Almaniya ilə münasibətlərin genişləndirilməsi hazırkı xarici siyasətimizin mühüm istiqamətlərindən birini təşkil edir

0

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Almaniyaya gerçəkləşdirdiyi işgüzar səfərinin nəticələri ölkəmiz üçün kifayət qədər səmərəli, faydalı oldu. Dövlət başçımızın istər Berlindəki soydaşlarımız tərəfindən coşqu ilə qarşılanması, istərsə də Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfransında və “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı səsləndirdiyi fikirlərin aktuallığı ilə diqqətləri cəlb etməsi önəmli hadisədir.

Bu səfəri ölkəmiz üçün əhəmiyyətli edən məqamlardan biri də budur ki, Avropa İttifaqının (Aİ) iki əsas aparıcı ölkələrindən biri olan Almaniya ilə münasibətlərin genişləndirilməsi hazırkı xarici siyasətimizin mühüm istiqamətlərindən birini təşkil edir. Çünki Fransadan fərqli olaraq Almaniya Cənubi Qafqaz regionuna münasibətdə pozucu, destruktiv siyasət yürütmür və Ermənistan-Azərbaycan dialoquna mənfi təsir göstərə biləcək heç bir addım atmır. Əksinə, biz Almaniya tərəfinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə hər vasitə ilə dəstək verməyə çalışdığını müşahidə edirik. Almaniyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində sülh sazişi üzrə danışıqların növbəti raunduna ev sahibliyi edərək üçtərəfli liderlərin görüşünü təşkil etməsi də buna əyani misaldır.

Yeri gəlmişkən, məhz həmin görüşdən sonra normallaşma prosesi sürətləndi. El dilində desək, Almaniyanın vasitəçiliyi düşərli oldu. Bu da ilk növbədə Fransadan fərqli olaraq Almaniyanın danışıqlar prosesində neytrallığını qoruyub saxlamasından qaynaqlanırdı. Nəticə etibarilə, hər zaman anti-Azərbaycan mövqeyindən çıxış edən Fransa, Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarda qaldı, “offsayt”a düşdü. Rəsmi Berlin isə həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığına, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinə neytral və obyektiv yanaşma sərgilədiyinə görə önə keçdi. Azərbaycan çevik diplomatiya siyasəti yürüdərək Almaniya ilə münasibətləri inkişaf etdirməklə Fransanın zəhərli siyasətini, anti-Azərbaycan mövqeyini neytrallaşdırmağı bacardı.

Almaniya da Azərbaycanla təmasların artmasından, əlaqələrin möhkəmlənməsindən razıdır. Rəsmi Berlin Azərbaycanın Cənubi Qafqazdakı aparıcı rolunu, iqtisadi potensialını düzgün dəyərləndirir və əlaqələrin genişlənməsinə önəm verir. Hazırda dünyanın ən böyük iqtisadi güclərindən biri sayılan Almaniya ilə Azərbaycan arasında bir çox istiqamətlərdə əməkdaşlıq genişlənməkdədir. İki ölkə arasında müxtəlif iqtisadi layihələrlə bağlı ümumilikdə 80-ə yaxın sənəd imzalanıb. Almaniyanın 249 şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu, kifayət qədər mühüm göstəricidir. Qarşıdakı illərdə isə Azərbaycan- Almaniya münasibətlərində iqtisadi əməkdaşlığın çəkisi daha da artacaq.

Ümumiyyətlə, Qərbin (o cümlədən Fransanın “xaç ata”lığı etdiyi bəzi Aİ ölkələrinin) Azərbaycana qarşı bu qədər ədalətsiz və qərəzli münasibətinə, əsassız təzyiqlərinə baxmayaraq dövlət başçımızın Avropa Birliyinin lokomotiv ölkəsi sayılan Almaniya ilə münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasına nail olması mühüm siyasi uğurumuzdur. İlham Əliyevin Almaniya səfərinə Füzuli Hava limanından start verməsi isə hər kəsə – dostlarımıza da, düşmənlərimizə də mesajdır. İşğaldan azad edilmiş Qarabağdan birbaşa Avropaya uçuşun gerçəkləşməsi Azərbaycanın yeni hədəflərindən, planlarından xəbər verir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »