Uğurları təhlükə altına itələyən fikir kasadlığı ŞƏRH

Müasir dünya proseslərin sürəti ilə səciyyələnir. Biz bu proseslərinin hətta mahiyyətini belə anlamadan bəzən onların aktiv və ya passiv iştirakçılarına çevrilirik. Vəziyyət elə bir səviyyəyə çatıb ki, bəzən necə baş verdiyini bilmədən belə özümüzü hansısa hadisənin içində görürük. Sanki hamımız toplum olaraq hətta nömrəsini belə bilmədiyimiz, bizdən sürətlə uzaqlaşan “avtobusun” arxasınca qaçırıq: təki ona çata bilək, minək və durduğumuz yerdən uzaqlaşaq. Qloballaşmanın müəllifləri olan “super güclər” müasir dünyanı təqribən oxşar vəziyyətə çatdırıb. Əsas problem də ondadır ki, hadisələrin sürətlə cərəyan etməsi səbəbindən düşünməyə macal tapa bilmirik, illər ötdükcə isə düşünən beyinlərin sayı dəhşətli dərəcədə azalır. Oxşar mənzərə inkişaf etdikcə tək ümid yanlış olaraq həmin o uzaqlaşan “avtobusa” çatmaqla bağlı olur. Beləcədə müasir toplum hər gün sərbəst və dərin düşüncədən daha da uzaqlaşır. Təsadüfi deyil ki, dərin və maraqlı fikir artıq defisit məhsula çevrilib. Baş verən müxtəlif hadisələrin adi nəqli xalis biznes sahəsinə çevrilmiş mətbuatın sayəsində cəmiyyətə “analitika” kimi sırınır. Bəli, fikrinin qıtlığı nəinki perspektiv inkişafı dayandırır, hətta deqradasiyanın da səbəbi ola bilir. Dövlət və cəmiyyətin müstəqil “ruhunu” yaşadan, habelə dayanıqlı inkişafın sütunu olan ideologiya müstəvisində isə “fikir” tükənməz qüvvə mənbəyi kimi qarşımızda çıxış edir. Məhz bu səbəbdən də “fikir” və peşəkar siyasəti bir-birindən ayırd etmək mümkün deyil. Fikri olmayan siyasətin ömrü qısa olar, siyasətsiz olan fikrin də ictimai faydası olmaz.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.

O bildirib ki, informasiya bolluğuna rəğmən yaşanan fikir kasadlığı qaçılmaz olaraq siyasəti cılızlaşdırır, səhvlərin sayını artırır, qlobal internet isə siyasəti yanlışlıqla əlçatan fəaliyyət növünə çevirir. Nəticədə əldə etdiyimiz odur ki, vaxtaşırı müxtəlif “siyasi eybəcərliklərə” şahidlik etməyə məhkum oluruq. Dərin və peşəkar fikirdən məhrum olmuş məsuliyyətsiz demaqogiya, habelə pafoslu şüarlar səbəbindən dövlətin və cəmiyyətin inkişafında mühüm rol oynayan “siyasət” kimi önəmli bir sahə, sadəcə, fərdlər arasında münasibətləri aydınlaşdırma meydançasına çevrilib. Əlbəttə ki, informasiya bolluğu əsla siyasətdə dərin və müstəqil fikrin mövcudluğuna dəlalət etmir. Qlobal internet sayəsində baş verən sürətli və fasiləsiz informasiya axını isə müstəqil və milli fikrin istehsalını da əsaslı şəkildə çətinləşdirir. Məhz buna görə də bəziləri tək ümidi vaxt itirmədən və düşünmədən qaçaraq bizdən sürətlə uzaqlaşan yuxarıda bəhs etdiyimiz “avtobusa” çatmaqda görürlər. Gənc və müstəqil dövlətlər oxşar yaşam rejiminə qlobal tendensiyaların müəllifləri tərəfindən uğurla salınıb. Təsadüfi deyil ki, bütün səylərə rəğmən dünyanın əksər ölkələri, sadəcə, o məşhur “dələ” kimi durmadan təkəri yerində fırladırlar. Odur ki, gözüyumulu axının arxasınca qaçmamaq və geosiyasi tələlərə düşməmək üçün müstəqil, milli və dərin “fikir” mütləq olaraq siyasi münasibətlərin elementinə çevrilməlidir. Fikirdən məhrum olmuş siyasət dayaz çay kimi, sadəcə, səs salır və insanları çaşdıra bilir. Fikri boş nəzəriyyə adlandırıb onu siyasətdən kəsib atanlar isə əslində, siyasi münasibətlərdə demaqogiya və emosional manipulyasiyalara yol açırlar.

Asif Adil təəssüflə qeyd edib ki, dünyada müşahidə olunan texniki tərəqqi fonunda “fikri” boş nəzəriyyə adlandıranlar hələ də vardır. Bəlkə də bunun nəticəsidir ki, müasir siyasi münasibətləri sosial-psixoloji təzahürlər səciyyələndirir: böhtan, şər, manipulyasiya, təhrik, təzyiq, psixoloji pressinq, depressiya, apatiya, inkarçılıq, nifrət, qərəz, yanlış təsəvvürlər, stereotipli düşüncə tərzi, emosional gərginlik, əsassız tələskənlik və s. Bütün bunların kökündə təhrif olunmuş məlumat dayanır və əlbəttə ki, sadalanan bu təhlükəli təzahürlər olan yerdə sosial-siyasi adekvatlığın itməsi, sadəcə, zaman məsələsidir. Demaqogiya, ucuz populizm və emosional manipulyasiyalar internet vasitəsilə əhalinin ictimai şüurunda demokratik münasibətlərin əlamətləri kimi həkk olunur. Əlbəttə ki, sadalananlar bizi siyasətdə müstəqil və milli fikrin formalaşması prosesindən yalnız uzaqlaşdırır, tirajlanan saxta demokratiya təsəvvürləri isə siyasi prosesləri dalana sürükləyir. Fikir kasadlığı yaşanan siyasətdə mütləq ki, emosiyalar üstünlük təşkil edəcək, strateji hədəflər unudulacaq, cəmiyyətin diqqəti isə yalnız müxtəlif çətinliklərə yönəldiləcək. Bu səbəbdən də milli siyasi fikrin və milli ideologiyanın formalaşması prosesinin aqibətini sərhədsiz internetin öhdəsinə buraxmaq olmaz.

Politoloq vurğulayıb ki, bu gün nəzarətsiz internet, o cümlədən sosial şəbəkələr vəhşi cəngəlliklərə bənzəyir. Vəhşi cəngəllikdə isə sağlam və işlək demokratiya formalaşa bilməz. Odur ki, fikirsiz siyasət bizi təkrar olaraq vəhşi cəngəllik və ya daha pis olan soyuq mağaraya qədər qaytara bilər. Bu xalqın və doğma məmləkətin inkişafını ürəkdən arzulayan hər bir məsuliyyətli və vətənpərvər vətəndaş bilməlidir ki, Azərbaycan məhz “gözüyumulu” şəkildə sadəcə axarın arxasınca qaçmaq istəmədiyi üçün mütəmadi müxtəlif təxribatlar ilə üz-üzə qalır. Bəli, öz müstəqil yolu ilə davam etmək istəyən Azərbaycan bəzi qüvvələrin hədəfinə çevrilir. Ancaq millət və xalq olaraq onu da unutmamalıyıq ki, məhz öz müstəqil yolumuza sadiq qaldığımız üçün dünyada tüğyan edən “ikili siyasəti” ram edərək 44 günlük müharibədə tarixi Qələbəni əldə etdik. Heç bir qüvvə bu duyğuları, bu milli sevinci və qüruru bizdən oğurlaya bilməz. Əldə olunmuş uğurları və gələcək ilə bağlı olan ümidlərimizi daim qorumalıyıq. Burada mütləq olaraq Prezident İlham Əliyevin sözlərini yada salmalıyıq: “Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz”.

Comments are closed.

Tərcümə »