İtalyan professoru Leonardo da Vinçinin ana tərəfdən çərkəz olduğunu iddia edir

0

Martın 15-də Neapol Universitetinin tarix üzrə professoru Karlo Veççenin “Katerinanın təbəssümü” romanı mağazalara satışa buraxılıb. Professorun tapdığı sənədlərə əsaslanan əsərdə iddia olunur ki, Leonardo da Vinçi yarı çərkəzdir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 64 yaşlı filoloq və Renessans üzrə mütəxəssis, Neapol Şərq Universitetinin professoru Karlo Veççe iyirmi il sırf Leonardo da Vinçi irsini tədqiq edir və onun barəsində elmi və elmi-populyar janrda bir çox kitab çap etdirib. Lakin martın 15-də satışa buraxılan və genişformatlı reklam kampaniyası ilə müşayiət olunan bu kitab onlardan çox fərqlənir. “Katerinanın təbəssümü” adlı bu əsər tarixi romandır (“Giunti Editori” nəşriyyatı). Əsərin baş qəhrəmanı – Leonardo da Vinçinin anası barədə bu vaxta kimi az məlumat var idi. Məlum idi ki, o, faktiki olaraq Vinçidə doğulmuş zəngin Florensiya notariusu Pyetronun kənizi olub və Leonardo da daxil olmaqla bir neçə uşaq dünyaya gətirib. Leonardo daha sonra atasının “qanuni” ailəsinə götürülüb.

“La Repubblica Firenze” nəşrində yazılır ki, bu qadının romanda necə təsvir edildiyi kitabın əsas sensasiyasıdır. Professor Veççenin sözlərinə görə, onun elmi tədqiqatlarından elə nəticə çıxır ki, Katerina, bundan əvvəl hesab edildiyi kimi, sadə italyan kəndli qadını deyil, zadəgan çərkəz, Qafqazın şimal yamaclarında knyazlıqlardan birinin hökmdarı olan knyaz Yakovun qızı olub. O, “tatarlar” tərəfindən əsir götürülüb və venesiyalılara köləliyə satılıb. Karlo Veççe Katerinanın “köləlikdən azad edilməsi barədə sənədi” Florensiya Dövlət Arxivində tapıb. Bu sənəd Leonardonun doğumundan təxminən altı ay sonra onun atası tərəfindən 1492-ci il noyabrın 2-də imzalanıb.

Özü-özlüyündə belə bir süjet XV əsrin ortaları üçün adidir; “Vinçidən olan dahi”nin mənşəyi ilə bağlı bu cür fərziyyələr artıq irəli sürülüb, lakin sübut olmaması səbəbindən ciddiyə alınmayıb. Odur ki, indi çaşqınlığa səbəb ola biləcək yeganə şey akademik alimin əhəmiyyətli tapıntısı haqqında elmi məqalə dərc etməməsi, onu dərhal çox ənənəvi, təsvirinə görə, roman formasında təqdim etməsidir. Roman, əlverişsiz şəraitə boyun əymək məcburiyyətində qalan, lakin onun xüsusiyyətlərini məşhur rəsmlərində və xüsusən də Mona Lizanın cizgilərində dəqiq əks etdirən bir dahi yetişdirmək üçün güc tapan azad və müstəqil qadın haqqındadır.

Onu da əlavə etmək lazımdır ki, o vaxtlar və daha sonrakı dövrlərdə olduğu kimi, bütün Şimali Qafqaz xalqları, məhz çərkəzlər, adıgeylər, osetinlər və s. ümumi adla “çərkəzlər” (сircassi) adlandırılıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »