Prezident Donald Trampın rəhbərliyi dövründə Ermənistan və Azərbaycan davamlı və uzunmüddətli sülhə nail olmaq istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər

“Avropa ilə Asiyanın qovuşuğunda, həmçinin Rusiya və İranla həmsərhəd olan Azərbaycan mühüm enerji istehsalçısı, nəqliyyat qovşağı və etibarlı təhlükəsizlik tərəfdaşıdır. Ölkə Avropanın enerji müstəqilliyinin möhkəmləndirilməsində, ticarət dəhlizlərinin genişləndirilməsində və mürəkkəb geosiyasi şəraitdə regional sabitliyin təmin olunmasında getdikcə daha mühüm rol oynayır. Bu yaxınlarda Prezident İlham Əliyevlə görüşümüz oldu. Azərbaycandan qayıtdıqdan sonra bir daha əmin oldum ki, ABŞ etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdiyi zaman onun beynəlxalq nüfuzu daha da güclənir”.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin “Newsmax”da dərc olunan məqaləsində yer alan bu fikirlərin erməni revanşist dairələrində və Rusiya-İran şovinistlərində qıcıq doğurması təsadüfi deyil. Arizona ştatını təmsil edən nüfuzlu konqresmenin Bakıya səfəri və onun mühüm bir həqiqəti – Azərbaycanın dünyanın ən mühüm strateji məkanlarından birində yerləşməsi ilə bağlı gerçəkliyi səsləndirməsinin məlum qonşularımız tərəfindən xoş qarşılanmaması gözlənilən idi. Konqresmen Abraham Hamadenin bəyanatı və onun Azərbaycanın strateji əhəmiyyətinə dair vurğularının erməni revanşist dairələri, eləcə də Rusiya və İranın müəyyən şovinist dairələri üçün ciddi narahatlıq və qıcıq mənbəyinə çevrilməsinin bir neçə mühüm səbəbləri var.

Belə ki, ilk növbədə Azərbaycanın regiondakı müstəqil mövqeyini, geosiyasi subyektliyini qeyd etməliyik. Hamadenin Azərbaycanı “etibarlı təhlükəsizlik tərəfdaşı” və “mühüm enerji istehsalçısı” kimi təsvir etməsi, ölkəmizin regionda öz müstəqil siyasətini yürütməsinin təsdiqi kimi qəbul edilməlidir. Bu yanaşma, bölgəni öz nüfuz dairəsi hesab edən Rusiya və İran üçün Azərbaycanın onların diktəsinə boyun əyməyən güclü bir aktor kimi möhkəmlənməsi deməkdir. Eyni zamanda, ölkəmizin enerji və ticarət dəhlizlərindəki rolu da olduqca önəmli amillərdən biridir. Azərbaycanın Avropanın enerji müstəqilliyindəki rolu, xüsusilə “Cənub Qaz Dəhlizi” və ticarət marşrutları, enerji resurslarını və logistikanı təzyiq vasitəsi kimi istifadə etmək istəyən dairələrin (Rusiya və İran) planlarını pozur. Bu, regionda alternativ və müstəqil bir iqtisadi arteriyanın mövcudluğu deməkdir.

Ən önəmli məqamlardan biri isə budur ki, ABŞ-Azərbaycan strateji əməkdaşlığının dərinləşməsi bəlli dairələri, xüsusən də erməni lobbisini ciddi şəkildə narahat edir. Niyə, nə üçün? Çünki erməni revanşist dairələri, illah da ki ABŞ-dakı erməni lobbisi, Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsini özlərinin uzun illər apardıqları anti-Azərbaycan təbliğatına ciddi zərbə kimi qiymətləndirirlər. Bu baxımdan, konqresmenin “ABŞ etibarlı tərəfdaşlarla fəal əməkdaşlıq etdiyi zaman beynəlxalq nüfuzu daha da güclənir” fikri, Azərbaycanın ABŞ üçün vazkeçilməz müttəfiq olduğunu təsdiqləyir ki, bu da erməni diasporunun təsir imkanlarını daraldır.

Eləcə də regional sabitlik və inkişaf faktorunu da qeyd etməliyik. Belə ki, Azərbaycanın 44 günlük müharibədən sonrakı dövrdə yaratdığı yeni reallıqlar regionda sülh və əməkdaşlıq mühitini təşviq edir. İran və Rusiya dairələri isə çox vaxt regional münaqişələrin davam etməsini istəyir. Çünki bu, onların regiondakı “vasitəçilik” və ya “həll edən tərəf” rolunu qorumaq üçün lazımdır. Azərbaycanın güclənməsi isə onların bu ənənəvi təsir imkanlarını sıradan çıxarır. Prezident Donald Trampın rəhbərliyi dövründə Ermənistan və Azərbaycan davamlı və uzunmüddətli sülhə nail olmaq istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər. Bu tarixi irəliləyiş iqtisadi artım, regional sabitlik və uzunmüddətli rifah üçün yeni imkanlar yaradır və bu imkanlar yalnız qalıcı sülh şəraitində tam reallaşa bilər. Azərbaycan isə bu prosesdə aparıcı rol oynayır.

Bütün bu amilləri nəzərə alsaq konqresmen Abraham Hamadenin səfəri və səsləndirdiyi fikirlər sadəcə bir bəyanat deyil, Azərbaycanın regionda “oyun qaydalarını müəyyən edən” gücə çevrilməsinin qlobal miqyasda təsdiqidir. Bu isə, regionda öz hegemonluqlarını qorumağa çalışan, lakin Azərbaycanın uğurlarını qəbul edə bilməyən dairələrin qıcıqlanmasına səbəb olan əsas amildir. Qoy qıcıqlansınlar, lakin enində-sonunda onsuz da yeni reallıqlarla barışmalı olacaqlar. Prezident İlham Əliyevin postmüharibə diplomatiyası regionu sabitlik və inkişaf arenasına çevirməyə hesablanıb.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »