Bütün şəhidlərimizin Anım Günü – 27 Sentyabr

0

Zəfərlə başa çatan Vətən müharibəsinin başlanması tarixindən bir il ötür. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı başlandı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.
Ərazi bütövlüyü, suverenlik yolunda canından keçməyə hazır olan gənclər məhz Prezident İlham Əliyevin 17 il ərzində Azərbaycana rəhbərliyi dövründə yetişiblər.
Ermənistanın saxta ittihamlarına rəğmən Vətən müharibəsində dünyanın aparıcı media orqanları Azərbaycanın mövqeyini önə çıxarır və bununla da beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmət nümayiş etdirirdilər. Bu, 30 ilə yaxın müddət ərzində Azərbaycanın hücum diplomatiyasının nəticələri sayəsində mümkün olub.
İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.
Bu Böyük qələbə Azərbaycanın haqq yolunda apardığı mübarizənin şərəfli sonluğudur. Bu qələbə bizim birlik və həmrəyliyimizin nümayişi, düşmənə sarsıdıcı zərbələr endirən müzəffər ordumuzun hər əsgər və zabitinin, arxa cəbhədə onlara hərtərəfli dəstək olan soydaşlarımızın milli qürürunun, əzminin təntənəsidir.
Əlbəttə, müharibədə qazanılan qələbə itkisiz olmur. Biz də bu döyüşlərdə   şəhidlər verdik, əsgərlərimiz, zabitlərimiz, qazilərimiz arasında yaralananlar, sağlamlığını itirənlər var. Torpaqlarımız  onların həyatı, qanı bahasına azad edildi. Xalqımız  bu fədakar insanların, torpaqları uğrunda canını qurban vermiş övladlarının xatirəsini əziz tutaraq hər zaman onları qəlbində yaşadacaq. Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində yırtıcı düşmənə layiq olduğu cəzanı verdi

200 ildən çoxdur ki, ermənilər Rusiyaya güvənərək və onların fitvası ilə Azərbaycan xalqına, türklərə qarşı düşmənçilik edirlər. Bu düşmənçilik Rusiyanın hiyləsi və riyakar siyasəti nəticəsində ermənilərin əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayıb.
Belə ki, ermənilər bizim torpaqlarımızda məskunlaşdıqları ilk gündən toponimlərimizi dəyişdirir, daha çox torpağımıza yiyələnməyə çalışır, bu yerlərin əzəli sakinləri olan azərbaycanlıları sıxışdırırlar. Onlar Rusiyanın dəstəyi ilə 1905-1907-ci və 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda yüz minlərlə soydaşımızı soyqırımına məruz qoymuş, doğma yurdundan qovmuş, işgəncələr vermiş, yüzlərlə şəhər və kəndimizi xarabalığa çevirmişlər.
Məkrli erməni-rus siyasətinin davamı olaraq 1948-1953-cü illərdə 150 min azərbaycanlı Ermənistandakı dədə-baba torpaqlarından Azərbaycanın Kür-Araz düzənliyinə deportasiya olunublar. 1988-ci ildə isə daha 250 min azərbaycanlı doğma yurdundan qovulub.
Bax, yüz minlərlə insana fəlakətlər yaşadan “dənizdən dənizə Ermənistan” sərsəm ideyasının nəticəsi bu acı reallıqdır.
Nə yaxşı ki, ulu öndər Heydər Əliyev ermənilərin törətdikləri soyqırımı siyasətinə siyasi-hüquqi qiymət verərək 1998-ci ildə imzaladığı Fərmanla Martın 31-ni Azərbaycanlıların Soyqırımı günü elan etdi.
Bunun ardınca isə erməni vəhşilikləri dünyanın diqqətinə çatdırıldı. Bəşəriyyət anladı ki, xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmiş, şəhər və kəndləri viran qoymuş, əhalini amansızlıqla qətlə yetirmişlər. 1992-ci il fevralın 26-da bu vəhşilər 7 min əhalisi olan Xocalı şəhərini yer üzündən silmiş, 613 nəfəri, o cümlədən 106 qadını, 63 azyaşlı uşağı, 70 qocanı öldürmüş, 8 ailəni tamamilə məhv etmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər dinc sakin güllə yarasından əlil olmuş, o gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür və onlardan 150-sinin taleyi indi də məlum deyil.
Bir sözlə, ermənilərin törətdikləri soyqırımı bütün bəşəriyyətə qarşı cinayət əməlidir və 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu bu yırtıcı faşistlərə layiq olduqları cəzanı verərək onları darmadağın etdi.
Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru

 

Ermənin vandalizmi insanlığa qarşı törədilmiş cinayətdir

Tarixə nəzər yetirsək müxtəlif dövrlərdə ermənilərin xalqımıza qarşı düşmənçilik mövqeyini, vandalizm siyasətini açıq aşkar görmüş oluruq. Öz havadarlarının dəstəyi ilə yaranmış fürsətdən istifadə edən ermənilər XX əsrdə dəfələrlə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Onların fasilələrlə, düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. XX əsrin 90-cı illərində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talan edilmiş, hətta qəbir daşları belə yerindən çıxarılmışdır. Bu vandalizm, barbarlıq işğaldan azad olunmuş ərazilərin video və foto görüntülərində açıq aydın şəkildə öz əksini tapmışdır. Həmin ərazilərimizdən nümayiş etdirilən videomaterial və digər faktlar da sübut edir ki, ermənilər təkcə işğal olunmuş ərazilərdə milli-mədəni, dini abidələri, qəbirləri dağıtmayıb, həm də meşələri yandıraraq, su hövzələrinə zərər verməklə ekoloji fəlakət yaradıblar. Bununla bitməyən ermənilərin mənfur düşüncələri Vətən müharibəsi zamanı da özünü açıq aşkar şəkildə büruzə vermiş oldu. Müharibə zamanı mənfur düşmən tərəfindən mülki obyektlərin, o cümlədən dinc insanların hədəf alınması, atəşə tutulması Gəncə və Mingəçevir, Bərdə, Tərtər kimi böyük şəhərlərə endirilən raket zərbələri bir daha ermənilərin mənfi xislətini bütün dünyaya bəyan etmiş oldu.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

Vətən müharibəsində qələbəmiz tarixin səhifələrinə qızıl hərflərlə yazılacaq

Mənfur düşmənin növbəti təxribatına qarşı ölkəmizin haqq savaşına başlamasından bir il ötür. Müqəddəs savaş göstərdi ki, istər hərbiçilərimizdə, istərsə də cəmiyyətimizdə vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Yaşadığımız bu günlərdə yeni əsrin ilk böyük sınağından şərəflə çıxmış Azərbaycan öz adını tarixə şəhidlərin və qəhrəmanların müqəddəs qanına boyanmış qızıl hərflərlə yazmışdır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və müzəffər ordumuz düşmənə ağır zərbələr vurmuş və torpaqlarımızı işğaldan azad etmişdir. 44 gün ərzində Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulmuşdur.
Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü siyasət, döyüş meydanında müasir döyüş texnologiyası və hərbi texnikası, igid vətən övladlarının göstərdikləri qəhrəmanlıqlar düşməni məhv etdi və işğal edilmiş torpaqlarımız azad olundu. Artıq cənab Prezidentin rəhbərliyi ilə yeni dövr – dirçəliş və qayıdış dövrləri başlayır.
Müharibənin bitməsindən qısa müddət keçməsinə baxmayaraq, artıq həm daxildə, həm də xaricdə Qarabağın dirçəlişi üçün əsaslı işlər görülür.
Ermənilərin işğal etdiyi ərazilərdə törətdiyi əməllər, viran qoyduğu rayonlarımız və tarixi abidələrimiz dünya ictimaiyyətinin diqqətinə çatdırılır, eyni zamanda isə həm yerli, həm də xarici şirkətlərin cəlbi ilə yenidənqurma işləri aparılır. 2020-ci ildə torpaqların azad olunması sözdən əmələ keçdi və Qarabağ azad oldu. Bu gün, 2021-ci ildə isə Qarabağın dirçəlişi artıq sözdən əmələ keçir. Həyata keçirilən davamlı tədbirlər nəticəsində ölkəmiz daha da inkişaf edəcək, yeni-yeni uğurlara imza atılacaqdır.

İlkin Əliyev-Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi

 

Vətən müharibəsində iştirak edənlərə verilən ali qiymət

Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, döyüşlərdə fədakarlıq göstərmiş şəhidlərin ailələri və qazilərimizin qayğıları hər zaman dövlətimizin diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar əməli tədbirlər həyata keçirilir.
Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinin dövlət tərəfindən qayğı ilə əhatə olunması ölkəmizdə prioritet təşkil edir. Sağlamlığını itirmiş, yaralanmış qazilərimiz bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunur. Ölkəmizdə bu sahədə unikal prinsiplər tətbiq edilir. Belə ki, belə hadisələr yaşamış bir çox ölkələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilmir. Qazilərimizin məşğulluq məsələlərinin həll olunmasından danışarkən, qeyd etmək lazımdır ki, bu istiqamətdə də mütəmadi işlər görülür və bu məsələdə özəl sektor yaxından iştirak edir.
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu gün ölkəmizdə qazilərimizə daha yaxşı xidmət göstərilməsi üçün reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində iş aparılır. Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bunlar çox böyük vəsait tələb edən proqramlardır, lakin Azərbaycan dövləti belə proqramları həyata keçirmək əzmindədir və bu siyasət bundan sonra da davam edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, cənab Prezident İlham Əliyev başda olmaqla hər bir Azərbaycan vətəndaşı və hökumətimiz daim onların yanındadır. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətimizin əsas istiqamətidir.
Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

Şahnaz Mustafayeva-Zərdab Tarix Diyarşünaslıq muzeyinin direktoru

 

Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdir

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Əsrlər, illər keçməsinə baxmayaraq xalqımız o ağır işgəncələri unutmur, soyqırımlarının qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir. Əslində, keçmişini unudan tarixini yaşatmayan bir xalqın gələcəyi yoxdur. Bütün hadisələr hər bir millətin qan yaddaşında əbədi yer tutmalı və gələcək nəsillərə təbliğ edilməlidir.
Xalqımıza, türk dünyasına qarşı erməni daşnaklarının həyata keçirdiyi soyqırımı siyasətinin bir məqsədi olub: işğal olunmuş türk torpaqları hesabına “Böyük Ermənistan” dövləti yaratmaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu dövlətlərin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir.
1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. tarixi torpaqlarımızda dinc əhalimiz soyqırıma məruz qalıb. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub. Ermənilərin qaniçən əməlləri məhz faşizmə xas olan terrorçuluq siyasətidir.
Bir faktı qeyd etməyə dəyər ki, Ermənistan dövlətinin tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Elə həmin vaxtdan da bu gün dövlət səviyyəsində qeyd olunur, bütün kollektivlərdə, idarə və təşkilatlarda, təhsil müəssisələrində, həmçinin ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş səfirliklərində və diaspor qurumlarında anım mərasimləri keçirilir.
“Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”, – deyən Ulu Öndər tövsiyə edirdi ki, bu hadisələrin, yəni, ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərin cəmiyyətdə təbliğ edilməsi, kütləvi nəşrlərdə və informasiya vasitələrində bu hadisələr barədə geniş məlumat verilməsi gənc nəslin vətənpərvərlik, düşmənə sonsuz nifrət ruhunda tərbiyə edilməsində az rol oynamır. Və bu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən il mart hadisələrinin 100-cü ildönümü ölkəmizin hər yerində qeyd edildi. Bu məqsədlə çoxsaylı elmi konfranslar, tarixi mövzuda tədbirlər keçirildi. 28 yanvar 2018-ci ildə dövlət başçısı tərəfindən “Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” tarixi bir sərəncam imzalandıqdan sonra nəinki ölkəmizdə, habelə dünyanın bir sıra dövlətlərində soyqırımı həqiqətlərinin təbliği baxımından mühüm işlər görüldü.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Ordu quruculuğu – səmərəli islahatlar, uğurlu nəticələr

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı.
Ulu Öndər 1993-cü il noyabrın 2-də radio və televiziya ilə çıxış edərək, ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına tarixi müraciət etdi. Azərbaycan oğullarını ordu sıralarına, yurdumuzun müdafiəsinə səslədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsinə yalnız Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cəbhə bölgələrinə səfərlərindən, zabit və əsgərlərlə görüşündən sonra son qoyuldu. Onun cəbhə xəttinə gəlişi, çıxışları, dəyərli və qiymətli sözləri hərbçilərin qələbə əzmini daha da artırdı, döyüş ruhunu yüksəltdi. Yenicə formalaşan Azərbaycan Ordusunun bölmələri bir sıra bölgələrdə uğurlu əməliyyatlar həyata keçirərək düşməni geri sıxışdırdılar. Müharibədə ciddi dönüş yarandı. Doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımız öz ev-eşiyinə qayıtdı.
Müasir Azərbaycan dövlətinin formalaşması və inkişafı xalqımızın ümummilli lideri, görkəmli sərkərdə  Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verdi. Təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etdi. Başqa istiqamətlərdə olduğu kimi, hərbi təhsil sahəsində də uğurlu islahatlar həyata keçirildi. Atılan inamlı addımlar, göstərilən səylər hədər getmədi. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən dövlətimizin etibarlı qoruyucusu, müdafiəçisi olan Azərbaycan Ordusunun qurucusu və yaradıcısı olması faktını dönə-dönə vurğulamalıyıq. Dahi şəxsiyyətin Ali Baş Komandanlığı dövründə ordumuz hərb elminin prinsipləri əsasında  yaradıldı, dövlət səviyyəsində hərtərəfli qayğı və yardımla əhatə olundu, müasir dünya ölkələrinin təcrübəsi əsasında formalaşma yolu keçməyə başladı. Ulu Öndər həmişə çıxışlarında fərəhlə deyirdi: “…İndi bizim hərtərəfli təlim görmüş, yüksək döyüş hazırlığına malik güclü ordumuz var”. Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, sıralarında Azərbaycan oğullarının xidmət etdiyi ordu, məhz ümummilli liderimiz Heydər Əliyev kimi böyük bir sərkərdənin əsəridir. Ulu Öndərin arzularının və məqsədlərinin məhsuludur.
Ümummilli lider dəfələrlə irimiqyaslı təlimlərdə iştirak edərək ordumuzun hər bir zabitinin, əsgərinin döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyev deyirdi: “Bizim ordumuz, Silahlı Qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an, hər saat hazır və layiqli cavab verməyə qadir olmalıdır”. Məhz onun atalıq qayğısından ruhlanan hərbi hissə komandirləri şəxsi heyətin döyüş ruhunu daha da yüksəltmək üçün səylə çalışırdılar. Təlim və məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə etməyə can atırdılar. Vətənin keşiyində ayıq-sayıq dayanan və düşməni məğlub etməyə qadir olan əsgərlər hazırlayırdılar.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Şəhid ailələri və qazilərə qayğı dövlət siyasətinin əsas prioritetidir

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyə qədər sosial dəstək paketi çərçivəsində 6000-dən artıq şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir

Tarix boyu Azərbaycan xalqının başına elə faciələr gətirilib ki, onlar haqqında nə gənc nəslin, nə də dünya ictimaiyyətinin lazımi səviyyədə məlumatı var. Uzaq və yaxın keçmişdə cərəyan edən hadisələri yazmaq, təfsilatı ilə gələcək nəslə çatdırmaq ən vacib məsələlərdəndir. Belə tarixi faciələrdən biri də 1918-ci ilin mart ayınada erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən etniq təmizləmə məqsədilə həyata keçirilən soyqırımdır. Mənfur ermənilər bu soyqırımı törətməklə bəşər tarixində ən qanlı səhifələrdən birini yazıblar. 31 mart soyqırımı əsl hüquqi-siyasi qiymətini yalnız Azərbaycan dövləti müstəqilliyə qovuşduqdan sonra 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində erməni təcavüzkarlarının terror hərəkətlərinə hüquqi-siyasi qiymət verilib. Belə ki, Ulu Öndərimizin imzaladığı müvafiq Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından çox böyük əhəmiyyətə malikdir.
Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsdiq edilib.

Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal

 

200 ildən çox davam edən erməni düşmənçilik siyasəti

Çar Rusiyanın XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarını işğalı ilə burada erməni dövlətinin yaradılması ideyası yeni mərhələyə keçdi. Bu şəraitdə ermənilərin və çar Rusiyasının mövqelərində yeni nüanslar da yarandı. Çar Rusiyanın yerli hakim dairələri İrəvan xanlığının işğalından sonra onu vilayətə çevirdi, burada müvəqqəti idarə yaradıldı. Beləliklə, ilkin vəziyyətə görə çar Rusiyasına müqavimət göstərən və ləğv olunan digər Azərbaycan xanlıqları kimi İrəvan xanlığında da vilayət quruluşunun təmin edilməsi nəzərdə tutulurdu. Çar I Nikolay Türkmənçay müqaviləsindən qısa bir müddət sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqları əsasında mərkəzi İrəvan olan Erməni vilayəti yaratdı və onu çar tituluna daxil etdi.
Bununla eyni zamanda, vilayətin erməniləşdirilməsi istiqamətində də işlər genişləndirildi. Ermənilərin kütləvi şəkildə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Türkmənçay müqaviləsi ilə sürətləndi.
1920-ci ildə bolşeviklərin xeyir-duası ilə tarixi Azərbaycan torpaqlarında zaman-zaman gəlmə ermənilər üçün respublika, 1923-cü ildə isə ölkəmizin mərkəzi vilayəti Qarabağda muxtar vilayət yaradılmasının xalqımızın tarixi taleyinə qəsd idi.
1980-ci illərin sonlarında SSRİ-nin dağılması və müstəqillik uğrunda mübarizənin genişləndiyi taleyüklü bir dövrdə Ermənistanın azərbaycanlılara qarşı deportasiyası, soyqırımı və ərazi iddialarını yenidən gündəmə gətirməsi, ölkədaxili separatist qüvvələrə dəstək verməklə, əslində, onun dövlətçiliyini məhv etmək istəyi Azərbaycanın siyasi rəhbərliyində tarixi təcrübədən irəli gələn ciddi addımlar atılmasına səbəb oldu. Bu, sadəcə Azərbaycanın keçmişi ilə deyil, onun bu günü və gələcəyi ilə bağlı olan bir məsələ idi.
Ermənistan isə özgə torpağında dövlət yaratmağın mümkünlüyündən şirnikərək ötən 33 ildə Dağlıq Qarabağı özünə birləşdirmək üçün beynəlxalq hüquqa meydan oxuyan açıq işğalçılıq siyasətinə bel bağladı.
Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycanın apardığı əks-hücum əməliyyatı ilə bağlı dünya birliyinin mövqeyi isə bir daha göstərir ki, tarixin indiki dönəmində işğal yolu ilə ərazilər qazanmaq mümkün deyil.

Abuzər Xəlilov-Aşağı Seyidlər kənd sakini, ağsaqqal

Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülmüşdü.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan etdilər. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-üuşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.
Bununla əlaqədar Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir.

Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal

 

Azərbaycan Ordusu hərb tarixində yeni döyüş taktikalarının müəllifidir

Mənfur düşmən 30 ildir torpaqlarmızı işğal altında saxlayırdı. Bu müddət ərzində məsələni sülh yolu ilə həll etmək üçün nəticəsiz danışıqlar aparılıb. İndiyədək ermənilər bizi yaranmış status-kvo ilə razılaşmağa məcbur etmək istəyib.
Ermənilər bütün görüşlərdə birmənalı olaraq deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Onların bu mövqeyini həmsədr dövlətlər və beynəlxalq təşkilatlar da təkrar edirdilər. Prezidentimiz cənab İlham Əliyev həmin qurumlara xəbərdarlıq edərək demişdir ki, danışıqlar nəticə verməsə, münaqişənin alternativ yolla həlli də mümkündür. Ermənilər və onların havadarları belə hesab edirdilər ki, məsələnin uzanması sayəsində bu torpaqlardan didərgin düşən insanlar yeni şəraitə uyğunlaşacaq, geriyə köç edib dədə-baba torpaqlarına qayıtmaq istəməyəcəklər. Digər tərəfdən, düşünürdülər ki, Azərbaycanda böyüyən yeni nəsil həyatlarını rahat davam etdirmək üçün işğal olunmuş torpaqlar uğrunda savaşmayacaqlar.
Bu gün Azərbaycan gəncliyinin cəbhəyə könüllü yollanaraq düşmənlə savaşması bir daha onu göstərdi ki, heç kəs işğal olunmuş torpaqları unutmayıb, lazım gələndə onun yolunda ölməyə də hazırdır.
İndi Azərbaycan Ordusunun cəbhədə göstərdiyi döyüş taktikası və bacarığı dünyanı heyrətləndirib. Hamı çaşqın qalıb ki, bu ordu necə yetişdirildi, heç xəbərimiz olmadı. Ordudakı ciddi nizam-intizamın da, döyüş hazırlığının səviyyəsinin də düşməndən üstün olmasından xəbərdar idilər. Amma sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı göstərdi ki, onlar ordumuzun nəyə qadir olduğunu tam anlaya bilməyiblər. Azərbaycan Ordusu həmin gündən indiyə kimi XXI əsrdə dünya hərb tarixinə yeni səhifələr yazıb.

Rafiq Məmmədov-Zərdab şəhər sakini, ağsaqqal

 

Ermənistanın işğalına son qoyuldu

30 ilə yaxın davam edən, Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq təxribatlarını, əsassız iddialarını, sərsəm bəyanatlarını davam etdirməklə himayədarlarından aldığı maddi və mənəvi dəstəyə arxalanaraq işğalçılıq siyasətlərini davam etdirmək niyyətlərindən əl çəkmək istəmədilər. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün bütün vasitələrdən istifadə etdi və bu illər ərzində dünyadan bu münaqişənin həllinə ədalətli yanaşma gözlədi. Təəssüflər olsun ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmədi, beynəlxalq müstəvidə qəbul edilmiş qərarlara məhəl qoymadı. Azərbaycan isə 30 ilə yaxın bu qətnamələrin icrasını gözlədi.
2020-ci il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Belə ki, 2020-ci ilin iyul və avqust aylarında yenidən Ermənistan hərbi təxribatlara əl atdı, sentyabrın 27-də isə artıq Azərbaycan xalqının səbir kasası daşdı. Xalq öz Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurmağa başladı. Prezident-Xalq-Ordu birləşməsi 30 illik işğala 44 günlük Vətən müharibəsinin başlanması ilə son qoydu.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan hökuməti sülhə məcbur edildi və 2020-ci il noyabrın 10 da kapitulyasiya aktını imzaladı. Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan işğalçılardan təmizləndi. Beləliklə ölkə başçısının dediyi kimi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatdı, münaqişə tarixə qovuşdu. Diplomatiya sahəsində uğur qazanan Azərbaycanın güclü, qüdrətli ordusu qələbə çaldı və tarixi torpaqlarımızı öz əzəli sahiblərinə qaytardı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Ölkənin hərbi qüdrətini artırmış uğurlu ordu
quruculuğu

Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.
Prezident  İlham Əliyev hərbi quruculuq sahəsində islahatlar aparmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və onlar ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir.
Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz .
Biz otuz il ərzində əzəli torpaqlarımızın həsrətilə yaşadıq. Bütövlükdə, torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi ordumuzun gücünün və ümumən Silahlı Qüvvələrimizdə aparılan quruculuğun və modernləşmənin nəticələrinin döyüş meydanındakı praktik təsdiqi oldu. Azərbaycan göstərdi ki, ən müasir vasitələrlə döyüş aparmaq imkanları olan bir orduya malikdir. Azərbaycan Ordusunun Qarabağda apardığı döyüşlərin müasir hərb tarixinə yazılacağı dəqiqdir.
Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Vətən müharibəsindən bir il ötməsinə baxmayaraq, dünyanın inkişaf etmiş ölkələrinin hərbi ekspertləri hələ də Azərbaycan Ordusunun müasir döyüş taktikasından, Şuşa əməliyyatlarından danışırlar.
Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi silahlı qüvvələrimizin hazırda dünyanın güclü ordularından biri olduğunu bir daha təsdiqlədi. Bəli, bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi Lider Prezidenti, Ali Baş Komandanı var. Həmçinin, əlində silah gecə-gündüz Vətənə keşik çəkən igid əsgər və zabitləri vardır və Azərbaycan torpaqlarına göz dikməyi düşünən hər kəs hər zaman qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü görəcəkdir!

Bəhruz Mustafayev-Vətən müharibəsi iştirakçısı

 

Ermənistan hakimiyyəti hərbi cinayətkardır

44 günlük Vətən müharibəsi ərzində Azərbaycan ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etməyib, həm də ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. İmzalanan kapitulyasiya aktı bu məğlubiyyətin sübutudur. Bu sənət həm də onu sübut edir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb.
Rəsmi İrəvan hərbi cinayətkardır. Təcavüzkar erməni millətçilərinin və sərsəm “Böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə 2 milyarddan artıq azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçılarının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyasət yüzlərlə kənd və qəsəbənin dağıdılması, on minlərlə günahsız insanın öz evindən, elindən didərgin salınması ilə nəticələnmişdir. Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur.
Qətiyyətli, dönməz rəhbər, Ali Baş Komandan İlham Əliyevin barışmaz mövqeyi, Şanlı Ordumuzun rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsi böyük qələbəmizlə yekunlaşdı. Tarixi ədalət bərpa edildi. Torpaqlarımız düşmən tapdağından azad olundu. Xalqımız, millətimiz bu zəfərin sevincini, qürurunu yaşayır və bütün dünyaya öz mübarizliyini, milli birliyini bir daha nümayiş etdirir.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

Leave A Reply

Your email address will not be published.

Tərcümə »