“Azərbaycanın əhəmiyyəti və nüfuzu xeyli dərəcədə artır”

0

Son vaxtlar beynəlxalq münasibətlərdəki xaos vəziyyəti və geosiyasi qarşıdurmalar getdikcə daha təhlükəli hal alır. Rusiya-Ukrayna müharibəsinin nəticəsində dünyanın bütün ölkələri yeni reallıqlar və çağırışlarla üzləşməkdədir. Azərbaycan bu yeni reallıqlar fonunda öz inkişaf strategiyasını, yeni strateji kursunu inamla gerçəkləşdirir. Ölkəmiz son vaxtlara qədər dünyaya ənənəvi olaraq neft və qaz ixrac edən bir ölkə kimi tanınırdısa, hazırda isə həm iqtisadiyyatın şaxələndirilməsi, həm də alternativ enerji mənbələrinin yaradılması, dayanıqlı inkişafın təmin edilməsi ilə fərqlənir.

Belə ki, ölkəmiz son illərdə “yaşıl enerji” siyasətini fəal surətdə yürütməyə başlayıb. Ənənəvi neft və qaz resursları ilə yanaşı, Azərbaycan həmçinin böyük yaşıl enerji resurslarına malikdir. Bu isə o deməkdir ki, ölkəmiz gələcəkdə bu sahədə də Avropa qitəsinin taleyində mühüm rol oynayacaq. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində, eləcə də Xəzər dənizində böyük yaşıl enerji resurslarına sahib olan Azərbaycan bu enerjinin Avropaya ötürülməsi üçün tələb olunan infrastrukturu qurmaq imkanlarına da malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniya, Bolqarıstan, İtaliya, Serbiya, Macarıstan və s. ölkələrə intensiv səfərləri artıq həm ənənəvi enerji resurslarının nəqli imkanlarının daha da artırılması, həm də “yaşıl enerji” ixracının perspektivləri istiqamətində öz müsbət nəticələrini verir. Azərbaycanın enerji ixracı və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına dair təklif və təşəbbüsləri qitə literləri və Avropa qurumları tərəfindən birmənalı razılıq hissilə qarşılanır. Azərbaycan Prezidentinin yanvarın 29-da Macarıstana rəsmi səfərinin nəticələri də bunu deməyə əsas verir.

Macarıstanın Baş naziri Viktor Orbanın yanvarın 30-da Budapeştdə keçirilən mətbuat konfransında çıxışında qeyd etdiyi kimi Azərbaycan-Macarıstan liderlərinin bu görüşü sadəcə dostların görüşü deyil. Bu görüş əsnasında hər iki ölkə liderləri arasında strateji məsələlərə dair müzakirələr aparıldı, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı və bu əməkdaşlıq daha da genişləndirildi. Bunun ilkin və əsas səbəbi isə ondan ibarətdir ki, hər iki ölkə yaxşı dərk edir və aydın görür ki, hazırda təkcə Avropa deyil, dünyanın digər bölgələri də ciddi təhlükələrlə üz-üzədir. Belə bir kritik durumda bir çox ölkələr kimi Macarıstan üçün də olduqca təhlükəli reallıqlar, təhdidlər yaranıb. İstər Macarıstanın enerji təhlükəsizliyi, istərsə də bütövlükdə Avropanın enerji təhlükəsizliyi olduqca həssas məqama qədəm qoyub. Bu gün Avropa ölkələri özlərini potensial təhlükələrdən sığortalamaq üçün mümkün çıxış yollarını axtarmaqdadır.

Bu baxımdan artıq Avropada hər kəs anlayır ki, qitənin yeni reallıqlara və çağırışlara, potensial təhlükələrə olan ən optimal cavabı məhz enerji nəqlinin şaxələndirilməsidir. Qitə öz enerji ehtiyaclarını təmin etmək üçün yalnız bir mənbədən yox, ən müxtəlif mənbələrdən enerji resursları idxal etməlidir. Yaranmış belə bir şərait isə heç şübhəsiz ki, Azərbaycanın əhəmiyyətini və nüfuzunu xeyli dərəcədə artırır. Və bu həqiqəti bir çox ölkə liderləri kimi bu gün Macarıstan Prezidenti xanım Katalin Novak da, Baş nazir Viktor Orban da açıq və səmimi şəkildə etiraf edirlər. Macar baş nazirin də vurğuladığı kimi Azərbaycan hər zaman Macarıstanın dostu və müttəfiqi olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Avropanın enerji təhlükəsizliyinin həssas məqama qədəm qoyduğu hazırkı məqamda Azərbaycanın vazkeçilməz bir ölkəyə, strateji tərəfdaşa çevrilməsi əlbəttə, hər birimizdə qürur hissi doğurur.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partriyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »