“Heydər Əliyev dövlətçiliyimizi qorumağa, milli varlığımızı qorumağa gəlmişdi”

0

Təqvimimizdə bu günü əlamətdar edən bir sıra önəmli hadisələr var. Ancaq oktyabrın 3-nü yaxın tariximizdə əlamətdar edən ən önəmli hadisə isə məhz Ulu Öndərimiz Heydər Əliyevin prezident seçkilərində həlledici qələbə qazanması idi. Bu gün biz zamanın pəncərəsindən boylanaraq 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərini və bu seçkinin nəticələrini tam əminliklə müstəqil Azərbaycanın həyatında dönüş nöqtəsi kimi qiymətləndirə bilərik. Heydər Əliyevin bu seçkilərdə tam və qəti qələbəsi Azərbaycanın xaosdan və anarxiyadan həmişəlik qurtulmasını, sabitliyin bərqərar olmasını və dövlətçiliyimizin möhkəm təməllər üzərində oturuşmasını təmin etdi. Bu seçkilərin nəticələri bütövlükdə ölkəmizin, xalqımızın gələcək müqəddəratını müəyyən etdiyinə görə xüsusi əhəmiyyət daşıyırdı. Çünki Heydər Əliyev dövlətçiliyimizi qorumağa, milli varlığımızı qorumağa gəlmişdi. Onun missiyası siyasi böhran şəraitində çabalayan, parçalanma və dövlətçiliyini itirmə təhlükəsi ilə üzləşən Azərbaycanın taleyində qurtuluşa, yüksəlişə, tərəqqiyə doğru dönüş yaratmaq idi. 

Həmin vaxt Ümummilli Liderin andiçmə mərasimindəki nitqini yəqin ki, indi də hər kəs yaxşı xatırlayır. Heydər Əliyev sözügedən nitqində Azərbaycan xalqına hörmətimi və məhəbbətini bildirərək əmin etmişdi ki, həyatının sonuna qədər xalqımıza sədaqətlə xidmət edəcək və bütün fəaliyyətini Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcək. O, həqiqətən də bunu bacardı. Ulu Öndər verdiyi bu anda sadiq olduğunu sübut etdi. Dövlətə və xalqa sədaqət andı içən Ulu Öndər yorulmaz siyasi fəaliyyəti və zəngin idarəçilik təcrübəsi sayəsində Azərbaycanı həm faciəli durumdan xilas etdi, həm də ölkənin sabitlik və böyük iqtisadi sıçrayış yoluna çıxmasına zəmin yaratdı.

Heydər Əliyev  hakimiyyətə adi bir zaman kəsiyində, hər şeyin öz yolunda getdiyi dinc inkişaf dövründə gəlməmişdi. O, Azərbaycan tarixinin ən keşməkeşli və mürəkkəb bir dövründə dövlətçilik sükanının arxasına keçməli olmuşdu. Siyasi təlatümlər dönəmində ölkəni idarə etmək, milləti düzgün hədəflərə doğru yönəltmək isə heç də hər liderin işi deyil. Həmin vaxt (ötən əsrin 90-cı illərinin başlanğıc dönəmi) bütün dünyada böyük geosiyasi dəyişikliklər baş verməkdə idi. SSRİ adlı nəhəng siyasi “monstr” və yaxud, “xalqlar imperiyası” təzəcə çökmüşdü. Lakin əfsuslar olsun ki, həmin vaxt xalqımızın siyasi liderlər sarıdan necə deyərlər, bəxti gətirməmişdi. Əvvəlcə Vəzirov-Mütəllibov rejiminin, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyünün yarıtmaz, səriştəsiz idarəçiliyi Azərbaycanı dərin siyasi bataqlığa, iqtisadi böhrana və hərbi məğlubiyyətə sürükləmişdi. Ölkəmizi düşdüyü bu ağır durumdan çıxarmaq üçün sıradan bir siyasi fiqur yox, yalnız və yalnız böyük dövlətçilik təcrübəsinə malik müdrik Lider, dahi Şəxsiyyət tələb olunurdu. Belə bir Şəxsiyyət isə məhz Heydər Əliyev idi. Onun böyük siyasət səhnəsinə qayıdışı tarixi zərurət və xalqın istəyinin nəticəsi idi.


20 Yanvar günü işğalçı sovet tanklarının üzərinə əliyalın gedərək tarix yazan Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması missiyasını məhz Heydər Əliyev kimi böyük siyasi xadimə, əsl dövlət adamına həvalə etdi. Özünün xilaskarlıq missiyasını yaxşı dərk edən Heydər Əliyev hər şeydən öncə müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz addımların atılmasının zəruriliyini görürdü. Ona görə də Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı. O, qeyri-qanuni silahlı dəstələrin zərərsizləşdirilməsinə, dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasına, cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail oldu və bu yolla Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Eləcə də, ərazi bütövlüyümüzün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə start verdi. Azərbaycanda müasir ordu quruculuğu prosesi başlandı. Həmçinin, qlobal enerji-kommunikasiya layihələrini, xüsusən də “Əsrin müqaviləsi”ni reallaşdırmaqla Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bütün xarici təhdidlərin qarşısını aldı.

Bir sözlə, Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması qarşısıalınmaz bir prosesə çevrildi. Beləliklə, Heydər Əliyev dünyada gedən proseslərin ən mürəkkəb dönəmində müstəqilliyimizin qarantı rolunu çox uğurla həyata keçirdi. Başqa sözlə desək, Heydər Əliyev Azərbaycanın “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözünü qürurla deyə biləcəyimiz bir ölkəyə çevrilməsinə nail oldu. Bu gün onun siyasi kursunu Ali Baş Komandan, Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Məhz Ulu Öndərin əsasını qoyduğu milli birlik və həmrəyliyimizin sayəsində Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olması təmin edilib. Heydər Əliyev kimi nəhəng tarixi şəxsiyyəti yetirən bir xalq öz müstəqilliyinin əbədiliyinə imza atmış sayılır.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »