Çinin ABŞ-a cavabı qaz qiymətlərini kəskin artıracaq

Pekinin ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi tariflərə cavab tədbiri mayeləşdirilmiş təbii qazın (LNG) qlobal ticarət coğrafiyasında böyük dəyişikliklərə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, “Bloomberg” analitiklərinin hesablamalarına görə, Çinin ABŞ-dan maye qaz idxalını 15 faiz rüsuma cəlb etməsi fonunda amerikalı kontragentlərlə uzunmüddətli müqavilələri olan çinli LNG alıcıları ABŞ-dan tədarük olunan qazı Avropa da daxil olmaqla, digər regionlardakı idxalçılara daha sərfəli qiymətə yenidən satmaq qərarına gələ bilərlər.

Agentlik treyderlər arasında olan mənbələrə istinadən qeyd edir ki, Çindəki bəzi şirkətlər artıq Asiya və Avropa ölkələrindəki tərəfdaşları ilə ABŞ-da alınan qazın başqa ölkələrdən tədarük üçün dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.

MST Marquee tədqiqat platformasının analitiki Sol Kavoniçin fikrincə, ticarət axını istiqamətində belə bir dəyişiklik “bazarda ümumi qiymət artımına” səbəb ola bilər. Bundan əlavə, Bloomberg-in yazdığına görə, iki ölkə arasında ticarət əlaqələrində gərginlik davam etdikcə, Çin şirkətlərinin ABŞ-dakı layihələrdə iştirak ehtimalı azdır. Bu isə layihəni maliyyələşdirmək üçün alıcıları cəlb etmək istəyən ABŞ LNG ixracatçılarını vuracaq.

Qeyd edək ki, Çin Maliyyə Nazirliyi bu gündən ABŞ-dan idxal edilən kömür, mayeləşdirilmiş təbii qaz, neft, kənd təsərrüfatı texnikası və bəzi avtomobillərə tariflər tətbiq edib: Kömür və qaz 15 faiz, neft, kənd təsərrüfatı maşınları və avtomobillər üçün 10 faiz.

Bundan əlavə, tərkibində volfram olan məhsullar üçün ixraca nəzarət tədbirləri həyata keçirilir. Həmçinin Çin səlahiyyətliləri Calvin Klein, Tommy Hilfiger və Van Heusen brendlərinin sahibi olan PVH Corp.-u və genetik test məhsul və xidmətləri provayderi Illumina Inc-i “etibarsız” təşkilatlar siyahısına əlavə edib.

Bu gün Çin Dövlət Xarici Valyuta İdarəsi (SAFE) ABŞ-da yerləşən Google şirkətinə (Alphabet Inc.-ə məxsusdur) qarşı antiinhisar qanunlarını pozduğuna görə araşdırmaya başlayıb.

“Google”un axtarış və digər xidmətləri 2010-cu ildən bəri Çində istifadəçilər üçün əlçatan deyil, lakin şirkət ölkədə bir sıra əməliyyatları, ilk növbədə, onlayn reklamlar üzrə aparır.

Fevralın 3-də Tramp jurnalistlərə açıqlamasında Pekinlə danışıqların yaxın 24 saat ərzində baş tutacağını deyib. Ağ Evin mətbuat katibi Caroline Levitt Fox News-a bildirib ki, söhbət Tramp və Çin prezidenti Xi Jinping arasında olacaq.

Onu da qeyd edək ki, Çinin ABŞ-a cavab tədbiri nəticəsində qaz bazarında qiymətlərin yüksəlməsi Azərbaycan kimi qaz ixracatçıları üçün əlverişli şərtlər formalaşdıracaq. Avropanın yeraltı anbarlarında yaza qədər cəmi 35 faiz civarında ehtiyatların qalması gözlənilir ki, bu da Azərbaycanın əsas ixrac bazarında qaza tələbatın kəskin artmasını vəd edir. Bu isə qiymət artımı üçün daha bir əlverişli amildir.

Comments are closed.

Tərcümə »