Qəzza zolağının idarə olunmasına nəzarət edəcək Fələstin texnokratik komitəsi Kiprdə Sülh Şurasının nümayəndələri ilə görüşüb.
Musavat.com Sülh Şurasının X hesabında yerləşdirilən məlumata istinadən xəbər verir ki, görüşlər zamanı yenidənqurma və təhlükəsizlik planlarını, eləcə də donorların tələbləri müzakirə edilib: “Son iki gün ərzində Qəzza İdarəetməsi üzrə Milli Komitə (NCAG) Kiprdə Sülh Şurasının, Qəzza üzrə Ali Nümayəndənin Ofisinin və Toni Bler İnstitutunun mütəxəssisləri və üzvləri ilə bir sıra işgüzar görüşlər keçirib. Görüşlər yüksək məhsuldar keçib və Qəzza zolağındakı Fələstin əhalisinin əzablarını yüngülləşdirmək səylərimizin növbəti mərhələsinə yönəlib”.
Komitənin məlumatına görə, Kipr görüşlərinin iştirakçıları Qəzza zolağındakı vəziyyəti yüngülləşdirmək üçün təşəbbüslər və layihələr də daxil olmaqla, “dərhal nə edilə biləcəyinə” diqqət yetiriblər: “Biz yenidənqurma, təhlükəsizlik və idarəetmə planlarını nəzərdən keçirdik və beynəlxalq donorlar tərəfindən tələb olunan şəffaflığı və hesabatlılığı təmin edəcək institusional tənzimləmələri yekunlaşdırdıq. Biz hərtərəfli bir plana sadiqik və müvafiq şərtlər yerinə yetirildikdən sonra NCAG-ın öz vəzifələrini yerinə yetirməyə başlaya bilməsini təmin etmək üçün Sülh Şurası və Ali Nümayəndənin Ofisi ilə əlaqələndirilmiş şəkildə bütün zəruri addımları atmağa hazırıq”.
Sənəddə qeyd olunur ki, Kiprdəki görüşlər “keçən həftə, 23-24 iyun 2026-cı il tarixlərində Qahirədə keçirilən seminarın davamıdır və birlikdə Qəzzanın Fələstin əhalisinə kömək etmək üçün bütün zəruri vasitələri təmin etmək üçün hazırlanmış daha geniş bir prosesin bir hissəsidir”.
Comments are closed.