Maqsud Mahmudov: “DGK-nin keçmiş əməkdaşına 28 min manatlıq tapança verdim”

0

 

 

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasıında zərərçəkmişlər ifadə veriblər.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən İlham Kərimov bildirib ki, uzun illər Dövlət Gümrük Komitəsində işləyib.

O deyib ki, M.Mahmudov 57 min manat verəcəyini deyərək ondan 32 ədəd qızıl beşlik sikkə alıb: “Lakin indiyə qədər nə pulumu, nə də sikkələri geri qaytarmayıb”.

M.Mahmudov isə zərərçəkmişin dedikləri ilə razılaşmayaraq söyləyib ki, həmin qızıl sikkələri əvvəl verdiyi brilliant tapança ilə əvəz edib: “Həmin vaxt İlhama 28 min manat dəyərində tapança verdim”.

İ.Kərimov isə həmin söhbətin bu məsələyə aidiyyəti olmadığını bildirib.

Daha sonra zərərçəkmiş qismində Məzahir Ağayev dindirilib. O, qızıl alış-verişi ilə məşğul olan şirkətdə işlədiyini vurğulayıb.

Zərərçəkmişin sözlərinə görə, M.Mahmudovun ona 100 min manat borcu var.

Növbəti proses fevralın 21-nə təyin olunub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

 

 

 

 56 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »