Nazirlər Kabineti (NK) “Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nı təsdiq edib.
İctimai Rəy xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda “Qaz təchizatı haqqında” qanuna əsasən hazırlanıb, burada istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
Müayinə istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar olunması məqsədilə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz keçirilir.
Sahibkarlıq subyektlərinə münasibətdə müayinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
“Müayinənin keçirilməsində əsas məqsəd istehlakçıların qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin işçi vəziyyətinin müəyyən edilməsidir. Qərarın qəbulu qaz təsərrüfatlarında təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, mümkün risklərin qarşısının alınmasına, eləcə də qaz təchizatı sahəsində vahid və sistemli nəzarət mexanizminin formalaşdırılmasına xidmət edir”, – deyə NK bəyan edib.
Comments are closed.