Şuşa Bəyyanaməsi Azərbaycan və Türkiyə münasibətlərinin yaxın-uzaq gələcəyə hesablanmış strateji “yol xəritəsi”dir
Şuşa Bəyannaməsinin imzalanmasının 5-ci ili tamam olur. Bəs, bu sənədin Azərbaycan və Türkiyə üçün tarixi əhəmiyyəti nədədir? 15 iyun 2021-ci ildə mədəniyyət paytaxtımız olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkənin münasibətlərində yeni səhifə açmaqla mühüm bir tarixi mərhələnin başlanğıcı hesab olunur. Bu sənədin tarixi əhəmiyyəti ilk növbədə münasibətlərimizin qardaşlıqdan ittifaqa və ya strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə əlamətdardır.
Belə ki, Şuşa Bəyannaməsi iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın ən yüksək hüquqi formasıdır. Bəyannamənin imzalanması üçün ayrıca olaraq tarixi-simvolik əhəmiyyətli məkanın – məhz Şuşa şəhərinin seçilməsi də təsadüfi deyil. Şuşa təkcə mədəniyyət beşiyimiz deyil, həm də 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizin baş rəmzidir. Ona görə də sözügedən bəyannamənin məhz bu şəhərdə imzalanması böyük rəmzi-siyasi anlam daşıyır. Bu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Türkiyə tərəfindən ali səviyyədə dəstəklənməsinin və bölgədəki yeni geosiyasi reallıqların təsbitidir.
Ümumiyyətlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mövcud olan “bir millət, iki dövlət” prinsipini real strateji və hərbi-siyasi müttəfiqlik müstəvisinə keçirən, regionda qüvvələr nisbətini dəyişən və gələcək onilliklərin əməkdaşlıq çərçivəsini müəyyən edən strateji sənəddir. Qars müqaviləsini əvəz edən və yeni regional reallıqları özündə əks etdirən Şuşa Bəyannaməsi təkcə ikitərəfli deyil, həm də qlobal geosiyasi, geoiqtisadi aspektdən də mühüm rol oynayır, Zəngəzur dəhlizinin açılması və bölgədəki nəqliyyat-kommunikasiya xətlərinin inkişafı kimi məsələlərdə hər iki ölkənin birgə iradəsini ortaya qoyur. Bu da Türk dünyasının inteqrasiyasına və regionun sabitliyinə xidmət edir. Başqa sözlə desək, iki qardaş ölkənin liderlərinin – Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladığı tarixi sənəd həm ikitərəfli münasibətləri möhkəmləndirir, həm də Türk dünyasının vahid siyasi mövqeyinin formalaşmasına töhfə verir. Şuşa Bəyannaməsi hər şeydən öncə Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasına ciddi təkan verir. Bu sənəd Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı daha da gücləndirərək, bölgədə “türk amili”nin rolunu artırır ki, bu da qlobal və regional aktorların regiona baxışında yeni bir reallıq kimi qəbul olunur.
Eyni zamanda, bu sənəd Orta Dəhlizin rolunun artması və Zəngəzur dəhlizinin açılması kimi böyük enerji və logistika layihələrini siyasi müstəvidə dəstəkləməklə regionda iqtisadi sabitliyi təmin etməklə yanaşı, Azərbaycan və Türkiyənin tranzit qovşağı kimi mövqeyini daha da gücləndirir. Bəyannamədə Zəngəzur dəhlizinin açılmasına verilən siyasi dəstək, regionun nəqliyyat xəritəsini yenidən formalaşdıraraq, bir sıra regional aktorların nəzarət etmək istədiyi logistik marşrutlara alternativ yaradır və iqtisadi inteqrasiyanı stimullaşdırır. Bu baxımdan, Şuşa Bəyannaməsinin bölgədəki digər aktorlara təsiri mövzusu da olduqca önəmlidir. Bu sənədin regional güclər və digər aktorlar üçün yaratdığı təsirlər özünü ilk növbədə regional geosiyasi balansın dəyişməsində əks etdirir. Belə ki, Şuşa Bəyannaməsi Cənubi Qafqazda Türkiyənin nüfuzunu institusional olaraq rəsmiləşdirib, bu isə regionda ənənəvi olaraq geosiyasi təsirə malik olan digər dövlətlərin (məsələn, İran və Rusiya) maraqlarına çox ciddi təsir göstərir və həm də Azərbaycan üçün təhlükəsizlik konfiqurasiyası formalaşdırır, təhlükəsizliyimizin qarantına çevrilir. Yəni Türkiyənin Azərbaycanın təhlükəsizliyindəki rolunun müttəfiqlik səviyyəsinə yüksəldilməsi, regionda kənar qüvvələrin hərbi-siyasi təzyiq imkanlarını məhdudlaşdıran əsas faktor, önləyici güc kimi çıxış edir.
Ümumilikdə, Şuşa Bəyannaməsi bölgəni “nüfuz dairələri” mübarizəsindən çıxararaq, Azərbaycanın və Türkiyənin strateji maraqlarının üstünlük təşkil etdiyi yeni bir regional təhlükəsizlik memarlığının təməlini qoyub. Azərbaycan və Türkiyənin dövlət başçıları indiyə qədər ikitərəfli əlaqələrin inkişafına dair bir çox sənədlər, anlaşmalar imzalayıb. Lakin bu gün 5 illiyini qeyd etdiyimiz Şuşa Bəyannaməsi əlaqələrimizin hüquqi-siyasi zirvəsidir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyyanaməsini imzalamaqla güvənli gələcəyin təməlini qoyub. Şuşa Bəyyanaməsi Azərbaycan və Türkiyə münasibətlərinin yaxın-uzaq gələcəyə hesablanmış strateji “yol xəritəsi”dir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.