İran rəhbərliyi ABŞ-la danışıqları bərpa etməyi düşünür, lakin ona təcavüz etməmək zəmanəti veriləcəyini gözləyir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu mövqeyi İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb. Üstəlik, onun sözlərinə görə, potensial dialoqun mövzusu yalnız İranın nüvə proqramı olacaq və lazımsız suallar olmayacaq. Əraqçinin bəyanatı İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ-yə səfərini başa vurduqdan və səfər zamanı prezident Donald Trampdan İran infrastrukturuna növbəti zərbə dalğasına icazə verməyə çalışdığı barədə xəbərlərin yayılmasından sonra verilib.
Tehranda xarici diplomatlarla görüşdə Əraqçi bildirib ki, İran ABŞ-la “nüvə” danışıqlarını bərpa etmək perspektivini nəzərdən keçirir.
“Biz İrandan tələb olunan vaxtı, yeri, formanı, şərtləri və təminatları öyrənirik”, – nazir qeyd edib. Lakin onun sözlərinə görə, danışıqlar prosesini yenidən aktivləşdirmək üçün Vaşinqton Tehrana 12 günlük müharibə hadisələrinin təkrarlanmayacağına dair “möhkəm təminat” verməlidir. “İranın nüvə obyektlərinə hücum danışıqlar yolu ilə həllə nail olmağı daha da çətinləşdirib və mürəkkəbləşdirib”, – deyə Əraqçi izah edib.
Eyni zamanda, İran diplomatiyasının rəhbəri xarici səfirlərə deyib: “İslam respublikası prezidenti Məsud Pezeşkianın MAQATE ilə əməkdaşlığı məhdudlaşdıran son fərmanı beynəlxalq müfəttişlərin işinin tamamilə əngəllənməsinə səbəb olmamalıdır. “Agentliklə əməkdaşlığımız dayanmayıb, lakin o, yeni forma alacaq ki, bu da baş verən yeni reallıqlar və hadisələr fonunda təbiidir”, -Əraqçi bildirib.
İranın vitse-prezidenti Məhəmməd Rza Aref də bu günlərdə iranlıların danışıqlara hazır olduğunu açıqlayıb.
Comments are closed.