Zəngilandan verilən mesajlar erməni cəmiyyətinin düzgün yol seçməsi üçün zəmin yaradır

Zəngilandan verilən mesajlar

Və ya Ermənistanı bu gün kimdən qorumaq lazımdır?

Zəngilan şəhərində ilk yaşayış kompleksinin açılışının baş tutması və Prezident İlham Əliyevin həmin yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim etməsi həm Ulu Öndər Heydər Əliyevin doğum günü ilə üst-üstə düşməsi ilə əlamətdar oldu, həm də dövlətimizin başçısının verdiyi önəmli mesajlarla gündəmə öz damğasını vurdu. Həmin mesajları iki qismə bölsək, daxili auditoriyaya ünvanlanan mesajlar doğma yurdlarına köçən soydaşlarımızda qələbə ruhunun möhkəmləndirilməsinə, Qarabağda bərpa-yenidənqurma işlərinin, Böyük Qayıdışın uğurlu nəticələrinin vurğulanmasına və xalqımızın qurucu, sülhsevər xarakterinin mənəvi-ideoloji aspektlərinin qabardılmasına xidmət edirsə, xarici auditoriya üçün nəzərdə tutulmuş ismarıclar da öz-özlüyündə iki istiqamətə hesablanıb.

Belə ki, İkinci Qarabağ müharibəsi zamanı bizə ciddi təzyiqlər göstərən, bu gün isə sülh şəraitində – postmüharibə dövründə Ermənistana gəlib özünü saxta “qəhrəman” kimi göstərən bəzi xarici liderlərə, siyasi boşboğazlara ünvanlanan mesajlar Azərbaycanın gücünü, iradəsini və müstəqil siyasətini nümayiş etdirmək məqsədini güdür. Ermənistan dövləti və ictimaiyyəti üçün səsləndirilən mesajların əsas qayəsi isə bu idi: “Biz istədiyimizə nail olmuşuq. Bizim niyyətimiz işğalı bitirmək idi, amma gücümüzü tanıyın və sülhə üz tutun!”. Kifayət qədər sərt tonu ilə fərqlənən bu mesajlar Ermənistana xəbərdarlıq və Qərbə (Makron Fransasına, ermənipərəst Avropa Parlamentinə, Luis Okampo və Jozep Borrel kimi erməni lobbisinin nökərlərinə və b.) siyasi siqnal məqsədi daşımaqla bərabər, həm də Azərbaycanın psixoloji üstünlüyünün qorunmasına və geosiyasi mövqelərimizin möhkəmləndirilməsinə xidmət edir.

Zəngilan sakinləri ilə görüş zamanı öz çıxışında 30 ilə yaxın davam etmiş işğalın fəsadlarını aradan qaldırılmasının çox çətin proses olduğuna toxunan, torpaqlarımızın erməni işğalçıları tərəfindən minalanmasını, zəhərlənməsini, ekosidə məruz qoyulmasını, eləcə də dünyaca məşhur olan Bəsitçay qoruğunda qədim çinar ağaclarının, Kəlbəcər, Laçın və Zəngilanda meşə örtüyünün böyük bir hissəsinin qəddarcasına məhv edilməsini diqqətə çatdıran dövlətimizin başçısı, ermənilərin bu talançılığının, düşmənçiliyinin, qəddarlığının heç bir əsası olmadan təzahür etdiyini bildirdi. Bəli, Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməyib, onların bizə qarşı bunca nifrətinin nə əsası, nədəki izahı var. Daha doğrusu, biz bu nifrətin, bu qədər hüdudsuz qəddarlığın, düşmənçiliyin mənbəyini tamam ayrı yerdə axtarmalıyıq. Prezident İlham Əliyev haqlıdır, ermənilərin bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar.

Lakin ola bilsin ki, hətta psixiatrlar, təcrübəli həkimlər də “erməni xəstəliyi”nin qarşısında aciz qala bilərlər. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun yazdığı şanlı Zəfər tariximiz göstərdi ki, erməniləri radikal millətçilik, irqçilik, faşizm, türkəfobiya azarından xilas edə biləcək yeganə effektiv vasitə məhz Dəmir Yumruqdur. Bu baxımdan, Prezident İlham Əliyevin bu ismarıcı məhz Ermənistanın revanşist dairələrinə ünvanlanıb: “Biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”. Bu isə o deməkdir ki, Dəmir Yumruğumuz həmişə hazır vəziyyətdədir. Və nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz həmişə ayıq-sayıq olacağıq. Ancaq eyni zamanda, hərbi üstünlüyümüzə baxmayaraq biz hələ ki Ermənistanı dinc vasitələrlə sülhə təşviq edirik.

Dövlətimizin başçısı onu da birmənalı şəkildə qeyd etdi ki, sülhün müəllifi də məhz Azərbaycandır. Bəli, “biz istəməsəydik, sülh olmayacaqdı”. İlham Əliyevin bu ifadəsi Azərbaycanın bölgədə real güc mərkəzi olduğunu göstərir. Yəni ki, sülhün mövcudluğu bilavasitə Azərbaycanın iradəsindən asılıdır. Belə ki, biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Prezident İlham Əliyev çıxışının bu yerində konkret ad çəkmədən Ermənistanın arxasında duranlara yükləndi – nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Söhbət ilk növbədə şübhəsiz ki, məhz Makron Fransasından və Avropanın açıq ermənipərəstlik mövqeyi ilə fərqlənən bəzi digər ölkələrindən gedir. Azərbaycan Prezidenti Ermənistanın həmin havadarlarının acizliyini və boşboğazlığını üzlərinə çırpdı: “Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir”.

Azərbaycan Prezidenti, sözügedən Avropa liderlərinin saxtakar “xilaskar”lığını ifşa etməklə yanaşı, həmçinin sərhədlərimizdə “binokl diplomatiyası” ilə məşğul olan Avropa İttifaqının monitorinq missiyasının üzvlərini də “dırnaqarası müşahidəçilər” adlandırdı: “İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə”.

İlham Əliyev tamamilə haqlıdır və ermənilər (istər Nikol Paşinyan iqtidarı, istərsə də Ermənistanın sağlam düşüncəli ictimai-siyasi fəalları) bu gün Azərbaycan Prezidentinin bu bəyanatının üzərində, əslində, dərindən düşünməli və ciddi ölçü götürməlidirlər. Bəli, Ermənistanı Azərbaycandan qorumağa əsla gərək yoxdur. Çünki Azərbaycan sözün tam mənasıyla real sülh siyasəti yürüdür. Və görünən budur ki, Azərbaycan bu gün Ermənistanın təhlükəsizliyinin bir nömrəli qarantıdır. Bu kontekstdən çıxan məntiqi nəticə isə budur ki, Ermənistanı bu gün ilk növbədə Fransanın özündən qorumaq lazımdır, eləcə də Rusiyadan qorumaq lazımdır, İrandan qorumaq lazımdır və ən nəhayət, qlobal erməni lobbisindən qorumaq lazımdır. Çünki bu gün Ermənistana ən böyük ekzistensial və ya praktik təhlükə məhz sözügedən subyektlərdən qaynaqlanır. Həmçinin Ermənistanı revanşizmə təşviq edənlər də, Paşinyanı seçki yoluyla devirib radikal millətçiləri hakimiyyətə gətirmək və Cənubi Qafqazı yenidən qan çanağına döndərmək istəyənlər də göz qabağındadır. Erməni xalqı bu həqiqəti dərk edə bilsə, Ermənistanın gerçək düşmənlərini tanıya biləcək və bizə qarşı əsassız nifrətdən əl çəkəcək, Azərbaycanla sülh yolunu seçəcək. Zəngilandan verilən mesajlar erməni cəmiyyətinin düzgün yol seçməsi üçün zəmin yaradır.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »