Xəlil Rza Ulutürk: “Mən Zəlimxanı şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı hesab edirəm”

0

Xalq şairi Zəlimxan Yaqub! Bu imza bu gün təkcə Azərbaycanda deyil, türkün ruhu dolaşan hər yerdə sevilir. Ona bu sevgini qazandıran möhtəşəm poeziyası ilə yanaşı, həm də bənzərsiz və təkrarsız nitq qabiliyyəti, fenomenal yaddaşıdır.

“Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur”, – deyən istiqlal şairimiz X.R.Ulutürk onu sadəcə şair yox, poeziya hökmdarı, xalqımızın başucalığı adlandırır:

“Mən Zəlimxanı şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı hesab edirəm”. Z.Yaqub yaradıcılığını “şeirlə yazılmış poeziya tarixi” adlandıran Azərbaycan MEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor S.Xəlilov yazır:

“Bu gün çox az adam tapıla bilər ki, milli tarixi mənin çağdaş müstəviyə gətirilməsi sahəsində Zəlim-xanla mü¬qayisə oluna bilsin”. Bəs onu, unudulmaz şairimizin dediyi kimi, poeziya hökmdarına, xalqımızın başucalığına çevirən nədir, onu zirvələrə aparan yol hardan başlanır?  Bu şöhrətin mayasında, kökündə nə durur? Bu suallara cavab kimi, Akademik İ.Həbibbəylidən sitat gətirmək istəyirəm: “Zəlimxan Yaqub Azərbaycan mühiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənənələrini Kürün o tayından, bir regiondan – bölgədən ümum-vətən mühiti səviyyəsinə çıxarmağı və yaşatmağı bacarmışdır”.

Bəli, ötən əsrin 60-cı illərinin sonunda Borçalıdan başlanan yol onu böyük türk dünyasına çıxardı. Millət vəkili, Azərbaycan MEA-nın müxbir üzvü, professor N.Cəfərovun fikirləri bu baxımdan səciyyəvidir: “Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı… Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı… Və öz içinə qapılmış, fərdi hisslərin məhbusuna çevrilməkdə olan ədəbiyyatı dar sinələrin məhbə-sindən qurtararaq minlərin, milyonların mənəvi istifadəsinə verdi”. “Ədəbi tənqid Zəlimxan Yaqub fenomeni qarşısında mat qaldı”, – deyən N.Cəfərov eyni zamanda yazır: “Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, maya-sında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı o, Zəlimxan Yaqub olmazdı!..”

 “Sən öz məqsədinə nail olmaq üçün üç şeyə malik olmalısan: İstedada, inadkarlığa, özünə inama! İstedad hələ hər şey demək deyil, əgər o, son dərəcə inadkar olmayan bir adama verilibsə, məhv olub gedə bilər. İstedad bircə çimdik də olsa kifayətdir, inadkarlıq isə, dərya qədər olmalıdır” (A.Zqorj). Bu fikirlər sanki Zəlimxan Yaqub üçün deyilib: onda Tanrının bəxş etdiyi istedad da var, bu istedada güvənən özünəinam və inadkarlıq da. Bunu biz onun yaradıcılığa başladığı ilk illərdə yazdığı şeirlərdə də görürük. Hələ 18-20 yaşında ikən yazdığı şeirlər ədəbiyyatımıza istedadlı bir şairin gəlişinin anonsunu verir, sözün yaxşı mənasında “Mən gəlirəm!” – deyir. Təsadüfi deyildir ki, Xalq yazıçısı Süleyman Rəhimov onun haqqında deyirdi: “Gənc şair coşqundur, öz şeir yaradıcılığında gələcəklidir. Mən ürəkdən inanıram ki, Zəlimxan gənc şairlər içərisində öz ləyaqətli yerini tutmaqdadır və tutmuşdur”. Böyük ədəbiyyata aparan yolda ilk addımlarını atan Zəlimxan Yaquba 1968-ci ildə Borçalının el ağsaqqalı, Əməkdar müəllim Rəşid Acalov xeyir-dua verəndə: Çəkinmə, hünərlə gir ümmanlara, Qorxuda bilməsin ləpələr səni – cavab verir ki, ünvanı bəlli olan bir səfərə çıxmışam, yellər qanadımdır, şimşəklər sürətim, dərələr, təpələr yora bilməz məni. Qətiyyətlə “bu yoldan geriyə dönən deyiləm”, – deyir və bu yolun məsuliyyətini, çətinliyini göz altına alaraq, ağsaqqal qarşısında söz verir: Əgər dediyimin üstə durmasam, Zəhmətin canıma qoy qənim olsun. Bu yolu hünərlə başa vurmasam, Bütün bəşəriyyət düşmənim olsun! (“Sönən deyiləm”)

O, çətin, məsuliyyətli, lakin şərəfli bir yola çıxdığını yaxşı bilir, öz gücünə və işinə güvənir, “yalnız özümə güvənəndə bərəkət oluram, dözüm oluram” deyir və atasına söz verir ki, bu yolda inamla addımlayacaq, onun üzünü ağardacaq: Necə saçlarını ağartmışamsa, Elə də üzünü ağardacağam! (“Atama, müəllimimə”) Və elə həmin qətiyyətlə də deyir: Yaşamaq istəyirəm, yüz il mənə bəs deyil, Çünki mənim həvəsim ötərgi həvəs deyil. Sonradan zaman göstərdi ki, doğrudan da Zəlimxan Yaqubun ədəbiyyata gəlişi sadəcə ötəri gənclik həvəsi olmayıb. O deyir ki, “ucalmaq eşqinə hamı düşsə də, ucalmaq hamıya qismət olmayır”. Əməli xalqına yaraşıq olanlar, insanın, torpağın, havanın, suyun dərin qatlarına enəməyi bacaranlar ucalır, hər kəsi özünün imzası yaşadır. Elə buna görə də “Zəlimxan, sən hara, yorulmaq hara”, – deyir. Çünki yaxşı bilir ki: Şöhrət qapısını döyən kəslərin, Gecikməz, qisməti vaxtına düşər. Hər əsrin əlçatmaz bir zirvəsi var, O da bir şairin bəxtinə düşər. (“Şöhrət”)

Şair bu şeiri 1973-cü ildə – 23 yaşında yazıb. Nəğmə kimi oxunan, xalı kimi toxunan, həm nəğmədə, həm xalıda keçən günlərinin çoxu nur olan şair əlli yaşında isə yazır: Mənim ömrüm birlə yüzün arası, Bütövündən qalıb ancaq parası. Əlli keçib, altmış hələ qabaqda, Gətirmədim heç kəsə üz qarası! (“Mənim ömrüm”)

“Qaş-qabağı qara bulud”, qapısı kilid görməyən, qəlbi zülmətdən uzaq olan, bəndəlikdən haqqa doğru yol gedən, “kimə bəxt, kimə qismət, yazı” olan, həyatını Vətəninə, xalqına, millətə xidmətə həsr edən və bundan mənəvi zövq alan şair təkcə özü üçün yaşamadığına görə şükür edir: Ömür yolu öz məsləkim, öz andım, El dərdini sözə tutan ozandım. Rahat ölmək xoşbəxtliyi qazandım, Özüm üçün yaşamadım, çox şükür. (“Çox şükür”)

Zəlimxan Yaqubun, sözü ən müqəddəs halallıq bilən qələmi nə sükut bilib, nə lallıq, şirəsini dağdan, qayadan çəkib, kimsənin haqqını danan olmayıb. Borçalıdan qanadlanan şeir-sənət yolu səsli-küylü gündüzlərdən, sakit gecələrdən, zildən, bəmdən, sevincdən, qəmdən, alnının tərindən keçib, güvəndiyi zəhmət yolu onu yarıyolda qoymayıb: Özbaşına ələnmir ki, başıma, Göydən enir, yerdən çıxır sözlərim. Gecə-gündüz əlimdəki qabardan, Alnımdakı tərdən çıxır sözlərim. Burada yazıçı-publisist Arif Əmrahoğlunun dediklərini xatırlatmaq istəyirəm: “Böyük Yaradan Zəlimxan Yaquba nə veribsə, nə verirsə, istedadından, zəhmətsevərliyindən başqa, bir də məhz ürəyinə görə verib və verir – heç kəsə həsəd aparmır, qələm dostlarının uğurlarına milli sözümüzün uğuru kimi sevinməyi, ölüyə hörmət, diriyə qayğı, ağsaqqala, ağbirçəyə ehtiram göstərməyi, cavanların qocalmadan, elə gənckən istedadlarını və potensiallarını gerçəkləşdirməyə maddi-mənəvi şərait yaradılmasını istəməyi və bunun üçün əlindən gələni etməyi bacarır”. “Dünyanın dəmindən çox qəmini”, talenin neçə bəxtkəmini görən, qat-qat olan ağrı-acılardan gah yanan, gah donan, gah da bu dünyanın işlərinə mat qalan, “mənə neylədisə, həyat eylədi”, – deyən şair kövrək bir ürək sahibidir: Əllərimin içindədir gözümün yaşı, Tanrı məni yaradanda kövrək yaratdı. Dərdə yuva, qəmə beşik, həsrətə məskən, Sinəm altda bir narahat ürək yaratdı. (“Yaratdı”) “Dünyaya birgünlük gəlməmişəm mən”, – deyən şair yaxşı insanların qayğısını görüb, bir dərdi olanda həmdərd tapıb, onu “qala kimi qoruyan” yaxşı dostların əhatəsində olub, heç zaman yalqız qalmayıb, daim elin sevgisindən güc alıb: Elin qəlbi bir dünyadır, bir cahan, Şair üçün cahan sirdi, sirr cahan. El sevgisi qoymadı ki, bircə an, Yalqız qalım, yasa batım, yaslanım. (“Dost üçündü şeirim, sözüm, dastanım”) “Yeddidən yetmişə bütün yolları” keçən, sayılmaz sayların, lal axan çayların, yazda sevənlərin, payızda toyların, ucalan boyların, günlərin-ayların, buludda layların, eləcə də, itən ümidlərin, axan qanların, zatıqırıqların, toxumu zayların da dilini öyrənən şairin dosta məhəbbəti “dərindən dərin”, düşmənə nifrəti “sərindən sərin” olub, “dili dərd dili” olan insanların “daxmasına gedən pay”a dönüb, dərd ilə həmişə söhbəti tutub: Ağlayan kamandı, uddu söhbətim, Alovdu, atəşdi, oddu söhbətim. Dərd ilə həmişə tutdu söhbətim, Ahların, vayların dilini bildim. (“Dilini öyrəndim bütün dillərin”) Bunun nəticəsidir ki, “köhləni karvan yollarına çıxan” şair “dərin dərələrdə itib-batmır”, onu ucalar öz qoynuna səsləyir, əlli yaşlı Zəlimxanı yüz yaşlı qocalar da tanıyır: Ömrə axşam düşür, ömrə dan gəlir, Qəlbə xal düşəndə, gözə qan gəlir. Gördü əlli yaşlı Zəlimxan gəlir, Tanıdı yüz yaşlı qocalar məni. (“Tanıdı yüz yaşlı qocalar məni”) Z.Yaqub deyir ki, bir yaxşılıq görəndə yumşaldım, mehə döndüm, bir gözəllik görəndə duruldum, şehə döndüm, bir xəya¬nət görəndə polad zirehə döndüm, yerin-göyün ləngəri, zirvələrin ucası, palıdların qocası, sözün hökmü, kəsəri, ömrün neçə səfəri, haqq axtaran kəslərin Haqdan gələn xəbəri, elin dərdi, kədəri könüllərin qəhəri, bəd nəzərlərdən qoruyan Tanrının xoş nəzəri məni şair elədi! (“Şairlik”)

Davamı var.

Musa NƏBİOĞLU.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »