Azərbaycan öz müdafiə xərclərini artırmaqla Ermənistanı yeni müharibə niyyətlərindən çəkindirmə siyasətini həyata keçirir
Bildiyimiz kimi 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması nəzərdə tutulur. Belə ki, dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib. Beləliklə, Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq Prezident İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılıb.
Azərbaycanın bu addımı atması Ermənistanın və onun havadarlarının regionda hərbi eskalasiyanı artıran revanşist, militarist planlarından irəli gəlir. Bir tərəfdən “sülh” demaqogiyasını davam etdirən Ermənistan hakimiyyəti, digər tərəfdən isə genişmiqyaslı silahlanma, ordu quruculuğu siyasətini həyata keçirir. Fransa, Avropa İttifaqı (Aİ), ABŞ, İran, Kanada, Hindistan kimi havadarları Ermənistanı sülhə yox, revanşizmə hazırlayır.
Bu kontekstdə, rəsmi Bakının İrəvanın silahlanma kursuna cavab tədbirləri müstəvisində 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərini artırması təbii haldır. Azərbaycan sadəcə olaraq bu addımı atmağa məcburdur. Bakı İrəvanın militarizasiya siyasətinə adekvat cavab verir. Biz Cənubi Qafqazda yeni qarşıdurmaların baş verməsində maraqlı olan qüvvələrin Ermənistanı silahlandırmasına və onu yeni müharibəyə hazırlaşdırmalarına reaksiya verməyə bilmərik.
Azərbaycan öz müdafiə xərclərini artırmaqla Ermənistanı yeni müharibə niyyətlərindən çəkindirmə, düşməni neytrallaşdırma siyasətini həyata keçirir. Bu addım eyni zamanda, təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. Bu mənada Ermənistanın sürətlə silahlanması şər məqsədə – yeni hərbi eskalasiyaya xidmət edirsə, Azərbaycanın müdafiə xərclərini artırması isə sözügedən eskalasiya cəhdlərini dayandırmağa və regionda sabitliyi qoruyub saxlamağa xidmət edir. Dünya birliyi iki ölkənin silahlanma və müdafiə siyasətləri arasındakı bu ciddi fərqə xüsusilə diqqət yetirməlidir.
Fransanın, Hindistanın və digər maraqlı qüvvələrin Ermənistanı regionun silah cəbbəxanasına çevirmək planları həmçinin BMT Təhlükəsizlik Şurasının (TŞ) da diqqətindən yayınmamalıdır. TŞ-nın daimi üzvlərindən biri olaraq Fransanın Ermənistana ən müasir silahları ötürərək, onu Azərbaycana qarşı üçüncü müharibəyə təhrik etmək cəhdlərinin qarşısı alınmalıdır. Fransa Ermənistanı silahlandırmaqla olduqca təhlükəli oyun oynayır. Dünya birliyi Fransanın Ermənistanı silahlandırmaq cəhdlərinə mane olmalıdır.
Əks təqdirdə, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün müdafiə xərclərinin artırmaqdan başqa bir yolu qalmır. Prezident İlham Əliyev bütün çıxışlarında, görüşlərində dəfələrlə qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb, artıq müharibə dövrü arxada qalıb, indi yeni dövr – quruculuq dövrü, postmünaqişə dövrü başlayıb və biz regonda dayanıqlı sülh istəyirik. Ancaq Ermənistan tərəfi silahlanma siyasətindən imtina etmək istəmirsə, biz müharibəyə hər an hazırıq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Comments are closed.