Azərbaycan mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq, dialoq məkanına çevrilib

Bu gün Bakıda Azərbaycan Din Xadimlərinin Forumu keeçirilir. Tədbir “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr edilib. Günümüz üçün olduqca əhəmiyyətli mövzudur. Dini maarifləndirmə hazırda müsəlman ölkələri üçün də, Qərb dünyası üçün də aktualdır. Qərbdə dini maarifləndirmənin əks təbliğat formasında aparılması anti-İslam meyllərinin, ksenofobiyanın güclənməsinə, dini dözümsüzlüyün baş qaldırmasına səbəb olur. Qərb mediası tərəfindən İslam dininin terrorla əlaqələndirilməsi də əks təbliğatın və islamofobiyanın bir parçasıdır. Həmçinin, ayrı-ayrı Avropa ölkələrində “Quran”ın yandırılması, İslam Peyğəmbərinin karikaturalarının çəkilib KİV üzərindən tirajlanması da ksenofobiyanın təzahürüdür. Bütün bunlar Qərbdə tolerantlığın və multikulturalizm ənənələrinin yoxa çıxdığını göstərir.

Eyni zamanda, müsəlman ölkələrində də dini maarifçilik sahəsində təsirli addımların atılmasına ciddi ehtiyac var. Bu gün İslam dininin düzgün təbliğ edilməməsi çoxlu ixtilaflara, məzhəb qarşıdurmalarına səbəb olur. İslam dininin birləşdiricilik, həmrəylik keyfiyyətləri arxa plana keçir. Bu isə dindən daha çox dağıdıcı amil kimi istifadə etmək istəyən qüvvələrin işinə yarayır. Onlar dindən parçalanma vasitəsi kimi istifadə etməyə çalışırlar. Beləliklə, din amili həm ayrı-ayrı ölkələrdə daxili sabitliyin pozulması və cəmiyyətdə qarşıdurmaların baş qaldırması üçün dağıdıcı element kimi istifadə olunur, həm də bütövlükdə İslam dünyasında həmrəylik tendensiyalarının güclənməsinin qarşısı alınır. Ona görə də bu gün müsəlman ölkələrində din xadimlərinin və nüfuzlu dini tədris ocaqlarının, ilahiyyat məktəblərinin qarşısında duran mühüm məsələlərdən biri də məhz dini maarifçiliyin düzgün aparılmasıdır. İslam dininin vəhdət dini olduğu gerçəyi cəmiyyətin bütün fərdlərinə və təbəqələrinə aşılanmalıdır.

Bu məsələ bu gün bizim ölkəmiz üçün də kifayət qədər aktualdır. Elmi əsaslara söykənən effektiv dini maarifləndirmənin təşkili hazırda Azərbaycan hökuməti tərəfindən prioritet məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də bu gün “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına ünvanladığı müraciətdə dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsinin günümüzün zəruri məsələlərindən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.

Azərbaycan tarixən ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır. Tolerant ölkə imicimiz bütün dünya tərəfindən qəbul edilir. Çünki ölkəmizdə qarşılıqlı etimada və birgəyaşayışa əsaslanan çoxmillətli və çoxkonfessiyalı mütərəqqi milli, dini və mədəni münasibətlər sistemi formalaşıb. Cəmiyyətimizdə etnik-mədəni müxtəliflik və zəngin multikulturalizm dəyərləri mövcuddur. Azərbaycan sözün əsl mənasında mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq, dialoq məkanına çevrilib. Bizim toplumda ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlərə az rast gəlinir.

İnancından və milli mənsubiyyətindən asılı olmayaraq insanlarımız arasında xoşgörü və həmrəylik meylləri kifayət qədər güclüdür. Dövlət başçısı da din xadimlərinə ünvanladığı sözügedən müraciətində vurğulayıb ki, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk. İnanırıq ki, milli birliyə və vətəndaş həmrəyliyinə zəmin yaradan milli-mənəvi dəyərlərimizin birləşdirici, bütünləşdirici missiyası bundan sonra da uğurla davam edəcək. Azərbaycanın tolerantlıq ənənələri bütün Cənubi Qafqaz üçün örnəkdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Comments are closed.

Tərcümə »