Rusiya nefti 50 dollardan aşağı düşüb

Rusiyanın əsas ixrac məhsulu olan Urals markalı neftinin qiyməti 2023-cü ilin iyun ayından bəri ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.

Musavat.com xəbər verir ki, məlumatı TASS beynəlxalq qiymət agentliyi Argus-a əsasən yayıb.

Rusiya neftinin qiyməti aprelin 9-da ABŞ-ın tarif siyasəti ilə bağlı dünya miqyasında neftin qiymətinin ümumi ucuzlaşması fonunda düşüb.

Argus-un məlumatına görə, aprelin 9-da Primorsk limanında Urals neftinin FOB bazasında qiyməti (neftin yüklənmədən əvvəl qiyməti) bir barel üçün 47,54 dollar, Novorossiysk limanında isə 48,39 dollar təşkil edib. Urals neftinin qiyməti sonuncu dəfə 2023-cü il iyunun 12-də 50 dollar/bareldən aşağı düşüb.

Ümumilikdə, aprelin əvvəlindən Novorossiysk limanında daşınan Urals 18 faiz, Primorsk limanında 17,5 faiz, Hindistan limanlarında 13 faiz, Rusiyanın digər neft markası olan ESPO-nun qiyməti isə 18,5 faiz ucuzlaşıb.

Qeyd edək ki, Rusiya neftinin əsas alıcıları Çin və Hindistandır. Çinlə ABŞ arasında tarif siyasəti ticarət müharibəsi səviyyəsinə yüksəlib. ABŞ-ın 26 faiz rüsum tətbiq etdiyi Hindistanla isə hələ razılıq əldə olunmayıb.

Comments are closed.

Tərcümə »