İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər və yüzlərlə kəndin bərpası üzrə layihələrin icrası həqiqətən də çox böyük həcmli işdir
Beynəlxalq tədbirlərə ev sahibliyi etmək dövlətimiz və xalqımızla bərabər, ayrı-ayrılıqda hər bir fərdimiz üçün də önəmli sınaqdır. Bu baxımdan, paytaxtımızda keçirilən BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ilk iki gününün göstərdiyi çox fərqli hava şəraiti də həm qlobal iqlim dəyişikliyinin nəticəsi kimi, həm də şəhərsalma problemlərinə yanaşma aspektindən bir sınaq kimi qiymətləndirilə bilər. Ötən gün güclü leysan yağışının paytaxtımızın bəzi küçələrində doğurduğu fəsadlara hərəmiz bir ayrı cürə reaksiya verdik. Bunu siyasi müxalifətçilik mövzusuna çevirənlər də oldu, ermənilərə qoşulub sevinənlər də oldu, haqlı tənqid və iradlarını bildirənlər də oldu, təmkinli münasibət sərgiləyənlər də oldu. Hər bir cəmiyyət müxtəlifliklər üzərində təşəkkül tapdığı kimi mötəbər beynəlxalq tədbirin ilk günündə yağışın doğurduğu fəsadlara fərqli reaksiyaların, əks fikirlərin ortaya çıxması da tamamilə təbii haldır. Fikir müxtəlifliyi normaldır. Ancaq mövqe və yanaşmalarımızın fərqliliyindən asılı olmayaraq və üzləşdiyimiz fəsadlara, nöqsanlara baxmayaraq paytaxtımızın və Şuşa, Xankəndi, Laçın, Naxçıvan, Gəncə, Qəbələ və s. kimi şəhərlərimizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək istiqamətində inamlı təşəbbüslərinə, kövrək səylərinə qürurla yanaşmaq və dəstək vermək, həmrəylik nümayiş etdirmək hər birimizin vətəndaşlıq borcumuzdur.
Bir həqiqəti də bilməliyik ki, gələcəyin şəhərlərinin necə qurulacağını müəyyən edən ən mühüm beynəlxalq platformalardan biri olan Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum – WUF13) Azərbaycanda keçirilməsi bizim qara gözümüzə, qara qaşımıza heyranlığın nəticəsi deyil. BMT-nin əlaqədar qurumları belə bir mötəbər tədbirin keçirilməsi üçün münasib məkan kimi Cənubi Qafqazın digər iki paytaxtını – Tiflis və İrəvanı da seçə bilərdilər. Lakin həlledici qərar qəbul edilərkən BMT səviyyəsində üstünlüyü məhz bizim paytaxtımıza verdilər. Ona görə yox ki, Bakı dünyanın ən qüsursuz, ideal şəhəridir. Xeyr, bütün böyük meqapolislər kimi Bakının da bu və ya digər problemləri var və o problemlərin bəzilərini də ötən gün hamılıqla bir daha müşahidə etdik. WUF13-ün Azərbaycanda keçirilməsinin əsas səbəbi ölkəmizin Cənubi Qafqazın qalib və lider dövləti olmasıyla bərabər, həm də ən dinamik quruculuq işləri aparan ölkə kimi önə çıxmasıyla bağlıdır.
Bəli, Ümumdünya Şəhərsalma Forumunun bu dəfə Azərbaycanda keçirilməsi ilk növbədə işğaldan azad etdiyimiz ərazilərimizdə geniş miqyaslı bərpa-quruculuq işləri aparmağımızla bağlıdır. Azərbaycan erməni vandalları tərəfindən tamamilə dağıdılmış, yer üzündən silinmiş şəhərlərimizin yerində indi sıfırdan tam müasir şəhərlər salır. Keçmiş sovet respublikaları arasında işğala məruz qalan, müharibələrdən əziyyət çəkən ölkələr arasında Azərbaycan hələlik yeganə ölkədir ki, 30 ilə yaxın davam edən genosid (etnik soyqırımı), urbisid (şəhərlərin məhvi), kultursid (mədəni irsin məhvi) və ekosid (ətraf mühitin məhv edilməsi) fəlakətlərinin ağır nəticələrini öz gücünə aradan qaldırmaq, mna problemi ilə təkbaşına mübarizə aparmaq və “Böyük Qayıdış” proqramını intensiv həyata keçirmək yolunda var gücünü səfərbər edib.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 12 şəhər və yüzlərlə kəndin bərpası üzrə layihələrin icrası həqiqətən də çox böyük həcmli işdir. Bu, sadəcə planlaşdırma deyil və məqsəd də yalnız evləri necə gəldi tikib insanları o ərazilərə geri qaytarmaqdan ibarət deyil. Məqsəd həm də həmin ərazilərdə bugünkü dünya standartlarına uyğun iş və yaşayışı təmin etmək, yeni həyat keyfiyyəti formalaşdırmaqdır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin də vurğuladığı kimi hazırda Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri məhz Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirməklə yanaşı, xarici ölkələrdən Ağdama gələn bir çox ziyarətçilərin haqlı olaraq bu şəhəri Xirosimaya bənzətdiklərini də vurğuladı: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.
“Qafqazın Xirosiması” adlandırılan bir şəhəri sıfırdan qurmaq, onu küllərindən dirçəltmək hər ölkənin bacaracağı iş də deyil. Lakin Azərbaycan Ağdamı dirçəltmək və onu yenidən nəinki Azərbaycanın, hətta bütün regionun incisinə çevirmək yolunda fəaliyyətlərini usanmadan davam etdirir. Və bu gün Ağdamın mərkəzində salınmış müasir yaşayış komplekslərində həyat yenidən çağlayır. Ümumiyyətlə, hazırda Qarabağ və Şərqi Zəngəzurda artıq təxminən 90 min insan yaşayır, işləyir və universitetlərdə təhsil alır. Bütün bunlar sözsüz ki, beynəlxalq tərəfdaşlarımızın da diqqətini cəlb edir.
Müharibələrin bitdiyi, yanıb külə dönmüş şəhər və kəndlərin miras qaldığı nəhəng ərazilərdə həyatı yenidən bərpa etmək həqiqətən də nadir təcrübədir. Bu, həm postsovet ölkələri üçün, həm də bütün dünya üçün olduqca unikal, qiymətli təcrübədir. Azərbaycan erməni vandalları tərəfindən talan edilmiş, viran qoyulmuş ərazilərini addım-addım bərpa etməklə yanaşı, həm də burada əldə etdiyi təcrübələri bütün dünya ilə (xüsusən də müharibə və münaqişələrdən əziyyət çəkən ölkələrlə) bölüşür. Bu mənada, WUF13-ün Bakıda keçirilməsinin əhəmiyyəti bir daha bəlli olur. Elə forumun birinci günü ərzində Suriyadan, Ukraynadan və digər ölkələrdən olan nümayəndələrlə Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərlə bağlı ətraflı müzakirələrin aparılması da bu həqiqəti əyani təsdiqləyir. Onu da dərin təəssüf hissilə qeyd etməliyik ki, bu gün dünyada münaqişədən zərər çəkmiş ölkələrin sayı son 80 illə müqayisədə daha çoxdur. Deməli, müharibələr və konfliktlər artıq bütün xalqları təhdid etməkdədir. Bu isə bombaların və raketlərin dağıtdığı, vandalların talan etdiyi şəhərlərdə həyatın necə bərpa olunacağını müzakirə etməyi zəruri edir. Bakının ev sahibliyi etdiyi WUF13 xalqımızın və dövlətimizin postmüharibə dövründə quruculuq ruhunu göstərir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.