Vardanyan 2 günə istefa verir? – Paşinyanın partiyadaşı AÇIQLADI

0

Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının parlament fraksiyasının sədr müavini, həmçinin müdafiə nazirinin sabiq müavini olmuş Qaqik Melkonyan Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyanın postunu tərk edəcəyi barədə danışıb.

Modern.az “Azadlıq radiosu”nun erməni xidmətinə (azatutyun.am) istinadən xəbər verir ki, deputat məlumatı haradan aldığını açıqlamasa da, qarşıdakı günlərdə bu qərarın elan olunacağını bəyan edib.

“Mən dedim ki, məndə məlumat var. Fevralın 23-nə qədər Ruben Vardanyan istefa verməlidir. Amma bu məlumatı haradan və necə əldə etdiyimi izah etməyəcəyəm”, – Melkonyan bildirib.

O qeyd edib ki, Vardanyanın getməsini düzgün hesab etdiyini gizlətmir.

“Ruben Vardanyana demək lazımdır ki, Rubencan, hardan gəlmisənsə, geri qayıt. Təbii ki, bütün problem Rubenin orada olması ilə bağlıdırsa, təbii ki, Qarabağdakılar Rubenə deməlidir ki, getsin”, – deputat əlavə edib.

Qaqik Melkonyanın sözlərinə görə, Ruben Vardanyanın gedişi təkcə Laçın dəhlizi məsələsinə kömək etməyəcək, həm də Qarabağdakı parçalanma məsələsini həll edəcək: “Ruben Vardanyanın orada olması fikir ayrılığına səbəb oldu. Ondan soruşmaq lazımdır ki, səni kim göndərib və niyə Qarabağa gəlmisən? Təbii ki, ruslar göndərib, başqa kim olasıdır?”.

Deputat əmin olduğunu ifadə edib ki, Ruben Vardanyan Moskvanın dediyini edib. Paşinyanın partiyadaşının sözlərinə görə, son vaxtlar Ermənistan hakimiyyəti ilə Qarabağ arasında münasibətlərin gərginləşməsinin səbəbi də bu olub və Vardanyanın gedişi ilə Qarabağla Ermənistan arasında problemlər aradan qalxacaq.

Hakim partiyanın nümayəndəsi əlavə edib ki, Qarabağda Arayik Arutyunyanın və Ruben Vardanyanın “hakimiyyəti” yaradılıb: “Lakin Arutunyanın Moskvaya səfərindən sonra vəziyyət dəyişdi. Arutyunyan Moskvaya gedib geri qayıdanda başa düşdü ki, nəyisə qaçırsa, işi bitdi, ona görə də yenidən nəzarəti ələ keçirib”.

Məlumata görə, bu müzakirələr Qarabağda da yenidən qızışıb. Qarabağda müxalif Tiqran Petrosyan da bu yaxınlarda qəbul edilmiş siyasi qərarı açıqlayıb. O iddia edib ki, Arayik Arutyunyan “baş prokuror” Qurgen Nersisyana “dövlət naziri” vəzifəsini təklif edib.

“Əvvəla, Qurgen Nersisyanla görüş oldu, o, mənə bildirdi ki, qərar artıq qəbul olunub və Ruben Vardanyan getməlidir. Onun necə gedəcəyi məlum deyil, amma o, gedəcəyini deyib və Arayik Arutyunyan Nersisyana sözügedən təklifi edib”, – Petrosyan bildirib.

Bundan əvvəl qondarma rejimin “baş prokuror”u Qurgen Nersisyan “Mediahub”a müsahibəsində ona “dövlət naziri” vəzifəsinin təklif olunduğunu təsdiqləsə də, hələlik qərar vermədiyini diqqətə çatdırıb.

Qarabağda müxalif Metaxe Akopyan isə əmindir ki, Ruben Vardanyanın özü istefa verməyəcək və Arayik Arutyunyan onu istefaya göndərməli olacaq. O bildirib ki, Arutyunyan bu addımı atarsa, bu, Bakının tələbinin yerinə yetirilməsi demək olacaq.

Akopyanın sözlərinə görə, Ruben Vardanyan Bakının milli azlıq kimi Qarabağ erməniləri ilə dialoq aparmasının əleyhinədir: “Vardanyan bəyan edib ki, bu formatda müzakirələr yolverilməzdir və əleyhinədir. O deyir ki, bizə obyekt kimi deyil, subyekt kimi baxılmalıdır. Aydın məsələdir ki, bu, Azərbaycanın məqsədi və istəyinə uyğun deyil”.

 

Metaxe Akopyan həmçinin vurğulayıb ki, Arayik Arutyunyan Ruben Vardanyanı işdən çıxarsa, bu, qəzəbə səbəb olacaq. Vardanyanın özü və komandasının üzvləri isə fevralın 23-də gözlənilən istefası ilə bağlı xəbərlərə hələ də reaksiya verməyiblər. Arayik Arutyunyan isə həmin gün ictimai mesaj çatdıracağını açıqlayıb.

 

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın öz vətəndaşları hesab etdiyi Qarabağın erməni icması ilə münasibətlər qurmağa hazır olduğunu və onlara bütün Azərbaycan vətəndaşlarının malik olduğu qədər hüquq və təhlükəsizlik təminatı veriləcəyini elan edib, lakin Moskvadan göndərilən Ruben Vardanyanın Qarabağı tərk etməli olduğu vurğulanıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »