Hazırda İran ətrafında ABŞ-ın onlarla aviadaşıyıcısı, esminetsi və hərbi təyyarələrinin toplandığı və onların hər an hücuma başlaya biləcəyi kritik bir məqamda rəsmi Tehranın diplomatiyanın yeganə çıxış yolu olduğunu dərk edərək danışıqlara hazır olduğunu bildirməsi molla rejiminin reallıqla hesablaşmağa başladığını göstərir. Bəli, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamaq qərarını verməsi qətiyyən istisna edilmir. ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ ordusu Yaxın Şərqdə savaşa tam hazır vəziyyətə gətirilib. Trampın bu addımı İrana qarşı açıq hərbi güc nümayiş etdirilməsi ilə yanaşı, həm də dolayısı yolla siyasi mesaj və diplomatik təzyiq üsuludur. ABŞ lideri İranı bu qədər sərt şəkildə təhdid etməklə molla rejimini ləngimədən danışıqlar masasına qaytarmağı, nüvə proqramına nəzarətlə bağlı yekun razılaşma əldə etməyi və İranı Ağ Evin cızdığı yeni dünya düzəninə uyğunlaşdırmağı hədəfləyir.
ABŞ-ın ən güclü hərbi-dəniz qüvvələrinin İran hüdudlarında cəmləşməsi molla rejiminə açıq mesajdır. Xamenei rejimi artıq savaşın qaçılmaz olduğunu dərk edir. Belə bir durumda tək alternativ yol isə danışıqlar masası arxasına oturmaqdır. Ötən gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər də regionda vəziyyətin həqiqətən də çox ciddi olduğunu göstərir. Məhz buna görə də rəsmi Ankaranın Vaşinqton və Tehranı üçtərəfli formatda dialoqa çağırması xüsusilə önəmlidir. Bu proseslər fonunda İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparması, yanvarın 30-da isə Türkiyəyə səfər etməsi heç də təsadüfi deyil.
Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyəti müzakirə edərkən rəsmi Bakının Azərbaycan Respublikasının hava məkanının və ya quru ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə imkan verilməyəcəyini xüsusi vurğulayıb. Həmçinin Türkiyə xarici işlər naziri Hakan Fidan da bu gün İstanbulda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında birmənalı olaraq bildirdi ki, İranın daxili məsələləri kənar müdaxilə olmadan həll edilməlidir.
Azərbaycan və Türkiyənin XİN başçılarının bu bəyanatları heç şübhəsiz ki, İranla bağlı xoşməramlı mövqeyimizin göstəricisidir. Azərbaycan və Türkiyə belə bir mövqedən çıxış etməklə fürsətçi ölkə olmadıqlarını və İranın küncə sıxışdırılmasından yararlanmağa çalışmadıqlarını bir daha ortaya qoyurlar. Molla rejimi Azərbaycan və Türkiyənin prinsipial mövqeyini yaxşı qiymətləndirməlidir. Çünki Xameneinin rəhbərlik etdiyi İrandan fərqli olaraq Azərbaycan və Türkiyə əsl qonşuluq nümayiş etdirir. İran rəhbərliyi Türkiyə və Azərbaycanın məntiqli və məsuliyyətli mövqeyinə görə minnətdar olmalıdır. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səmimi və dinc qonşuluq siyasəti mollalar üçün əsl nümunədir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri.
Comments are closed.