Azərbaycan Prezidenti İlham Əliyev “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ötən gün Fərman imzalayıb. Fərmana görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilir ki, Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlər Kabinetinə Agentliyin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində, eləcə də Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim edilməsi tapşırılıb.
Yeni yaradılan Agentlikdən gözləntiləri barədə Medainews.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu dəyişikliyə sevinmək istədiyini dilə gətirib.
Qeyd edib ki, illər boyu bu qurumun fəaliyyəti başqa adlar altında olub: “Ən yaxşı hallarda Antiinhisar və İstehlakçıların Hüquqlarnın Müdafiəsi Dövlət Xidməti adlanıb. İldən-ilə istehlakçı hüquqları məsələsi çıxarılıb, gəlib indiki vəziyyətə çatıb. Əlbəttə biz bununla qətiyyən razı deyildik. Baxmayaraq ki, onların əsasnaməsində istehlakçı hüquqları ilə bağlı müvafiq qeydlər var idi. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti təbii ki, qətiyyən qənaətbəxş deyildi. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri və yaxud istehlakçıların bir başa adı çəkilən quruma şikayətinin həlli alqoritmi aşağıdakı təxminən bu cür idi. Şikayətlər Azad İstehlakçılar Birliyinə edilirdi. Məlumdur ki, biz gələn şikayətlərin 70 faizini telefon danışıqları, mediasiya üsulu ilə həll edirik, tərəfləri baraşdırırıq. Lakin həll edə bilmədiyimiz şikayətləri rəsmi məktubla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərirdik. Bizim məktub və ya istehlakçının şikayəti oraya gedib çatdıqdan sonra adıçəkilən qurum istehlakçı hüquqnu pozan tərəfə də məktub yazırdı ki, sizdən belə bir şikayət var. Qarşı tərəf də həmin dövlət qurumuna cavab məktubu yazırdı. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də qarşı tərəfdən gələn cavabı kopyalayıb firminni blankda bir nüsxəsini Azad İstehlakçılar Birliyinə, digər nüsxəsini də hüquqlarının pozulduğunu iddia edən istehlakçıya göndərirdi. Üstəlik, tövsiyə edirdi ki, gedin məhkəməyə müraciət edin, probleminizi orada həll edin. Bu da olurdu onların “fəaliyyəti”.
E.Hüseynov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin indiyə qədər olan fəaliyyətindən razı qalmadıqlarını söyləyib. Vurğulayıb ki, bu formada işləyən, dövlətdən əmək haqqı alan insan qrupu istefa verməlidir: “Bu şəkildə istehlakçı hüquqlarını qorumaq qətiyyən yolverilməzdir. Baxmayaraq ki, onlara məxsus laboratoriyalar və sair var, heç olmasa bir dəfə də ekspertiza, yoxlama apardıqlarını görməmişik. Çox nadir hallarda istehlakçı hüquqlarını qorumaq üçün müsbət nəticələr əldə olunub. Misal üçün, “Sədərək” bazarı saxta məsullarla doludur. Nəyə görə sözügedən qurum gedib orada müəyyən iş görmür? Burada vergidən yayınma baş alıb gedir. Mənə dünən istehlakçılar saxta avtomobil hissələri gətirib göstəriblər. Bu cür avtomobil ehtiyat hissələri insanları zərərə salmaqla yanaşı, qəza hadisələrinin də sayını artırır. İnsanların həyatı təhlükəyə atılır. Mən hazırlaşıram ki, bu problemləri yeni yaradılan qurum qarşısında qaldırım. Saxta məhsullardan qorunmaq, istehlakçıların hüquqlarını qorumaq üçün birlikdə neqativ hallara qarşı mübarizə aparmalıyıq. Çox istəyərdim ki, gələcəkdə həmin qurumun adında da dəyişiklik olsun. İstehlakçı Hüququnun Müdafiəsi sözü daxil edilsin. 27 ildir mən istehlakçı hüquqlarını qoruyuram. İndiyə qədər hər hansı bir məsuliyyətli dövlət qurumunun rəhbərinin dilində istehlakçıları aldatmaq olmaz sözü çıxmayıb. Əgər belə bir nümunə varsa, onu mənə göstərən şəxsə hədiyyə verərəm”.
AİB sədri qeyd edib ki, indiyə qədər istehlakçı hüquqları ölkədə arxa planda qalıb: “Dəfələrlə adıçəkilən qurum rəhbərinə bildirmişəm ki, 1995-ci ildə qəbul olunan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun yenilənməlidir. Mən gözləyirəm ki, dəyişiklikdən sonra adıçəkilən qurum böyük səlahiyyətlərə malik olacaqdır. Əminəm ki, onlar ictimaiyyətlə daimi əlaqədə olacaq, jurnalistlərlə mütəmadi olaraq çalışacaq, medianı gündəlik informasiyalarla təmin edəcək, şəffaf və ictimai təşkilatlarla əlbir işləyəcək, ictimai maraqlara həssas yanaşacaq, problemləri həll edəcəklər”.
E.Hüseynov yeni qəbul olunmuş “Rəqabət Məcəlləsi” ilə də AİB-in razılaşmadığını diqqətə çatdırıb: “Bu Məcəllədə inhisarçı sözünün mənası aydın deyil. Guya inhisara qaşı mübarizə aparan Məcəllə olacaq. O anlayışın özü də verilməyib. İstehlakçı hüquqları çox-çox arxada qalıb, demək olar ki, yox dərəcəsindədir. Düşünürəm ki, yeni yaradılan və prezidentə tabe olan bu qurum bazarın əsası olan, dövləti də, ordunu da saxlayan istehlakçı hüquqlarına diqqətlə yanaşacaq. Təsadüfü deyil ki, Azərbycan Respubilkasının Konstitusiyasının birinci maddəsində qeyd olunur ki, Azərbaycan hakimiyyətinin mənbəyi xalqdır. Xalqın hamısı istehlakçıdır. Yəni, demokratik ölkənin biznes qurumunda bu ideya irəli gəlir ki, istehlakçı hər zaman haqlıdır. Çox təəssüf ki, bu məsələ Azərbaycanda yaxşı vəziyyətdə deyil”.