Azərbaycanın Ermənistanla vahid enerji şəbəkəsi yaratmaq və Metsamor AES-in bağlanması təşəbbüsü ilə çıxış etməsi Kremlin narahatlığını daha da artırıb
Bu gün (27 avqust 2026-cı il tarixində) günorta saatlarında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmizin əleyhinə təxribat xarakterli şəkillərin, yazıların yerləşdirilməsi nəyin göstəricisidir?
Öncə qeyd edim ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) olaya dərhal reaksiya verməsi və sözügedən təxribatı qətiyyətlə pisləməsi təqdirə layiq addımdır. Rəsmi Bakı bu təxribatı qəbuledilməz addım kimi qiymətləndirib və bunun son vaxtlar Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan çirkin və qərəzli kampaniyanın tərkib hissəsi olduğunun istisna edilmədiyini bildirib. Nəticə etibarilə, Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.
Azərbaycan səfirliyinin Moskvadakı qonaq evinin önündə sözügedən piketin, aksiyanın keçirilməsi qətiyyən təsadüfi hadisə deyil. Bu hadisənin arxa planında geosiyasi motivlər dayanır. Burada söhbət sadəcə Azərbaycan-Rusiya münasibətlərini süni şəkildə gərginləşdirməkdən getmir. Daha dərin amillər də var. “The Wall Street Journal” qəzetinin ABŞ kəşfiyyatına istinadən bildirdiyi kimi, Kreml hal-hazırda NATO-nun birliyini sarsıtmaq üçün 2026-cı ilin payızında Baltikyanı ölkələrə və Polşaya hücum etmək planını nəzərdən keçirir. Ortada kiberhücumlardan və sabotajlardan tutmuş kiçikmiqyaslı quru əməliyyatlarına qədər müxtəlif hərəkətlər, ssenarilər mövcuddur. Bu yaxınlarda “Çistota ponimaniya” podkastında və digər resurslarda Azərbaycana qarşı təhdidlərin səsləndirilməsi və bu gün Moskvadakı səfirliyimizin qarşısında keçirilən aksiya da Kremlin Cənubi Qafqaz istiqamətində həyata keçirmək istədiyi hibrid müharibənin və təxribatların tərkib hissəsidir. Əsas hədəf isə Azərbaycan və Ermənistandır. Putin Azərbaycanın müstəqil xarici siyasət yürütməsi ilə heç cürə barışa bilmir. Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin (TRIPP layihəsinin) gerçəkləşdirilməsi istiqamətində səyləri Putini qıcıqlandırır. Azərbaycanın Ermənistanla vahid enerji şəbəkəsi yaratmaq və Metsamor AES-in bağlanması təşəbbüsü ilə çıxış etməsi isə Kremlin narahatlığını daha da artırıb.
Bakının bu təşəbbüsləri, təklifləri Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının minimallaşdırılmasına hesablanıb və bu, doğru mövqedir. Çünki Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması ilk növbədə məhz Rusiyanın və digər destruktiv aktorların bölgədən uzaqlaşdırılmasından asılıdır. Kreml və Putin isə məsələyə tam fərqli baxış bucağından yanaşır. Çünki hazırda Ukraynada rüsvayçı və çıxılmaz duruma düşən Putin Rusiyasının öz imicini xilas etməsi üçün yeni eskalasiyaya, bir növ yeni qələbəyə ehtiyacı var. Bu baxımdan Baltikyanı ölkələr və Polşa bir tərəfdən, Azərbaycan və Ermənistan isə digər tərəfdən Kremlin hədəfindədir.
Bakı isə tamamilə haqlı olaraq səfirliyimizin qonaq evinin önündəki təxribata görə Rusiyadan cavab tələb edir. Bu hadisə, ilk növbədə, diplomatik toxunulmazlıq və dövlətlərarası münasibətlərə hörmət baxımından ciddi siqnal hesab olunmalıdır. Səfirlik və onun yardımçı obyektlərinin qarşısında belə bir təxribatın baş verməsi təkcə küçə aksiyası kimi yox, həm də siyasi mesaj daşıyan, məqsədli və provokativ addım kimi qiymətləndirilir. Xüsusən də bu cür davranışlar rəsmi xəttdən kənarda spontan etiraz görüntüsü yaratsa belə, çox zaman arxasında daha geniş informasiya, psixoloji və ya geosiyasi məqsədlər dayanır.
Azərbaycan XİN-in dərhal reaksiya verməsi yuxarıda da qeyd etdiyim kimi düzgün və vacib addımdır. Çünki belə hallarda gecikmiş mövqe həm təxribatın təsirini artırır, həm də qarşı tərəfə susqunluq, zəiflik siqnalı verə bilər. Rəsmi Bakının bunu qəbulolunmaz sayması və hüquqi qiymət tələb etməsi, diplomatik praktika baxımından, suveren mövqenin nümayişidir. Bu, həm də mesaj verir ki, Azərbaycan öz nümayəndəliklərinə qarşı yönələn istənilən təxribatı diqqətsiz buraxmayacaq. Diplomatik obyektlərin təhlükəsizliyi həssas məsələdir və belə hallara dərhal reaksiya verilməsi effektiv addımdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.