İran-Azərbaycan münasibətlərindəki gərginliyin pik nöqtəsi artıq arxada qalıb. Son günlər Azərbaycan və İran arasındakı gərginlik nəzərə çarpacaq dərəcədə sürətlə səngiməkdədir. Münasibətlər artıq normallaşmağa doğru gedir. Diplomatik çözüm yolları öz müsbət nəticəsini verdi. İran tərəfi nəhayət ki, konstruktiv mövqe nümayiş etdirərək öz yük avtomobillərinin Azərbaycan torpaqlarına qanunsuz girişinə qadağa qoydu. Öz növbəsində rəsmi Bakı da İranın bu addımına cavab jesti olaraq və humanizm, qarşılıqlı hörmət prinsiplərindən çıxış edərək, Xankəndiyə qanunsuz yük daşıyarkən Gorus-Qafan yolunda saxlanılmış iranlı sürücüləri Tehrana təhvil verdi.
Bildiyimiz kimi sözügedən İran vətəndaşları – Bərzigar Hacı Cəfər Qəzənfər və Novruzi Şahrud Heydəri qaçaqmalçılıq və dövlət sərhədini qanunsuz olaraq keçdiklərinə görə, “Azərbaycan ərazilərinə qanunsuz daxil olma” ittihamı ilə saxlanılmışdılar. Əslində Azərbaycanın bu addımı tamamilə qanuni idi. Azərbaycanın sərhəd-gömrük xidmətinin əməkdaşları məhz ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının vacibliyi prinsipindən çıxış edərək Gorus-Qafan yolundan qanunsuz keçməyə çalışan İrana məxsus yük maşınlarını saxlamışdılar. Lakin təəssüflər olsun ki, İran tərəfi Azərbaycanın bu haqlı addımını anlayışla qarşılamadı və nəticədə iki ölkə arasında münasibətlər gün-gündən artan xətt üzrə gərginləşməyə başladı. İran sərt bəyanatlar verməklə və sərhədlərimizin bilavasitə yaxınlığında hərbi təlimlər keçirməklə Azərbaycana qarşı “əzələ” nümayiş etdirməyə, hətta ölkəmizi müharibə ilə hədələməyə cəhd göstərdi. Bir sözlə, İran çox qısa müddət ərzində münasibətləri süni surətdə gərginləşdirdi.
Lakin İranın bizə qarşı bütün ittihamları, təhdidləri tamamilə əsassız və yersiz idi. Cənub qonşumuz sağlam təfəkkürü bir kənara qoyub, məntiqsiz siyasət yürütməyə başlamışdı. Rəsmi Tehran sanki iki ölkə arasındakı əlaqələri qəsdən korlamaq, gərginliyi son həddə çatdırmaq məqsədini güdürdü. Hərçənd ki, bu cür ağılsız məqsəd İranın strateji maraqlarına qətiyyən cavab vermirdi. Çünki strateji perspektivdə Ermənistanla deyil, məhz Azərbaycanla yaxın dostluq və sıx iqtisadi əməkdaşlıq İranın maraqlarına daha çox uyğun gəlir. İrandan və Ermənistandan fərqli olaraq Azərbaycanın qonşu ölkələrlə düşmən yox, dost olmağa üstünlük verir. Son bir ayda İran-Azərbaycan münasibətlərinin maksimum həddə qədər pisləşməsinə rəğmən Azərbaycan bu prinsipinə axıra qədər sadiq qaldı və İranın davakar-təxribatçı hərəkətlərinin müqabilində əsl dost davranışı nümayiş etdirdi. Rəsmi Bakı Tehran kimi isterikaya qapılmadı, emosiyalar üzərindən siyasət yürütmədi.
Azərbaycan tərəfi Tehranın qeyri-adekvat addımlarına adekvat cavablar verməklə onu neyrallaşdırdı və ram etdi. Dövlətimiz sonuna qədər soyuqqanlılıq nümayiş etdirərək qarşı tərəflə məsələləri diplomatik-siyasi vasitələrlə yoluna qoymağa çalışdı. Mövcud situasiyada bu ən düzgün taktika idi və bu taktika öz müsbət nəticəsini verdi. Molla hökuməti anladı ki, Azərbaycanla güc dili ilə danışmaq faydasızdır və bu iki ölkəni süni surətdə müharibəyə sürükləmək ilk növbədə İranın özü üçün zərərlidir. Ona görə də İran öz geosiyasi səhvlərini görməyə və onları düzəltməyə başladı. Şükürlər olsun ki, hazırda İran-Azərbaycan münasibətləri normal məcrasına dönməkdədir. Hərçənd ki, bəzi siyasi müşahidəçilər hesab edirlər ki, İran heç də geri çəkilməyib, sadəcə olaraq müharibəni ertələyib və qeyri-müəyyən müddətə təxirə salıb. Ancaq bu təxminlər reallıqdan uzaqdır. Çünki İranı idarə edən şəxslər birmənalı surətdə anladılar ki, Azərbaycan Ermənistan kimi oyuncaq dövlət deyil və Azərbaycanla nə indi, nədəki gələcəkdə müharibə etmək İranın maraqlarına cavab vermir. Odur ki, molla hökuməti müharibə mövzusunu demək olar ki, həmişəlik qapatdı.
Biz indi tam əminliklə deyə bilərik ki, iki ölkə arasında münasibətlər bütün parametrlər üzrə normallaşma mərhələsinə qədəm qoyub. Necə deyərlər, sağlam düşüncə sonda militarist-hegemon hikkələrə qalib gəldi. Gərginliyin qarşısı məhz Bakının çevik diplomatik səyləri nəticəsində vaxtında alındı, müharibə fazasına keçməsinə imkan verilmədi. Başqa sözlə desək, rəsmi Bakı bu epizodda İranın molla hökumətindən daha müdrik davrandı. İran liderlərindən fərqli olaraq Azərbaycan Prezidenti gərginliyin süni surətdə körüklənməsinə və eyni zamanda kənar güclərin (xüsusən də Ermənistanın) bu gərginlikdən yararlanmaq niyyətlərinin baş tutmasına, Cənubi Qafqazda növbəti münaqişə ocağının yaranmasına yol vermədi. Bir sözlə, Azərbaycan İranın səhvlərini düzəltməklə əslində hamını xilas etdi. İran bundan sonra Azərbaycana qarşı fərqli münasibət sərgiləməli, rasional siyasət yürütməlidir. Çünki son bir ayda İranın ənənəvi siyasəti fiaskoya uğradı.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri