bağlı lazımi mətn hazırlanırsa təhlil və araşdırmaların aparılmasına nə ehtiyac var? İnternet varsa kitabxanalar nəyə lazımdır? Elektron məlumat bazaları hər saniyə daha da zənginləşirsə analitik hesablamalara nə ehtiyac var? Sosial şəbəkələr kütlənin “mənəvi tələbatlarını” ödəyirsə qorunması hər il daha da çətinləşən canlı mədəniyyət və incəsənət müəssisələrinə nə ehtiyac var? Hər kəsi düşündürə biləcək analoji sualların sırasını rahatlıqla artıra bilərik. Bəli, müşahidə olunan mürəkkəb transformasiya prosesləri fonunda bu gün konkret sahələr öz mövcudluğu uğrunda acımasız mübarizə aparır. Beləliklə, öz aktuallığını qorumaq üçün sahələrin yenilənməsi və format olunması qaçılmazdır. İctimai münasibətlərin siyasət sahəsi bu mənada heç də istisna təşkil etmir. Əksinə, cərəyan edən prosesləri nəzarətdə saxlamaq və təhlükəli tendensiyaların qarşısını almaq üçün siyasət dəyişikliklərin önündə getməlidir. Əks təqdirdə siyasət inkişafı çətinləşdirən ağır “əyləcə” çevrilə bilər”, – deyə A.Adil diqqətə çatdırıb.

 

Politoloqun fikrincə, onu da etiraf etməliyik ki, siyasətdə hədəflərin məzmunu əsasən dəyişmir. Əsrlər öncə klassik müəlliflər tərəfindən siyasət ilə əlaqədar yazılmış əsərlərin müasir dövrümüzə qədər aktual qalması faktı bir çox məsələlərdən bizə xəbər verir. Hədəflər dəyişməsə də istifadə olunan üsulların yenilənməsi artıq labüddür. Fəlsəfi baxımından “inkişaf” ilə “tənəzzülün”, həmçinin yenilik ilə mühafizəkarlığın da ideoloji mübarizəsi məhz sözügedən nöqtədə baş verir. Siyasətdə, xüsusilə də böyük siyasətdə informasiya amilinin əhəmiyyətini heç kəs kiçildə bilməz. Buna baxmayaraq, yaşadığımız rəqəmsal texnologiyalar dövründə informasiyanı idarə etmək ovucda su daşımaq kimidir: sızıntı və itkilər qaçılmazdır. Dəyişiklik və yeniliklərin önündə getməyi bacarmayan siyasət yönəldilən, situativ və inersiyalı olacaqdır. Hadisələrin önündə, bəzən isə milli maraqlar naminə hətta axına qarşı getməyi mümkün edən strateji amil dövlətin müstəqil siyasət aparmaq bacarığıdır. Bunu etmək yalnız zərgər dəqiqliyi ilə hesablanmış strategiyanın, habelə peşəkarlıq və prinsipial iradənin bir arada olması nəticəsində mümkündür. Mövcud kontekstdə Prezident İlham Əliyevin siyasətində bütün dövrlərdə “qırmızı” xətt kimi izlənilən vacib keyfiyyəti mütləq yada salmalıyıq. Belə ki, dövlət başçısı öz çıxışlarında davamlı inkişafı təmin edən strateji resurs kimi məhz dövlətin müstəqil siyasət aparmaq qabiliyyətinin dayandığını dəfələrlə vurğulamışdır. Bu mənada dövlətin müstəqil siyasət aparmaq bacarığı mütləq suverenliyin meyarı kimi qarşımızda çıxış edir.

 

İnformasiya bolluğu və analitikanın zəifləməsi

 

“Prezidentin “Əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin” – sözləri, əslində, bütün potensialın səfərbər olunması ilə bağlı hökumət və cəmiyyətə yönəlmiş açıq çağırışdır. Müstəqil siyasətin aparılmasını mümkün edən əsas amillərdən biri isə məhz güclü fərdlər olan cəmiyyətdə yaşanan həmrəylik mühitidir. Əlbəttə ki, bu cür yanaşma həm idarəçilik sistemində, həm cəmiyyətin siyasi təfəkküründə məzmun etibarilə dəyişikliklərin baş verməsini labüd edir.

 

“Müstəqillik” məfhumu hər bir vətəndaş üçün siyasi dəyərə çevrilməli, həmçinin milli ideologiyamızın fəlsəfi məzmununu müəyyən edən əsas anlayışlarından biri olmalıdır. Yalnız bu halda cəmiyyət və dövlətin potensialı eyni hədəfə xidmət edəcəkdir. Əks təqdirdə mövcud potensial kənardan zorla yeridilən süni münaqişə və çətinliklərin həllinə yönələcək, bununla da inkişaf prosesi ən yaxşı halda dondurulacaqdır. Beynəlxalq münasibətlər sistemində geniş tətbiq olunan “ikili standartlar” siyasəti, müşahidə olunan davamlı təzyiqlər, manipulyasiyalar və informasiya təxribatları tədricən konkret dövlətdə müdafiə olunmaq strategiyasının üstünlük təşkil etməsinə gətirib çıxara bilər. Müdafiə strategiyası üstünlük təşkil edən yerdə isə davamlı inkişafı təmin etmək olduqca çətin vəzifəyə çevrilir”, – deyə politoloq əlavə edib.

 

“Müstəqillik” məfhumunun milli təfəkkür və dəyərlər sistemində prioritetə çevrilməsi vəzifəsinin hər hansı bir sərəncamın qəbulu ilə icra oluna bilmədiyini diqqətə çatdıran Asif Adil mövcud məsələdə həlledici proseslərin ideoloji müstəvidə aparılmasının vacibliyini vurğulayıb. “Məhz ideoloji alətlər vasitəsilə “müstəqillik” məfhumuna lazımi məzmun və çalarların qatılması mümkündür. Müstəqillik hissi milli təfəkkürdə tam mənasında yaşanmayana qədər, hətta 100 il keçsə belə SSRİ dövrünü isti simpatiya hissləri ilə yada salan insanlar olacaqdır. Bu cür fikirlərə görə tənqid etməyə tələsənlərə demək istərdik ki, mövcud yanaşma əsla kiməsə və ya nəyəsə qarşı olan mövqeyin nümayişi deyil. Sözügedən mövqe müstəqilliyi milli dəyər kimi tərənnüm edən yanaşmanın təzahürüdür. Həmin dövrlə əlaqədar hər hansı bir xatirələrin yaşanması təbii və normaldır, ancaq heç bir şəxsi xatirə, uğrunda qurbanlar verdiyimiz müstəqillikdən üstün ola bilməz. Gələcək nəsillərə miras olaraq keçmişlə bağlı olan xatirələrimizi yox, qazandığımız, qoruya və inkişaf etdirə bildiyimiz müstəqilliyi saxlamalıyıq.

 

Siyasət köhnə üsullarla idarə oluna bilməz

 

Mövcud konteksti inkişaf etdirərək ehtimal edə bilərik ki, Prezident İlham Əliyev öz çıxışlarında “yeni siyasi konfiqurasiya”dan danışan zaman, sadəcə, hansısa yeni strukturun inşa olunacağına işarə etmir. Burada, ilk növbədə, söhbət yeni münasibətlər sisteminin formalaşmasından gedə bilər. Odur ki, dövlət başçısının “yeni siyasi konfiqurasiyası” həm də artıq içində olduğumuz və qaçılmaz hesab olunan transformasiya prosesinin tərkib hissəsidir. Burada hətta onu da əlavə edə bilərik ki, dövlət başçısının təşəbbüsü ilə “yeni siyasi konfiqurasiya”, həmçinin siyasi dialoq mühitinin təşviqi ilə bağlı atılan bütün addımlar dəyişiklik və yeniliklərin önündə getməyi, habelə prosesləri nəzarətdə saxlamağı mümkün edir”, – deyə politoloq qeyd edib.

 

O söyləyib ki, region və dünyada gözlə görə bildiyimiz münaqişə və müşahidə etdiyimiz tendensiyalar qlobal dəyişikliklərin sadəcə üst qatıdır. Beynəlxalq münasibətlərin gələcək arxitekturasını müəyyən edən əsl mübarizə məhz ideoloji müstəvidə aparılır və bu mübarizə heç vaxt dayanmayıb. İdeoloji müstəvi, dünyanın müxtəlif bölgələrində səhnələşdirilən geosiyasi tamaşaların məzmununu müəyyən edir. Müxtəlif dövlətlər isə onlara rəhbərlik edən şəxslərin peşəkarlığı və ya əksinə naşılığı sayəsində həmin tamaşaların ya təhlükəsiz seyrçisinə, ya da ki, aqibətləri özlərindən asılı olmayan məzlum iştirakçısına çevrilir.

 

“Təsvir etdiyimiz mənzərə müstəqil siyasət aparmaq qabiliyyətinin əhəmiyyətini son dərəcədə artırır. Bəli, yeni yanaşma və münasibətlər sisteminin formalaşdırılması mürəkkəb və zaman tələb edən prosesdir. Sözügedən prosesi dönməz edə biləcək əsas ideoloji amillər – milli dövlətçilik təfəkküründə müstəqillik məfhumunun prioritetliyi və dövlətin inkişafı ilə bağlı xalqda sağlam iddianın mövcudluğudur. Fərd, cəmiyyət və dövlət olaraq müstəqil olmağı bacarmalıyıq və müstəqilliyi ali siyasi dəyər kimi qəbul etməliyik. Bunun üçün müstəqilliyin bütün əzəmətini duymağa və yaşatmağa imkan verən hər birimizin ictimai təfəkküründə dövlət və xalqın inkişafı ilə bağlı milli iddia formalaşmalıdır. Əldə etdiyimiz möhtəşəm Qələbəni və heç zaman olmadığı qədər artmış dövlətin beynəlxalq çəkisini gözümüzün önünə gətirərək ehtimal edə bilərik ki, şahidlik etdiyimiz tarixin hazırdakı mərhələsində Prezident İlham Əliyevin siyasətinin fəlsəfəsi məhz həmin milli iddianın formalaşmasına yönəlib”, – deyə Asif Adil əlavə edib.

Comments are closed.

Tərcümə »