Azərbaycanın postmüharibə dönəminə daxil olması davamlı iqtisadi inkişafımız üçün əlverişli imkanlar yaradır

0

Ərazilərimizin işğaldan azad edilməsi və dövlət suverenliyimizin tam bərpası iqtisadi inkişafımız üçün də yeni imkanlar açıb. Söhbət həm işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarından tutmuş təbii-iqtisadi resurslarına və turizm potensialına qədər bütünlüklə ölkəmizin ümumi iqtisadi sisteminə inteqrasiyasından, həm də dövlət suverenliyimizin tam bərpası ilə xarici investorların Azərbaycana cəlb edilməsi prosesinin sürətlənməsindən gedir. Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edən Prezident İlham Əliyev də bu məqamı xüsusi olaraq vurğuladı.

Dövlət başçısının səsləndirdiyi “Antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir” ifadəsi yeni iqtisadi gerçəkliyimizin təzahürüdür. Xarici sərmayələrin iqtisadiyyatımıza (o cümlədən işğaldan azad edilmiş ərazilərimizə) cəlb edilməsi hazırda əsas prioritetlərimizdən biridir. Suverenliyin bərpası və ölkədə hökm sürən ictimai-siyasi sabitlik xarici biznes subyektləri üçün əlverişli investisiya mühiti yaradır. Prezidentimiz iqtisadi inkişafın bu yeni mərhələsində xarici sərmayələrin cəlb olunmasını xüsusi olaraq diqqətdə saxlayır və bu istiqamətdə əlavə tədbirlərin görülməsinə önəm verir.

Dövlət suverenliyimizin tam bərpası və işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq sürətli bərpa-quruculuq işlərinin aparılması xarici investorların ölkəmizə cəlb edilməsi prosesinə həqiqətən də böyük təkan verə bilər. Biz artıq ayrı-ayrı ölkələrin iri şirkətlərinin Qarabağın bərpası prosesində iştirak etmək və ayrı-ayrı biznes layihələrinə sərmayə yatırmaq istəkləri baarədə xəbərlərə tez-tez rast gəlirik. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, enerji sektoru, mədənçilik, turizm və s. kimi sahələr xarici investorların uzunmüddətli layihələrə yatırım qoymaları üçün geniş imkanlar açır.

Bildiyimiz kimi Qarabağın və Şərqi Zəngəzurun bərpası daxili resurslar hesabına maliyyələşdirilir. Ancaq həmin ərazilərin iqtisadi dirçəlişində isə bundan sonra xarici sərmayədarlar da fəal iştirak edə bilərlər. Cənab Prezidentin iqtisadi müşavirədə bununla bağlı səsləndirdiyi fikir xarici sərmayədarlar üçün “yaşıl işığ”ın yandırılması kimi qiymətləndirilməlidir. Bu isə öz növbəsində həm işğaldan azad edilmiş ərazilərin bərpasını sürətləndirə, həm də ümumi iqtisadi inkişafımıza ciddi töhfə verə bilər.

Dövlətimizin başçısı müşavirədəki çıxışında hazırkı mərhələdə iqtisadiyyatın şaxələndirilməsinin və dayanıqlı iqtisadi inkişaf modelinin daha da təkmilləşdirilməsinin əsas prioritet olduğunu vurğuladı. Eyni zamanda ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil, Qarabağın və Şərqi Zəngəzurun bərpası büdcənin digər prioritet xərc istiqamətləri olaraq qeyd edildi. Çünki dünyadakı və regiondakı mövcud reallıqlar və çağırışlar ilk növbədə məhz bu sahələrə üstünlük verilməsini diktə edir. Bu mənada, iqtisadi müşavirədə Prezidentin ölkə qarşısında duran vəzifələri açıqlaması yeni hədəflərimizi müəyyənləşdirməyə imkan verir.

Lakin bu sahələrin böyük maliyyə vəsaiti tələb etməsinə baxmayaraq, Cənab Prezident öz çıxışında gələn il üçün minimum əməkhaqqı və pensiyaların artırılması və həssas qrupların rifahının yaxşılaşdırılması istiqamətində işlərin görülməsini dövlətin diqqət mərkəzində saxlanılacağını elan etdi. Bu da iqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə paralel surətdə yürüdüldüyünü və dövlətimizin sosial məsələləri diqqət mərkəzində saxladığını təsdiq edir.

Ölkə iqtisadiyyatının şaxələndirilməsi, neft gəlirlərindən asılılığın azaldılması sahəsində sistemli və kompleks tədbirlərin davam etdirilməsi, eyni zamanda iqtisadi islahatların ardıcıl surətdə həyata keçirilməsi qarşıdakı dövrdə iqtisadi artıma təkan verməklə yanaşı, sosial-iqtisadi inkişafımızın dayanıqlığının təmin edilməsində və iqtisadi müstəqilliyimizin daha da möhkəmləndirilməsində həlledici rol oynayacaq. Azərbaycanın postmüharibə dönəminə daxil olması davamlı iqtisadi inkişafımız üçün əlverişli imkanlar yaradır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »