Hindistan “Dost” əməliyyatına başlayıb

0

Türkiyə və Suriyada 06 fevral 2023-cü il tarixində baş vermiş güclü zəlzələdən sonra Hindistanın Baş naziri cənab Narendra Modi zərərçəkən insanlara mümkün olan bütün yardımların göstərilməsi tapşırığını verib.

Bu məqsədlə axtarış-xilasetmə tədbirləri və tibbi yardım baxımından lazımi dəstəyi təmin etmək üçün “Dost” əməliyyatına başlanılıb. Bu yardım əməliyyatı müxtəlif qurumlar arasında koordinasiya vasitəsilə ümumhökumət yanaşması əsasında baş tutub.

Çevik reaksiya sayəsində yardım xahişinin alınmasından bir neçə saat sonra ixtisaslaşmış axtarış-xilasetmə qrupunun Hindistan Hərbi Hava Qüvvələrinin ilk C-17 təyyarəsi ilə Türkiyəyə göndərilməsi mümkün olub.

Həmin andan bəri Hindistan Hərbi Hava Qüvvələrinin 5 təyyarəsi ilə Türkiyəyə 250 nəfərdən çox şəxsi heyət, xüsusi avadanlıq və 135 tondan çox digər yardım vasitələri göndərilib.

Bura axtarış itləri, xüsusi avadanlıq, nəqliyyat vasitələri və ləvazimatlarla yanaşı, 150 nəfərdən çox xüsusi təlim keçmiş şəxsi heyətdən ibarət Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin (NDRF) üç qrupu da daxildir. Onların avadanlığı çökmüş tikililərin altında qalan insanları aşkarlamağa, yerini təyin etməyə və onları dağıntıların altından çıxarmağa imkan verir.

Bundan əlavə, Hindistan Ordusunun 30 çarpayılıq səhra xəstəxanasının quraşdırılması üçün şəxsi heyət və qurğular göndərilib. Buraya zəruri dərman vasitələri, qabaqcıl avadanlıq, nəqliyyat vasitələri və təcili yardım maşınları olan 99 nəfərlik xüsusi təlim keçmiş şəxsi heyət daxildir. Xəstəxanada tam funksional əməliyyat otağı, eləcə də rentgen və süni nəfəs aparatları və s. mövcuddur.

Hindistanın axtarış-xilasetmə qruplarının Türkiyəyə göndərilməsi Hindistanın Ankaradakı Səfirliyi vasitəsilə yerli hakimiyyət orqanları ilə razılaşdırılır. NDRF qrupları Qaziantepdə xilasetmə əməliyyatlarına köməklik göstərir, həkimlərdən ibarət qrup isə İskəndərunda səhra xəstəxanasını quraşdırır. Xilasetmə və yardım əməliyyatlarında iştirak edən qruplara kömək üçün ikisi türkdilli zabit olmaqla Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət qrup Türkiyəyə ezam olunub.

Bundan başqa Hindistanın Ankaradakı Səfirliyi Türkiyənin zəlzələdən ən çox zərər çəkən Adana, Qaziantep, Malatya və Kahramanmaraş vilayətləri başda olmaqla, zərər çəkmiş bölgələrdəki Hindistan vətəndaşlarının rifah halını araşdırır.

Suriyaya gəlincə, Hindistan Hərbi Hava Qüvvələrinin C130J təyyarəsi ilə Dəməşqə 6 tondan çox təcili yardım vasitəsi çatdırılıb. Buraya təcili istifadə üçün dərmanlar, hidratasiya üçün mayelər, qoruyucu avadanlıq, ümumi istifadədə olan dərmanlar və elektrokardioqrafiya aparatları, xəstələrə nəzarət aparatları və s. kimi tibbi avadanlıqlar daxildir. Humanitar yardım Suriyanın yerli idarəetmə və ətraf mühit nazirinin müavini cənab Moutaz Douaji tərəfindən Dəməşq hava limanında qəbul edilib.

Hindistan bu dağıdıcı zəlzələdən zərər çəkənlərə bütün mümkün dəstəyi göstərməyə hazırdır. “Dost” əməliyyatı göstərir ki, Hindistan ilk yardım, təhlükəsizliyin təminatı, humanitar yardım və fəlakətlərlə mübarizə tədbirlərini nəinki öz regionunda, həm də ondan kənarda olan ölkələr üçün sürətlə təmin edə bilən ölkədir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »