Polşa müharibəyə hazırlaşır: çağırış məktubları qadınlara və 50+ yaşlılara da göndərilir

Polşa hökuməti ölkənin artan hərbi ehtiyacları və təhlükəsizlik riskləri fonunda silahlı qüvvələrin ehtiyatlarını kəskin şəkildə gücləndirməyə qərar verib.

Musavat.com məşhur Wyborcza qəzetinə istinadla xəbər verir ki, yaxın günlərdə 235 min çağırış məktubu göndəriləcək.

Ən diqqət çəkən məqam isə odur ki, çağırış məktubları təkcə hərbi çağırış yaşında olan kişilərə deyil, həm də qadınlara və 50 yaşdan yuxarı vətəndaşlara da yollanacaq. Bu, Polşada yeni və çox genişmiqyaslı tədbir kimi dəyərləndirilir.

Rəsmi məlumata görə, çağırış məqsədilə insanlar hərbi-tibbi komissiyadan keçərək səhhət baxımından xidmətə yararlı olub-olmadıqlarını təsdiq etməlidirlər.

Polşada uzun illərdir hərbi xidmət könüllü və çağırış modelinin qarışığı şəklində həyata keçirilirdi. Lakin yeni qərarla həm çağırışın həcmi, həm də əhatə etdiyi sosial kateqoriyalar ciddi şəkildə genişlənir. Bu isə Varşavanın regional təhlükəsizlik durumuna ciddi reaksiya verməsi və ehtiyat qüvvələrini maksimal hazırlıq vəziyyətinə gətirmək niyyətindən xəbər verir.

Ekspertlər bunu “Polşanın açıq şəkildə müharibəyə və Rusiya təhdidinə hazırlaşması” kimi qiymətləndirirlər.

Comments are closed.

Tərcümə »