Vasif Talıbovun oğlu da İSTEFAYA GEDİR

0

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin bu gün keçirilən qapalı iclasında gözlənilməz hadisə baş verib.

İclasda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Bu xəbər ölkə gündəminin 1 nömrəli informasiyası kimi KİV-lərin və sosial şəbəkələrin gündəmi olub, Vasif Talıbovun istefası ilə bağlı müzakirələr açılıb.

Müzakirələrdə onun hətta həbs oluna biləcəyi iddiaları da səsləndirilir.

Qeyd edək ki, bir müddət əvvəl DTX Naxçıvanda əməliyyat keçirib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç yüksək vəzifəli şəxs – maliyyə naziri Rafael Əliyev, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.

Təkcə üç nəfərin mənimsədiyi dövlət vəsaitinin həcmi yarım milyard manata yaxındır.

Belə ki, DTX-da açılan cinayət işi üzrə istintaq zamanı məlum olub ki, Naxçıvan MR Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitini mənimsəyib.

Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov isə qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunub.

Beləliklə, Naxçıvanda təkcə üç məmurun mənimsədiyi dövlət vəsaitinin ümumi məbləği 488 361 min manatdır.

Vasif Talıbovun məhz bu yeyintilərlə əlaqədar bir neçə gün öncə Bakıya çağırılıdığı və dindirildiyi bildirlir. Cənab Talıbov Bakıdan qayıtdıqdan dərhal sonra istefa verib.

Naxçıvandakı mənbədən Modern.az-a verilən məlumatda bildirilib ki, tezliklə daha bir səs-küylü istefanın şahidi ola bilərik. Belə ki, Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan MR Ali Məclisinin üzvlüyündən istefa verəcəyi gözlənilir, onun deputat mandatını təhvil verməyə hazırlaşdığı qeyd edilir.

Qeyd edək ki, Seymur Talıbov hazırda Ali Məclisdə fəaliyyət göstərən 44 deputatdan biridir.

1988-ci il təvəllüdlü Seymur Talıbov həm də 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru idi. O, bir neçə gün öncə prorektor vəzifəsindən istefa verməyə məcbur olub. Seymur Talıbov eyni zamanda universitetdə dərs deyir, Beynəlxalq münasibətlər kafedrasının dosentidir. Seymur Talıbov həm də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.

Xatırladaq ki, Vasif Talıbovun böyük oğlu Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir. O, general rütbəsi daşıyır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »