Bəluclar İran rejimi ilə savaşır – İldırım

0

Bəlucistanda inqilabdan bu yana heç zaman sakitlik olmayıb. Hər zaman mübarizə aparıblar. Çünki onlar İran adlanan ölkədə qeyri-fars olduqları üçün milli, sünni olduqları üçün dini ayrı-seçkiliyə məruz qalıblar.

Bu sözləri Axar.az-a Qeyri-Fars Millətlər Cəbhəsinin sədri Saleh İldırım İranda etiraz aksiyaları ilə gündəmdən düşməyən etnik bəluclar haqqında danışarkən deyib.

Onun sözlərinə görə, İranda ən yoxsul icmalardan hesab olunan bəluclar hər gün yaşamaq uğrunda mübarizə aparır.

“Bəluclar Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalqdır. İran adlanan ölkədə isə Sistan və Bəlucistan, Kirman vilayətlərində yaşayırlar. İran əhalisi ilə az inteqrasiya olunublar. Böyük bir qismi köçəri həyat tərzi sürür. Bəluclar yorulmadan istiqlal mübarizəsi aparır. Onlar buna məcburdur və problem içində üzürlər. Bəzi şəhərləri istisna olmaqla, Bəlucistanda su problemi mövcuddur. Məktəbləri az sayda olduğundan əhalinin çoxu savadsızdır. Yerli sakinlər neft qaçaqmalçılığı ilə məşğuldur. Pakistanda neft satmaqla dolanırlar. İş başında tutulduqda, rejim mənsubları tərəfindən güllələnirlər”.

Saleh İldırım vurğulayıb ki, xalq tez-tez mübarizə meydanlarında olsa da, sayları az olduğu üçün İranda çevriliş etmək imkanları da aşağıdır:

“Rejim bəlucların siyasi mübarizəsini dəfələrlə qırmağa çalışıb. Onların liderləri oğurlanaraq öldürülüb. Buna rəğmən, Bəlucistan Qurtuluş Hərəkatı və Bəlucistan Azadlıq Hərəkatı yorulmadan mübarizə aparır. Bizimlə də əlaqələri var. Hətta son platformadakı bəyanata da imza atıblar. Dövlətçilik mücadiləsi yürüdürlər. Böyük əksəriyyəti istiqlalçıdır. Bəlucistan Millət Partiyası isə siyasi düşüncəsinə görə federalçı idi. Hazırda federalizimdən uzaqlaşaraq Pəhləvi və mərkəzçi qüvvələrə yaxınlaşıb. Başqa qrupları da var. Bəzən Azərbaycan təşkilatları ilə “clubhouse” üzərindən görüşüb, müzakirələr aparırlar”, – o bildirib.

Qeyd edək ki, hər cümə günü bəluclar İranda etiraz aksiyası keçirir, rejim tərəfindən yüzlərlə gəncin edam olunmasına qarşı çıxış edirlər. Qeyri-rəsmi mənbələr 2022-ci ildə İranda 628 etnik bəlucun öldürüldüyünü yayıb. Onlardan 182 nəfər narkotik ittihamı ilə edam edilib. 2022-ci ildə İranda etirazların yatırılması zamanı da daxil olmaqla, İran təhlükəsizlik qüvvələri tərəfindən 167 nəfər güllələnib. Rejim bəluclara qarşı repressiv hərəkətlərini bu gün də davam etdirir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »