Hacıyevə 10 min verib bələdiyyə sədri seçildim – Şahid

0

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən İmişli rayonunda bələdiyyə sədri işləmiş Qəhrəman Qəhrəmanov bu vəzifəyə təyin olunmaq üçün Vilyam Hacıyevə 10 min manat rüşvət verdiyini deyib.

“3 kənd üzrə bir bələdiyyə sədri təyin olunurdu. Kredit götürüb haqqımı verib sədr seçildim. 2014-2019-cu illərdə bələdiyyə sədri olmuşam. Bundan başqa SSRİ dövründə Əfqanıstanda döyüşdüyümə görə Moskvadan mənə medal göndərmişdilər. Vilyam Hacıyev dedi ki, ümumi iclasda medalı sənə təqdim etmək üçün 1000 manat verməlisən. Sonra 500 manata razılaşdıq. Medalı sinəmə taxdı, təqdimat elədi. Bələdiyyə sədri seçki ilə seçilməli idi, amma mən qanunsuz seçilmişəm, Vilyam Hacıyevə haqq vermişəm”, – deyə şahid bildirib.

Şahidin ifadəsinə etiraz edən Vilyam Hacıyev deyib ki, o bələdiyyə sədrinin qanunsuz əməllərindən Ədliyyə Nazirliyinə şikayət edib:

“Bu adam yalan danışır. O qanunsuz işlədiyinə görə şikayət etmişəm. Araşdırma aparılıb və ona İmişli rayon məhkəməsinin qərarı ilə həbs cəzası verilib”.

Məlum olub ki, Q.Qəhrəmanov barəsində həqiqətən də məhkəmə qərarı olub və o 15 sutka həbslə yanaşı, 2 min manat cərimə edilib.

Vilyam Hacıyevin vəkili bələdiyyə sədrinə sual verib ki, “əgər siz Vilyam Hacıyevə pul vermişdinizsə, niyə sizi şikayət edirdi”. Şahid cavabında bunun rayon ərazisindəki göllə bağlı olduğunu bildirib.

Daha sonra İH-in şöbə müdiri Mirzə Quliyev ifadə verib:

“Mən kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etmişım. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Vilyam müəllim yaxşı insan olub, amma rüşvətlə bağlı bəzi əməlləri olub. Kimsə kənd icra nümayəndəsi təyin olunurdusa, 5 min, icra nümayəndəsinin müavini təyin olunurdusa, 2 min manat ödəməli idi. Bir dəfə də Dövlət Neft Şirkəti tərəfindən köçürülən 150 min manatı Unibankdan götürüb Vilyam Hacıyevə vermişəm”.

Daha sonra İH-in Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan Nağıyev ifadə verib. O, Dövlət İdarəçilik Akademiyasına qəbul olunmaq üçün başçının köməkçisinə 2 min manat verdiyini deyib:

“Administirasiyadan müraciət gəlirdi ki, məsləhət olunan əməkdaşların adlarını idarəçilik təhsili ilə bağlı göndərin. Mənim adım birinci dəfə göndəriləndə imtina gəlmişdi. Ona görə də başçının köməkçisi Füzuli müəllimə müraciət etdim. O da akademiyaya qəbul olunmağım üçün 2 min manat istədi, mən də verdim”.

Proses fevralın 21-də davam etdiriləcək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »