Naxçıvanda əhaliyə verilən təbii qazın limitinin artırılması təklif olunub

Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.

“Report” xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib

O bildirib ki, Naxçıvanın iqlimi digər regionlardan fərqlənir: “Bu ərazilərdə qış daha uzun və sərt keçir. Buna görə də əhaliyə verilən təbii qazın limiti artırılmalıdır”.

Deputat əlavə edib ki, Naxçıvanda sosial layihələrə ayrılan vəsaitlərin də konkret layihələr əsasında təqdim edilməsi məqsədəuyğun olardı: “İllik olaraq ayrılan vəsaiti vaxtında çatdırmaq mümkün olmur. Buna görə də vəsaitlər layihələrə əsasən verilsə, daha effektiv olar”.

S. Novruzov həmçinin hərbçilərin, mühəndislərin, həkimlərin, müəllimlərin və digər kateqoriyadan olan şəxslərin kirayə haqqının artırılmasını təklif edib. Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələyə yenidən baxmalıdır.

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qazın topdansatış və pərakəndə qiymətləri ilə bağlı dəyişikliklər edilib. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tarif 12 qəpikdir, illik 1 200-2 500 kubmetr və 2 500 kubmetrdən çox istehlak üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik səviyyəsindədir, qeyri-əhali kateqoriyasına aid olan sənaye və kənd təsərrüfatı sektorlarında isə qazın tarifləri isə 22 qəpikdir.

Kirayə haqqına gəlincə, hazırkı qaydalara əsasən Bakı üçün kompensasiya məbləği 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 100 manat, digər şəhər və rayon mərkəzləri üçün 75 manat, digər yaşayış məntəqələri üçün isə 55 manat müəyyən edilib. Həmçinin, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün bu məbləğin 50 %-i həcmində əlavə ödəniş nəzərdə tutulur.

Comments are closed.

Tərcümə »