ABŞ-ın Dəməşqə qarşı sanksiyaları ləğv etmək qərarından sonra İordaniya Suriyaya elektrik enerjisi ixracını artıracaq.
Musavat.com xəbər verir ki, bunu İordaniyanın energetika və mineral sərvətlər naziri Saleh əl-Xarabşah Əmmanda suriyalı həmkarı Məhəmməd əl-Bəşirlə birgə mətbuat konfransında deyib: “Birinci mərhələdə yüksək gərginlikli elektrik xətlərinin zədələnmiş hissələrinin təmiri nəticəsində Suriyanın elektrik enerjisi təchizatı 250-300 meqavat artırılacaq”
Onun sözlərinə görə, həmçinin Ərəb Qaz Boru Kəməri ilə Misirin Əl-Arişdəki yatağından İordaniya vasitəsilə Homs əyalətindəki Rayyan qazpaylayıcı stansiyasına qaz nəqlinin artırılması barədə razılıq əldə olunub.
Suriyalı nazir öz növbəsində su ehtiyatları üzrə ikitərəfli sazişlərə, xüsusilə də Yarmuk sərhəd çayı hövzəsi üzrə sazişə yenidən baxılması üçün texniki komitələrin yaradıldığını elan edib: “Energetika sahəsində əməkdaşlıq üçün kompleks tədbirlər planı hazırlanıb”.
Konfransda verilən məlumata görə, İordaniya bərpa olunan enerji və neft məhsullarının saxlanması sahəsində təcrübəsini Suriya tərəfi ilə bölüşəcək, həmçinin Suriyanı dörd günəş elektrik stansiyası ilə təmin edəcək.
Bundan əvvəl Dünya Bankı (DB) Suriya və İordaniyanı birləşdirən elektrik xətlərinin bərpası üçün 146 milyon dollar ayrıldığını açıqlamışdı. DB-nin Yaxın Şərq üzrə direktoru Jan-Kristof Karre bu layihəni “Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılması üçün ən təcili layihələrdən biri” adlandırıb.
Comments are closed.