İlahiyyat İnstitutu və Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyənin Ərzincan Binəli Yıldırım Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan əməkdaşlıq protokolu onlayn formatda imzalanıb.
Bu barədə “Report”a Aİİ-dən məlumat verilib.
Məlumatda qeyd olunub ki, ali təhsil müəssisələri arasında əməkdaşlıq prinsiplərinə uyğun olaraq, elmi-pedaqoji, tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyətə əsaslanan əməkdaşlıq protokolunu Aİİ-nin rektoru Aqil Şirinov və Ərzincan Binəli Yıldırım Universitetinin rektoru Akın Levent imzalayıblar.
Protokolda tərəflərin təhsil qanunvericiliyinə uyğun olaraq, razılaşdırılmış ixtisaslar üzrə qarşılıqlı bakalavr və magistr proqramlarının təşkili, ikili diplom və ya ikili dərəcə proqramlarının həyata keçirilməsi istiqamətində məsələlər öz əksini tapıb.
Eyni zamanda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər də yer alıb.
Comments are closed.