Braziliya prezidenti Jair Bolsonaronun COVID-19 epidemiyası ilə mübarizədə səhlənkarlıq edib-etmədiyini araşdırmaq üçün, yaradılan Parlament Təhqiqat Komissiyası Bolsonaronun 9 cinayətdə ittiham olunduğu yekun hesabatı təsdiqləyib.
Senatda keçirilən səsvermədə PTK üzvləri Bolsonaronun insanlığa qarşı cinayət, epidemiya və sağlamlıq tədbirlərinə etinasızlıq kimi 9 cinayətlə ittiham edildiyi hesabatı 7 əleyhinə 4 lehinə səslə təsdiqləyib.
Hesabat Bolsonaroya qarşı məhkəmə prosesinin başlanmasını tələb edərək, Baş Prokuror Auqusto Arasa və Ali Məhkəmənin hakimi Aleksandre de Moraesə təqdim ediləcək.
Konqres üzvləri tərəfindən insanlığa qarşı cinayətlərdə ittiham olunan Braziliyanın ilk prezidenti Bolsonaroya qarşı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) də şikayət veriləcək.
Hesabatda Bolsonaro ilə yanaşı Bolsonaronun oğulları, əyalət qubernatorları və keçmiş səhiyyə naziri də daxil olmaqla 80 nəfər günahlandırılır.
Raportda Bolsonaronun dəfələrlə ictimaiyyəti sosial uzaqlaşma qaydasına əməl etməməyə təşviq etməsi, maskalardan istifadəyə qarşı çıxması və izdiham yaratması və bunun “yalnız iqtisadi fəaliyyətlərin sürətlə bərpasına yönəlmiş siyasi qərar” olması məntiqilə yanaşdığı qeyd olunub.
Hesabatda həmçinin Bolsonaronun yalan məlumat yaymaq üçün, istifadə etdiyi sosial media hesablarının qeyri-müəyyən müddətə dayandırılması tələb olunub.
Keçən həftə Facebook və Instagram Bolsonaronun videolarını silib, YouTube isə prezidentin sosial media hesabından canlı yayımda COVID-19 peyvəndi ilə bağlı açıqlamalarına görə səhifəsini bir həftə müddətinə dayandırıb.
Məlumata görə, Bolsonaro bəşəriyyətə qarşı cinayətlər, sanitariya qaydalarını pozma, şarlatanizm, cinayətə təhrik, sənədlərin saxtalaşdırılması, dövlət vəsaitinin düzgün istifadə edilməməsi, sui-istifadə, ölümcül epidemiyalar və vəzifəsindən sui istifadədə ittiham olunur.
İctimairey.az