Bakı və Ankaranın ikitərəfli əməkdaşlığı artıq regional sülh və qlobal təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilib

Əvvəllər dünyanın aktual problemləri yalnız Davos İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında müzakirə olunurdu. Lakin geosiyasi təlatümlərin artdığı, qlobal güc mərkəzlərinin yenidən formalaşdığı, regional münaqişələrin dərinləşdiyi, beynəlxalq hüququn çökdüyü və BMT kimi universal beynəlxalq birliklərin təsir gücünü itirdiyi, eləcə də qlobal sülh və təhlükəsizliyin daim sınağa çəkildiyi bir dövrdə alternativ beynəlxalq toplantı platformalarının əhəmiyyəti getdikcə daha da artır. Bu kontekstdə Azərbaycan və Türkiyənin ev sahibliyi etdikləri Qlobal Bakı Forumu və Antalya Diplomatiya Forumu tez-tez dəyişən yeni dünya reallıqlarında qlobal dialoq və əməkdaşlıq üçün həqiqətən də unikal imkanlar yaradır.

Dünyanın müxtəlif ölkələrindən siyasi liderləri və beyin mərkəzlərinin nümayəndələrini, nüfuzu ekspertləri bir araya gətirən bu platformalar yeni çağırışlar və qlobal risklər fonunda dialoq və diplomatiyanın əhəmiyyətini, regional güclərin artan rolunu daha aydın şəkildə ortaya qoyur. Başqa sözlə desək, bu gün qlobal səviyyədə baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və iqtisadi çağırışlar dövlətlər arasında dialoq və əməkdaşlığın əhəmiyyətini daha da artırır. Bu baxımdan Qlobal Bakı Forumu və Antalya Diplomatiya Forumu sözügedən dialoq və əməkdaşlığın təmin olunması üçün artıq beynəlxalq müstəvidə mühüm rol oynayan platformalara çevriliblər.

Aprelin 17-də Türkiyənin Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimində səslənən aktual fikirlər bu cür platformaların qlobal sülh və əməkdaşlıq üçün əhəmiyyətini bir daha ortaya qoyur. Bu forumlar ilk növbədə Azərbaycan və Türkiyəyə regional sabitliyə və regional sahiblənməyə nail olmaq və eyni zamanda qlobal proseslərə təsir etmək üçün dialoq qurmağa və diplomatiya tətbiq eməyə imkan yaradır. Antaliya Diplomatiya Forumu da adından da göründüyü kimi qlobal diplomatiya alətlərinə üstünlük verməklə qısa müddət ərzində böyük beynəlxalq nüfuz qazanaraq müxtəlif ölkələrin siyasi liderlərini, diplomatlarını və ekspertlərini bir araya gətirən olduqca vacib dialoq platformasına çevrilib.

Azərbaycan rəhbərliyi də hər il davamlı olaraq bu forumun açılış mərasimlərində ən yüksək səviyyədə təmsil olunur. Bu il də eyni xətti davam etdirdik. Prezident İlham Əliyev ötən gün qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumunun açılış törənində iştirak etdi. Bu, artıq ənənəvi hal alır və xüsusi siyasi-diplomatik məna daşıyır. Dövlətimizin başçısının növbəti dəfə Antalya Diplomatiya Forumuna qatılması faktı həm iki ölkə arasında mövcud olan birliyin və qardaşlığın, həm də strateji müttəfiqliyin təzahürüdür. Azərbaycan lideri bu tədbirə qatılmaqla qardaş ölkənin xalqına və rəhbərliyinə yüksək hörmət və etimadını nümayiş etdirir.

Azərbaycan-Türkiyə əməkdaşlığı məhz liderlərimizin qətiyyətli siyasi iradələri nəticəsində imzalanan Şuşa Bəyannaməsi ilə daha geniş müstəviyə yüksəlib. Vaxtilə “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan ikitərəfli əlaqələrimiz hazırda yalnız iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafına və sabitliyinə mühüm töhfələr verir və eyni zamanda, Azərbaycan-Türkiyə tandemi üçtərəfli əlaqələr və ittifaqlar (Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Gürcüstan) üçün etibarlı zəmin rolunu oynayır. Başqa sözlə desək, Bakı və Ankaranın ikitərəfli əməkdaşlığı artıq regional sülh və qlobal təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilib. Belə ki, Azərbaycan və Türkiyə bu gün yalnız Cənubi Qafqaz və Avrasiya məkanında deyil, qlobal miqyasda əməkdaşlıq üçün mühüm körpü rolunu oynayır. Forum zamanı Türkiyə, Azərbaycan və Pakistan liderlərinin bir araya gəlib səmimi ünsiyyət qurması isə dünyaya verilən sıx birlik və həmrəyliyin ifadəsidir.

Comments are closed.

Tərcümə »