Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Suriyadakı vəziyyəti izləyir, lakin hələlik danışıqlarda vasitəçilik təklif etməyə tələsmir.
“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
“Astanada Suriya üzrə danışıqlardan bəhs etmək hələ tezdir, biz vəziyyəti izləyirik”, – o bildirib.
Qeyd edək ki, Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Astana formatı kimi tanınan proses 2017-ci ildən aparılır. Sonuncu danışıqlar 2024-cü ilin dekabrın 7-də Dohada (Qətər) keçirilib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri – Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
Comments are closed.