Tramp və Netanyahu İranın fars-molla rejiminin daha da güclənməsinə ən çox zəmin yaradan liderlər kimi tarixə düşəcəklər
Netanyahu və Trampın ABŞ ilə İran arasında imzalanan razılaşma ilə bağlı fikir ayrılıqları böyük ehtimalla sadəcə görüntüdür.
Əsl həqiqətdə isə, Tramp və Netanyahu İranın fars-molla rejiminin daha da güclənməsinə ən çox zəmin yaradan liderlər kimi tarixə düşəcəklər.
“Yenilənmiş” və daha da güclənmiş İran “İslam” Respublikası təkcə Rusiya və Çinin təsir dairəsindən uzaqlaşdırılmır, həm də müsəlman-türk dünyasına qarşı gələcək planların icrasında ABŞ və İsrailin işinə daha çox yaraya bilər.
Bu baxımdan, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözügedən anlaşma memorandumunu elektron şəkildə imzalamasından sonra İranın bölgədə destruktiv fəaliyyətləri daha da genişlənəcək. ABŞ ilə İran arasında əldə olunmuş “İslamabad razılaşması”nın şərtləri molla rejimini tam qane edir. Çünki bu şərtlər rejimi nəinki zəiflətməyəcək, əksinə, daha da gücləndirəcək.
Təsadüfi deyil ki, amerikalı senator Kris Mörfi “X” sosial şəbəkəsindəki paylaşımında vurğulayıb ki, “İranla əldə olunan razılaşma rəsmi Vaşinqtonun Tehranın şərtləri qarşısında geri çəkilməsi anlamına gəlir”.
Senator K.Mörfi haqlıdır. Daha doğrusu, bu, Vaşinqtonun məqsədyönlü şəkildə geri çəkilməsidir. Odur ki, bundan sonra İrandan müsəlman dünyasına qarşı daha sıx istifadə olunmasını görsək, buna əsla təəccüblənməməliyik.
Biz də Azərbaycan olaraq İranın molla rejiminin mümkün pisliklərinə, təxribatlarına qarşı həmişə hazırlıqlı olmalıyıq. Namərd və qədirbilməz qonşulardan hər şey gözləmək olar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.