Öz regionunda – Cənubi Qafqazda liderlik mövqeyini geridönməz şəkildə möhkəmləndirən Azərbaycanın bu gün Mərkəzi Asiya və Avropa İttifaqı istiqamətində də əhəmiyyətliliyi getdikcə artır. Bu danılmaz həqiqəti ötən gün ölkəmizdə səfərdə olan Çexiyanın Baş naziri Andrey Babiş də Qəbələdə Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında açıq şəkildə söylədi. Çex lider, bizim ölkəmizin bu gün dünyanın diqqət mərkəzində olduğunu vurğulayaraq Azərbaycanın Çexiya Respublikası üçün strateji tərəfdaş olduğunu bildirdi. Andrey Babişin fikirlərinə dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev hazırda iki ölkə arasında çox fəal siyasi dialoqun mövcud olduğunu və bunun da öz növbəsində əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olduğunu qeyd etdi.
Çexiyanın baş naziri Andrey Babişin Azərbaycana səfəri protokol xarakteri daşıyan cari səfər deyil. Bu səfər Avropa ölkələrinin son vaxtlar Azərbaycana daha da artan marağı və diqqəti fonunda baş tutub. Xatırladaq ki, Babişin səfəri Litva, Latviya və Ukrayna liderlərinin Azərbaycana ard-arda səfərlərindən sonra gerçəkləşib. Bu da Azərbaycanın çox böyük sürətlə qlobal geosiyasi və geoiqtisadi maraqların kəsişmə, uzlaşma nöqtəsinə çevrildiyini göstərir. Geosiyasi əhəmiyyətliliyin fonunda Avropa ölkələrini Azərbaycanla sıx əməkdaşlığa sövq edən amillər kimi enerji təhlükəsizliyi, yeni nəqliyyat dəhlizləri, hərbi-texniki sahələr üzrə əməkdaşlıq kimi məsələləri də xüsusi olaraq qeyd etməliyik. Bir sözlə, Azərbaycanın enerji ixracatı və tranzit imkanları bu gün Avropa ölkələri üçün alternativ enerji mənbəyi və sabit tərəfdaş rolumuzu getdikcə daha da gücləndirir.
Elə Çexiya Baş naziri Andrey Babişin də Azərbaycana səfərinin əsas diqqət mərkəzində məhz enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və Avropa (+Çexiya) ilə Azərbaycanın yeni nəqliyyat dəhlizləri mövzuları olub. Çex lider bunun tam fərqindədir ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq Çexiyanın enerji təhlükəsizliyinə ciddi töhfə verəcək, iqtisadi əlaqələr isə yeni investisiya imkanları yaradacaq. Region üçün isə bu, Azərbaycanın Avropa ilə strateji körpü rolunu möhkəmləndirən mühüm addımdır. Ona görə də Babişin Azərbaycana səfəri bir neçə mühüm geosiyasi və iqtisadi məqamları ortaya çıxarır. Birinci növbədə, az öncə də qeyd etdiyimiz kimi enerji təhlükəsizliyi amilidir. Bu gün Rusiya-Ukrayna və İran-ABŞ (+İsrail) qarşıdurmaları fonunda Avropa ölkələrinin əksəriyyəti üçün (xüsusən də Çexiya kimi Mərkəzi Avropa ölkələri üçün) enerji mənbələrinin diversifikasiyası həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın qaz ixracı Avropa İttifaqı üçün həyati əhəmiyyətli alternativ və etibarlı mənbədir. Ona görə də Andrey Babişin Qəbələ səfəri Çexiyanın bundan sonra enerji siyasətində Azərbaycana daha çox yer ayıracağını göstərir. Başqa sözlə desək, Çexiyanın enerji təhlükəsizliyində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq.
İkinci ən önəmli amil isə iqtisadi əməkdaşlıq sahəsinə aiddir. Bu da onu göstərir ki, Babişin ölkəmizə böyük biznes nümayəndə heyəti ilə gəlməsi heç də təsadüfi deyil. Çexiya şirkətləri Azərbaycanda investisiya imkanları, infrastruktur, texnologiya və sənaye sahələrində əməkdaşlıq perspektivlərinə xüsusilə böyük maraq göstərirlər. İstehsal və texnologiya sahələrində yeni layihələrin gerçəkləşdirilməsi nəzərdən keçirilir. Ümumən götürdükdə, Çexiya həm enerji sahəsinə fokuslanacaq, həm də iqtisadiyyatdakı yeni investisiya imkanlarını ön plana çıxaracaq. Çünki bu gün bütün Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi ən aktual mövzu olduğu kimi, Çexiya üçün də enerji sahəsi əsas prioritet istiqamət sayılır. Amma eyni zamanda, Çexiya biznes dairələrinin Azərbaycana marağı göstərir ki, onlar yalnız qaz və neftlə kifayətlənmək istəmirlər. Onlar infrastruktur, sənaye, texnologiya və kənd təsərrüfatı kimi sahələrdə də əməkdaşlıq imkanlarını nəzərdən keçirirlər.
Bu cür paralel yanaşma – həm enerji təhlükəsizliyini diqqətdə saxlamaq, həm də iqtisadi əməkdaşlığı genişləndirmək gələcək perspektivlər baxımından Çex-Azərbaycan münasibətlərini daha balanslı və uzunmüddətli edəcək. Əgər əməkdaşlıq yalnız enerji üzərində qurulsaydı, bu, daha çox qısamüddətli və geosiyasi xarakter daşıyardı. Amma iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoyuluşları isə münasibətləri daha dayanıqlı edir və həm Çexiya, həm də Azərbaycan üçün davamlı qarşılıqlı faydalılıq imkanları yaranır. Beləliklə, Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsi Çexiya üçün daha tez nəticə verəcək, çünki qaz və neft tədarükü birbaşa ölkənin enerji təhlükəsizliyinə təsir edir. İqtisadiyyat və investisiyalar isə daha uzunmüddətli perspektivdə dayanıqlı əməkdaşlıq yaradacaq. Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda çıxış edən Çexiyanın Baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek də Azərbaycanla Çexiya arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğuladı.
Ölkələrimiz arasında fəal siyasi dialoqun mövcudluğu isə Azərbaycan-Çexiya münasibətlərinin kortəbii və mövsümi deyil, sistemli və institusional xarakter daşıdığını göstərir. Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi isə institusional əməkdaşlığı daha da dərinləşdirəcək. Azərbaycan–Çexiya münasibətləri qarşılıqlı hörmət, siyasi etimad və strateji maraqlar üzərində qurulan möhkəm tərəfdaşlıq modelinə əsaslanır. Prezident İlham Əliyev və Baş nazir Andrey Babişin mətbuata verdikləri bəyanatlarda yer alan fikirlər isə iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu təsdiqləyir. Dövlətimizin başçısının çex lideri Qəbələdə dost səmimiyyəti ilə qarşılaması bu səfərin iki dövlət arasında əlaqələrin daha da dərinləşməsinə əlavə töhfə verəcək. Beləliklə, Qəbələ dünyanın diqqət mərkəzinə düşən məkanlardan biri kimi ötən gün daha bir xarici liderin səfərinə ev sahibliyi etdi. Bakı, Xankəndi, Şuşa və Laçının ardınca Qəbələ də xarici ölkə liderlərinin üz tutduğu və beynəlxalq tədbirlərin keçirildiyi üstün məkana çevrilməkdədir. Azərbaycanımız üçün xeyirli-uğurlu olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.