7 iyun parlament seçkiləri yaxınlaşdıqca, Ermənistanda siyasi qüvvələr arasında mübarizə də getdikcə qızışır və bu da öz növbəsində namizədlərin etiraflarına və ya həm özünüifşalarına, həm də qarşılıqlı ittihamlarına yol açır. Bu mənada iyunun 7-nə aparan seçki-təbliğat kampaniyası namizədlərin bir-birini kim daha ağır təhqir edəcək ”tamaşa”sını və ya “məzhəkə”sini xatırladır. Sözügedən “məzhəkə”nin baş “kloun”u isə sözsüz ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryandır.
Kremlin agenti olduğu heç kimdə şübhə doğurmayan Robert Köçəryanın özünü “müdrik və təcrübəli siyasətçi” hesab edərək səsləndirdiyi bəyanatlar, əslində, bir tərəfdən onun öz əleyhinə işləyir, digər tərəfdən isə Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bölgədə və Ermənistanın siyasi mühitində yaratdığı yeni reallıqları bir daha diqqət mərkəzinə gətirmiş olur. Baxın, Köçəryan birbaşa seçki kürsüsündən elan edir ki, hazırda Ermənistanın və Nikol Paşinyanın idarəetmə pultu Azərbaycanın əlindədir: “Biz başa düşməliyik ki, kim ki Nikolu seçir, Əliyevi seçir. Bu adam nə edirsə Azərbaycanın xeyrinə edir, Azərbaycanın göstərişi ilə edir. Onun pultu Azərbaycandadır. Nikolun pultu İlham Əliyevin əlindədir. İndi biz o pultu geri almalı, Ermənistana qaytarmalıyıq. Ermənistanın rəhbəri istisnasız olaraq Ermənistanın maraqlarından, erməni xalqının maraqlarından çıxış etməlidir. Biz düzgün seçim etməliyik”.
Xocalı qatili olan Robert Köçəryanın bu bəyanatı nədən xəbər verir? Bu, ilk növbədə gücümüzün etiraf olunmasıdır. Yəni ki, bu gün Ermənistan hakimiyyəti kimi, revanşist erməni müxalifəti də artıq gücümüzü tanıyır, real fakt kimi qəbul edir. Bizim gücümüzü tanımaqları isə avtomatik olaraq onların öz məğlubiyyətlərini qəbul etməsi deməkdir. Lakin gücümüzü qəbul etsələr də, nəticə ilə heç cürə barışmaq istəmirlər. Ona görə də Ermənistanın idarəetməsini yenidən öz əllərinə keçirməyə çalışırlar. Köçəıryanın “biz indi o pultu geri almalı, Ermənistana qaytarmalıyıq” ifadəsi də məhz onun revanşist niyyətini ortaya qoyur.
Ancaq Köçəryan “Ermənistanın rəhbəri istisnasız olaraq Ermənistanın maraqlarından, erməni xalqının maraqlarından çıxış etməlidir” deyərkən isə açıq-aşkar riyakarlığa yol verir. Çünki o, erməni xalqının maraqlarına yox, nökəri olduğu Kremlin maraqlarına xidmət edir və hakimiyyəti seçki yoluyla ələ keçirərsə, Ermənistanı yenidən Rusiyanın “forpost”una çevirəcəyi də heç kimdə şübhə doğurmur. Heç Köçəryanın özü də bunu gizlətmir. Bu kontekstdə Ermənistan parlamentinin sədri Alen Simonyanın bu yaxınlarda “Deutsche Welle”ə verdiyi müsahibədə səsləndirdiyi “7 iyunda seçim sülh və müharibə arasında olacaq” fikri əslində Köçəryan, Karapetyan və Tsarukyan kimi revanşistlərin timsalında Ermənistanı yenidən Rusiyanın qucağına və müharibə girdabına sürükləmək niyyətlərinin təsdiqidir. Simonyan bununla demək istəyir ki, 7 iyundan sonra Ermənistan ya indiki kursunu davam etdirərək region dövlətləri ilə (ilk növbədə Azərbaycan və Türkiyə ilə) normal münasibətlər qurmağa çalışacaq, yadaki Köçəryanın şəxsində yenidən köhnə revanşist siyasətin nəticələri ilə üzləşməli olacaq.
Ən maraqlı məqam isə budur ki, Köçəryan “Paşinyanın pultunun İlham Əliyevin əlində olduğunu” idda etdiyi halda, onun özünün isə lap çoxdan məlum xarici gücün təsir alətinə çevrildiyini, Putinin sadiq vassalı olduğunu etiraf etmək istəməyib. Lakin yuxarıdakı bəyanatdan bu da aydın olur ki, Köçəryan bu gün Putindənsə daha çox məhz İlham Əliyevdən qorxur. Başqa sözlə desək, İlham Əliyev Köçəryanın “qorxulu röya”sına çevrilib. Bu qorxu həm də onun tezliklə əlləri qandallı şəkildə Bakıya gətiriləcəyi, ədalət məhkəməsinin qarşısına çıxarılacağı narahatlığından doğur. Bəli, Köçəryan təkcə Kremlə xidmət etmək üçün deyil, həm də ömrünün qalan hissəsini Bakı türməsində keçirməmək üçün var gücüylə Ermənistanın baş naziri olmağa can atır. Ancaq Köçəryanı ədalət məhkəməsindən hətta baş nazir kürsüsü də xilas etməyəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.