Ağ Ev: Zelenski “səhv istiqamətdə” irəliləyir

Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh danışıqları ilə bağlı mövqeyi yanlış istiqamətə yönəlib.

O qeyd edib ki, Donald Tramp Zelenskidən Krımın Rusiyaya məxsusluğunu tanımağı tələb etmir, lakin tərəfləri danışıqlar masasına əyləşməyə çağırır.

“Bu amansız müharibə artıq çox uzun müddətdir davam edir. Yaxşı bir razılaşma əldə etmək üçün hər iki tərəf müəyyən narazılıq hiss etməlidir. Təəssüf ki, prezident Zelenski bu danışıqları mətbuat üzərindən manipulyasiya etməyə çalışır və bu, prezident üçün qəbuledilməzdir. Danışıqlar qapalı şəkildə aparılmalıdır”, – deyə Livitt vurğulayıb.

O əlavə edib ki, Trampın milli təhlükəsizlik komandası bu münaqişəyə son qoymaq üçün çoxlu vaxt və enerji sərf edib: “Amerikalı vergi ödəyiciləri bu səyləri milyardlarla dollarla maliyyələndirib və bu, artıq yetərlidir. Prezident Tramp məyusdur. Onun səbri tükənmək üzrədir. O, sülhün bərqərar olmasını istəyir, insan ölümlərinin dayanmasını istəyir. Amma bu, yalnız münaqişənin hər iki tərəfinin iştirakı ilə mümkündür. Təəssüf ki, Zelenski hazırda bu istiqamətdə yanlış addımlar atır”.

Bu açıqlama Ağ Evin Ukrayna ilə bağlı mövqeyində dəyişiklik siqnalı kimi qiymətləndirilir və ABŞ-ın gələcəkdə Kiyevə dəstəyinin tonunu dəyişdirə biləcəyi ehtimallarını gündəmə gətirir.

Comments are closed.

Tərcümə »