“Qarabağ” idman klubunun Rotterdamdakı ofisində Benilüks Azərbaycanlıları Konqresi üzvləri 20 Yanvar faciəsinin qurbanlarını yad etdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb.
Anım mərasimi, öz işini şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükut edilməsi ilə başladı.

Toplantını açan BAK ın sədri Elsevər Məmmədov Bakıda törədilən qətliamla bərabər, Gəncə şəhərində və digər regionlarda da insanların ölümünə səbəb olan hadisələrin törədilməsindən danışdı.

Toplantının digər üzvləri də, həmin gecə baş verən hadisələri anbaan xatırladılar.

Xalqımızın üzərinə tank və silahlar yonəldən Sovet qoşununun qəddarlığını müzakirə etdilər. Məhz belə hadisələr, 1991 ci ilin avqust ayında Sovet İttifaqının dağılmasına səbəb oldu ki, həmin ildə Azərbaycan Respublikası müstəqilliyini bütün dünyaya bəyan etdi.

BAKın sədr müavini Sima Cəfərova, ll Qarabağ mühəsibəsi şəhidlərinin 20 Yanvar şəhidlərinin varisi olduğunu vurğuladı.

BAK ın Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan isə 20 Yanvar hadisəsinin və Azərbaycanın müstəqillik əldə etməsi, Cənublu soydaşlarımızın azadlıq mübarizəsinin təkmilləşməsinə təkan verdiyini qeyd etdi.

Toplantıda çıxış edən Zərifə Süleymanova, Oqtay Tatlızadə, Əli Toptas və digərləri Qanlı Yanvarı, tariximizə həkk olunan bir hadisə kimu qiymətləndirdilər.

Anım tədbirindən sonra BAK idarə heyəti növbəti toplantısını keçirərək gələcək planları müzakirə etdi.