Heydər Əliyevin qayıdışı olmasaydı, Azərbaycanın bugünkü regional güc və suveren dövlət kimi mövcudluğu böyük sual altında qalardı

Ən yeni tariximizin dönüş nöqtələrindən biri də 15 iyun – Milli Qurtuluş Günüdür. Düz 33 il əvvəl Ulu Öndər Heydər Əliyev yenidən böyük siyasət səhnəsinə qayıtmaqla Azərbaycanı parçalanmadan xilas edərək, dövlətçiliyimizin gələcəyi üçün yeni yol xəritəsi cızdı. Belə ki, müstəqilliyimizin bərpasından sonra yaşanan ən böhranlı dönəmdə, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı tarixi çıxışında Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Çünki 15 iyundan etibarən, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma get-gedə səngiməyə başlayıb, ölkəmiz vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub.

O dövrün ictimai-siyasi burulğanlarının canlı şahidi olan insanlar yaxşı bilirlər ki, 15 iyunda Heydər Əliyevin qayıdışı olmasaydı, Azərbaycanı necə böyük fəlakətlər gözləyirdi. Milli Qurtuluş Günü Azərbaycanın müasir dövlətçilik tarixində ona görə ən kritik dönüş nöqtələrindən biri sayılır ki, məhz Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı o dövrün çoxsaylı və ağır təhdidlərindən xilas etdi. Heç kimə sirr deyil ki, ötən əsrin 1990-cı illərinin əvvəllərində ölkədə siyasi xaos, idarəetmə böhranı və sosial gərginlik həddindən artıq dərinləşmiş, vətəndaş qarşıdurması ən təhlükəli həddə çatmışdı. Belə bir şəraitdə ictimai-siyasi sabitliyin bərpası və dövlətçiliyin qorunması zərurəti ön plana çıxmışdı. Lakin həmin vaxt nə AXC-Müsavat iqtidarında, nədəki hərbi-siyasi müxalifət qüvvələri arasında bu ağır missiyanı müvəffəqiyyətlə həyata keçirə biləcək və bütün xalqı öz ətrafında birləşdirməyə qadir bir nəfər də olsun xarizmatik lider yox idi. Ona görə də bütün gözlər məhz Ulu Öndərə dikilmişdi. Belə bir keşməkeşli tarixi mərhələdə Heydər Əliyev ölkənin xilasının yeganə ümid yeri idi. Həmin vaxt ölkədə formalaşan geniş ictimai tələb nəticəsində və eləcə də tamamilə çıxılmaz duruma düşmüş AXC iqtidarının siyasi çağırışlarının yekunu olaraq Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi, iyunun 15-də isə Azərbaycan parlamentinin sədri seçildi. Bu hadisə Azərbaycan dövlətçiliyində yeni mərhələnin başlanğıcı oldu.

Əlbəttə, nəzəri olaraq bu qayıdış baş tutmaya da bilərdi. Yəni ki, Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışdan imtina da edə bilərdi. Bəs, Heydər Əliyevin tarixi qayıdışı olmasaydı, Azərbaycanın müasir tarixi hansı istiqamətdə inkişaf edərdi və nələr baş verə bilərdi? Sözsüz ki, bu gün malik olduğumuz nailiyyətlərin bir çoxu yəqin ki, mövcud olmayacaqdı. Çünki bütövlükdə dövlətçiliyimizin özü mövcud olmayacaqdı. Dövləti olmayan, daha doğrusu, zorən dövlətsizləşdirilən, müstəqilliyi xarici güclər tərəfindən qəsb olunan xalqın hansısa böyük nailiyyətlərə imza atması əsla mümkün deyil.

Bu baxımdan, tarixi retrospektivə nəzər salsaq, Heydər Əliyevin qayıdışı baş verməsəydi, çox böyük ehtimalla ölkəmizi bir neçə fəlakətli ssenarilər gözləyirdi. Birincisi, həmin vaxt ilk növbədə vətəndaş müharibəsinin başlanması və dövlətçiliyimizin məhvi labüdləşirdi. 1993-cü ilin iyununda ölkə artıq real vətəndaş müharibəsi astanasında idi. Nəzarətdən çıxan və birbaşa Rusiyadan təlimatlar alan Surət Hüseynovun Gəncədə başlatdığı qiyam dövlətin mərkəzi hakimiyyətini iflic etmişdi. Sadə dildə desək, bu qiyamın nəticəsində müstəqil dövlətçiliyimiz əldən gedirdi. İkinci böyük təhlükə torpaqlarımızın itirilməsinin genişlənməsi ilə bağlı idi. Həmin dövrdə idarəetmədəki xaos və ordudakı nizamsızlıq nəticəsində Azərbaycan daha çox ərazi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hətta bəzi təhlilçilər və tarixi mənbələr ölkənin dövlət müstəqilliyini tamamilə itirərək, başqa bir gücün nəzarəti altına düşmək və ya kiçik, idarəolunmaz ərazilərə parçalanmaq riski olduğunu qeyd edirlər.

Eyni zamanda, müstəqilliyini yenicə bərpa etmiş bir ölkə olaraq iqtisadi çöküş təhlükəsi ilə üz-üzə idik. Müstəqilliyin ilk illərində sovet dövrünün mirası olan iqtisadiyyat tamamilə dağılmışdı, yenisi isə hələ qurulmamışdı. Bütün bunlarla yanaşı, həm də beynəlxalq təcrid vəziyyət düşmüşdük. Azərbaycan o dövrdə demək olar ki, tamamilə təklənmişdi. Dünya birliyindən heç bir dəstəyimiz yox idi. İşğala məruz qalan da biz idik, işğalçı Ermənistana qarşı “blokada siyasəti yürütmək”də ittiham olunan da biz idik. Bundan əlavə, ölkəmiz beynəlxalq mərkəzlər tərəfindən “sabitliyi olmayan ölkə” kimi qəbul edilirdi. Heydər Əliyevin qayıdışı həm qardaş qırğınının qarşısını aldı və dövləti parçalanmaqdan xilas etdi, həm də beynəlxalq təcridə son qoydu.

Heydər Əliyevin diplomatik məharəti və nüfuzu Azərbaycanı beynəlxalq təcriddən çıxararaq, etibarlı tərəfdaşların qazanılmasını və ölkəyə xarici investisiyaların gəlişini təmin etdi. Belə ki, 1993-cü il iyunun 20-də Heydər Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə ilk addım kimi məhz yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu istiqamətdə yürüdülən ardıcıl siyasət nəticəsində ölkəmiz tədricən informasiya blokadasından çıxmağa başladı. Beləliklə, erməni lobbisinin və işğalçı Ermənistanın havadarlarının əks təbliğatı nəticəsində dünyada Azərbaycanla bağlı formalaşan neqativ mövqe getdikcə müsbət yöndə dəyişdi. Eləcə də, Heydər Əliyevin qayıdışından sonra atılan addımlar sırasında xüsusilə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması — Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu. Bu qayıdış olmasaydı, ölkənin iqtisadi cəhətdən dirçəlməsi və dünya bazarına çıxması çox uzun müddət mümkünsüz qalardı.

Nəticə etibarilə, 15 iyun tarixi sıradan bir təqvim yenilənməsi və ya cari siyasi qayıdış nümunəsi deyil, Azərbaycanın siyasi, iqtisadi və mənəvi baxımdan “tam böhran nöqtəsi”ndən özünəqayıdış və dirçəliş günüdür. Heydər Əliyevin qayıdışı olmasaydı, Azərbaycanın bugünkü regional güc və suveren dövlət kimi mövcudluğu böyük sual altında qalardı. Ona görə də, bu, danılmaz bir həqiqətdir ki, əgər müstəqilliyi qazanmaq ilkin şərtdirsə, ikinci ən vacib məsələ isə məhz o müstəqilliyi qoruyub saxlamaq, suverenliyi möhkəmləndirməkdir. Ulu Öndər bu çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəldi. Prezident İlham Əliyev bu strateji kursu uğurla davam etdirərək Azərbaycanı qalib dövlətə çevirdi. Milli Qurtuluş günü ilə başlayan sabit dövlətçilik yolu bizi Zəfərə doğru istiqamətləndirdi. Bu gün Azərbaycan dövləti bölgənin lideri və Türk dünyasının birləşdirici mərkəzidir.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »