Rusiya hərbçiləri Qubadlı ərazisində də Azərbaycan hərbi karvanlarını müşayiət edir?..

0

Yoxsa bu da Rusiya MN əməkdaşlarının növbəti “texniki səhvi”dir?..

Azərbaycan Respublikasının Laçın rayonunun ermənilər üçün “dəhliz” edilmiş hissəsi və Yuxarı Qarabağın ermənilərin məskunlaşdığı ərazisində müvəqqəti(!) olaraq yerləşdirilmiş Rusiya “sülhməramlı” kontingentinə aid dünən, 15 iyun Bakı vaxtı ilə axşam saat 20:00-a dair xəbər bülletenində növbəti gözlənilməz məqam qeydə alınıb.

IctimaiRey.az  Moderator.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı” kontingentə dair bölməsində dərc olunmuş bülletendə adəti üzrə həmin kontingentin öz məsuliyyət zonasında müşayiət etdiyi Azərbaycan Silahlı Qüvvələrinin avtomobil karvanlarının siyahısı göstərilib.

 

Halbuki, bildiyimiz kimi, istər Qubadlı rayonu ərazisi bütövlükdə, istərsə də, Laçın rayonunun dəhliz hissəsi istisna olmaqla digər hissəsi Rusiya “sülhməramlı” kontingentinin nəzarətində deyil. Və Qubadlı rayonu ərazisindən Laçın rayonunun Qarıqışlaq kəndinə gələn hər hansı hərbi və ya mülki kolonun müşayiət olunmasınu Rusiya sülhməramlıları cənub istiqamətində Laçın rayonunun dəhlizə daxil olan Ağanus kəndindəki nəzarət postlarından başlayaraq Laçın şəhərindən və Zabux kəndindən keçməklə uzağı eyni rayonun Cağazur kəndinin yaxınlığınadək icra edə bilərlər…

Bəs nəyə görə, hansı əsasla Rusiya hərbçiləri Azərbaycan dövlətinin və Silahlı Qüvvələrinin bilavasitə nəzarət etdiyi ərazidə ordumuzun maşın karvanlarını müşayiət edir? Məgər Azərbaycan ordusu özünün nəzarət etdiyi Azərbaycan Respublikasının suveren torpaqlarında öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil? Düzdü, Qubadlıdan gələn yol Laçın rayonunun Qazıdərə kəndi yaxınlığından başlayaraq təxminən 9-10 km məsafədə Ermənistanla sərhədə hava xətti ilə 200-300 metrlik məsafədən keçir. Ancaq axı həmin sərhəddə də Azərbaycan ordusunun yetərli sayda bölmələri və texnikası dayanır… Yoxsa bu da Rusiya MN əməkdaşlarının növbəti “texniki səhvi”dir?..

Bəhs edilən bu və digər suallara rəsmi cavab tapmaq üçün Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə zəng etsək də, əlimizdə olan şəhər və mobil nömrələrdən zənglərimizə cavab verən olmadı…

Ümid edirik ki, tezliklə məsələyə aydınlıq gətiriləcək…

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »